Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:49

İçməli «Xəzər»?...


«Dəniz çox çirklidir, onu içməli su vəziyyətinə gətirmək inandırıcı deyil»
«Dəniz çox çirklidir, onu içməli su vəziyyətinə gətirmək inandırıcı deyil»
«Xəzər dənizinin problemləri çoxdur, yadıma gəlir, biz uşaq olanda dəniz o qədər təmiz idi ki, balıqları lap sahildə görürdük»....

Bakının Türkan kəndində dəniz sahilində yaşayan Suğra Əliyeva deyir ki, son illər Xəzər o qədər çirklənib ki, balıqlar nəinki sahildən, dənizin ortasından da yoxa çıxıb.

Suğra Əliyevanın yaşadığı kənddə su qıtlığı da var. İçməli suyun bir maşınına iki həftədən bir 15-20 manat verirlər ki, bu da ailənin büdcəsinə xeyli zərər vurur.

Prezident İlham Əliyev ekologiyaya həsr olunan dünənki müşavirədə Xəzərin suyunun şirinləşdirilməsindən də danışıb. Deyib ki, Xəzər dənizinin suyunun şirinləşdirilməsi, bu sudan suvarma və içməli su kimi istifadə edilməsi sınaqdan keçirilməlidir.

BU, ÇOX BAHALI LAYİHƏDİR…

Ekoloqlar deyir ki, Xəzər dənizi kimi çirklənmiş dənizin suyunun təmizləməsi çox bahalı layihə olsa da, mümkündür. Ekoloq İrşad Abdullayevin fikrincə, şor sulu Xəzər dənizindən əvvəl şirin sulu yataqları bu layihəyə cəlb etmək olar:

«Xəzər dənizinin təmizlənməsi nəinki Azərbaycanın, dünyanın ekoloji problemlərindən biridir. Dünyada yaranmış şirin su qıtlığın fonunda bu məsələ normaldır. Ancaq əvvəlcə ölkədəki şirin su mənbələrinin təmizlənməsindən, bu suların istifadəsindən danışılmalıdır. Bura Kür çayı, onu qolları yeraltı su ehtiyatları aiddir».

Ekoloq deyir ki, Xəzər dənizinin təmizlənməsi və şirinləşdirilməsi yeni nəsil texnologiyaları köməyi ilə mümkündür. Amma həmin texnologiyalar çox bahalıdır.

Su maşını, Qala, 26 mart 2009
Bakı sakinlərindən isə Xəzər dənizinin suyunun içməli vəziyyətə gətiriləcəyinə inananlar da var, inanmayanlar da:

PREZİDENT TƏKLİF EDIBSƏ , VƏSAİT TAPILAR…

- Dəniz çox çirklidir, onu içməli su vəziyyətinə gətirmək inandırıcı deyil.
- Ola bilər təmizlənsin.
- Prezident təklif edibsə olar, vəsait tapılar.
- Təəccüblüdür, məncə, belə bir şey mümkün deyil. Ona o qədər qatqılar qatılacaq ki, insan orqanizminə ziyan olar
- Çox xərc tələb edən bir işdir.
- İnandırıcı deyil. Suvarmada istifadə etsinlər, qalsın içməyə…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdir Mütəllim Əbdülhəsənov isə deyir ki, bu texnologiya bahalı olsa da, həyata keçirilməsi mümkündür. Artıq işlərə də başlanıb:

«Azərbaycanda Xəzər sahillərindəki yaşayış məntəqələrində su məhdud olan yerlərdə suyu duzsuzlaşdırıb əhalinin istifadəsinə vermək, ya da suvarmada istifadə etmək mümkündür. Bu, adi dəniz suyunun duzsuzlaşdırılması sistemləriylə həyata keçirilir. Ən mütərəqqi təmizləyici qurğulardan istifadə olunur. Bunun Azərbaycanda tətbiq olunması ilə bağlı İsrail, Almaniya və Fransa şirkətləriylə danışıqlar aparılır».

Mütəxəssislər hazırda Azərbaycanın su ehtiyatlarını çox məhdud olduğunu deyirlər. Ona görə də Xəzər dənizinin suyunun şirinləşdirilməsi alternativ su mənbəyi yaradacağı ümidlərini artırır.

Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, cəmi 10 faizi Azərbaycandadır.

BURADA MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG