Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:16

Sovet zabitlərinin əfqan döyüşçülərlə raket al-veri


Əfqanıstandan çıxan Qırmızı Ordu hissələri, 21 may 1988.
Əfqanıstandan çıxan Qırmızı Ordu hissələri, 21 may 1988.
Fevralın 15-i tarixə Sovet Ordusunun Əfqanıstandan başıaşağı çıxmasının ildönümü günü kimi qalıb. Sövet ordusu ora niyə girmişdi, niyə çıxdı, Qızıl ordunu bu biabırçı məğlubiyyətə nələr apardı? Bunların hamısı haqqında indiyə qədər çox danışılıb. Amma bu gün AzadliqRadiosunun efirində həmin müharibənin şahidlərindən olmuş jurnalist Azər Əhmədovun xatirələri yəqin ki, hamıya birinci olacaq.

Əfqanıstan müharibəsinə jurnalist kimi getmiş Azər Əhmədovun AzadliqRadiosunun “İşdən sonra” proqramında danışdığı iki xatirə.

BİRİNCİ XATİRƏ
Sovet əsgərləri pyadaların döyüş maşını qarşısında, Əfqanıstan müharibəsi haqqında bir sənədli filmdən kadr

- O vaxt ABŞ-ın “stinger” raketləri yeni çıxmışdı. Əfqanlar sovet hərbi təyyarələrini bu raketlərlə çox rahat vura bilirdilər. Qiyməti çox baha, səhv etmirəmsə, bir milyon rubla yaxın idi.

O vaxt Sovet komandanlığı göstəriş vermişdi ki, hər “stinger” vuran sovet əsgərinə raketin qiymətinin beşdə-biri qədər, yəni təxminən 200 min rubl mükafat veriləcək.
Yadımdadır ki, ki, Əfqanıstanda müharibə qalmışdı bir qıraqda qızğın “stinger” al-veri gedirdi.

Sovet zabitləri əfqan döyüşçülərin rəhbərlərinə yol tapıb onlarla sövdələşirdilər.

Əfqanlardan həmin raketləri alır, onu hardasa partladır, qalıqlarını da komandirlərinə göstərib sovet ordusunun mükafatını alırdılar. Komandanlıqdan alınan mükafatdan da həm sovet zabitlərinə, həm də əfqan döyüşçülərin rəhbərlərinə pay düşürdü.

İKİNCİ XATİRƏ

- O zaman mərkəzi televiziyanın “Vremya” proqramının Əfqanıstan üzrə bir xüsusi müxbiri var idi, Əfqanıstandan odlu-alovlu reportajlar verirdi. Bu reportajlardan birinin necə hazırlanmasının mən də şahidi oldum.

Kabulun girəcəyində Baqram adlı bir şəhərçik vardı. Müxbir həmin şəhərçikdə qapalı yerdə oturub istirahət edirdi. “Vremya”da göstərilən reportajların hazırlanması üçün orada onun balaca bir koması vardı. Həmin komaya 10-15 əfqan milisi gətirdilər. Onlara “duşman” dedikləri əfqan döyüşçülərin paltarını geyindirdilər.
Sovet tankları Heratdan Kuşkaya gedərkən, 11 avqust 1988

İçəridə də bir elektrik çaydanını işə saldılar. Az sonra çaydanda qaynayan suyun buxarı otağı bürüdü və bu buxarın fonunda müxbir tövşüyə-tövşüyə kamera qarşısına çıxdı:
- indicə burada qanlı döyüş oldu. Bu toz-duman da ondan əmələ gəlib. Həmişə olduğu kimi sovet qoşunları çoxlu duşman öldürdülər, 10 nəfəri də əsir aldılar.

Bir az əvvəl Əfqanıstan milisinin paltarı dəyişmiş əməkdaşlarını çəkib ortalığa gətirdilər. Milis əməkdaşları da guya əsir götürülmüş əfqan döyüşçülər kimi rola girib, özlərini bu cür aparırıdılar. Bu da oldu “Vremya” proqramının Əfqanıstanda sovet əsgərlərinin şücaəti haqqında reportajı.

Bunlar bir sovet jurnalistinin Əfqanıstan müharibəsi haqqında o zaman gizli saxladığı xatirələridir. Əlbəttə, döyüşən əsgərin, həlak olan əsgər ailələrinin tam başqa xatirələri var.

BİR DƏ QISA STATİSTİKA
Bu müharibəni tarixdə yaşadan bir də statistika var.

Bəbrək Karmalın yaratdığı “Aprel inqilabı”nın müdafiəsi üçün 1979-cu ilin dekabrında Əfqanıstana soxulmuş Sovet ordusu bu cür yalan burulğanlarına bükülmüş müəmmalı 10 illik müharibədən sonra – 1989-cu il fevralın 15-də geri çəkildi.
Paytaxt Kabul yaxınlığında məhv edilmiş sovet tanklarından birnin qalıqları hələ də qalır, 28 mart 2006

Əfqanıstana soxulan 620 min nəfərlik Sovet ordusu 14 500 nəfərə yaxın əsgərini, çox sayda hərbi texnikasını itiridi.

Azərbaycanda Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin məlumatına görə o illərdə Azərbaycandan da 7500 nəfər Əfqanıstana göndərilmişdi. Onlardan 208 nəfəri həlak olub, 417 nəfər əlil olub, 7 nəfər də itkin düşüb.

AzadliqRadiosunun "İşdən sonra" proqramında efirə getmiş bu SÖHBƏTİ DİNLƏYİN.
XS
SM
MD
LG