Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:12

Polad ürəkli adamın ölümü…


Rza Nuriyevin dəfni

- Həbsdən çıxdıqdan sonra ürəyində təngimə vardı. Ayaqlarına kötəklərlə o qədər vurmuşdular ki, ayaqları şişmişdi. Bir də qarnında ağrılar vardı. Deyirdi ki, bu ağrı ciyərimə vurur. Nə qədər dedim həkimə getmədi. Dedi ki, tapşırarlar həkimə, mənə iynə vurub öldürər…

Fevralın 24-də doğulduğu Bənənyar kəndində torpağa tapşırılan AXCP Culfa rayon təşkilatının sədri Rza Nuriyevin həyat yoldaşı Südabə Fərzəliyeva belə deyir.

Rza Nuriyev yanvarın 5-də Naxçıvan Muxtar Respublikasındakı Daxili Qoşunların Bənənyar kəndində keçirdiyi əməliyyatlar zamanı həbs edilmişdi. Bundan əvvəl isə Bənənyarda Aşura mərasimi zamanı polislə kənd sakinləri arasında gərginlik yaranmışdı. Onlarla kənd sakini həbs edilmişdi. Kənd sakinlərindən valideynləri həbs edilən Yunis Əliyev isə polis zorakılığına etiraz olaraq özünü yandırmışdı.

Naxçıvanın hüquq-mühafizə orqanları isə Rza Nuriyevi həm polisə qarşı iğtişaşlara rəhbərlikdə, həm də Yunis Əliyevi özünü yandırmağa təhrik etməkdə günahlandırırdı. Yanvarın 22-də isə bütün həbs edilənlər kimi Rza Nuriyev də azadlığa buraxılmışdı.

POLAD ÜRƏK…

Südabə Fərzəliyevanın sözlərinə görə, bütün etirazlarına baxmayaraq, fevralın 23-də Rza Nuriyevi həkimə aparıblar. Həkim isə artıq gec olduğunu bildirib. Südabə Fərzəliyeva deyir ki, həyat yoldaşında həm şəkərli diabet yaranmışdı, həm də təzyiqi tez-tez artırdı:

- Demə bu hadisələrdən sonra onda «şəkər» yaranıbmış, biz də bilməmişik. Onda heç vaxt «şəkər» olmayıb. Ürəyi də polad kimi idi. Bəlkə də poladdan da möhkəm idi…

HAKİM ÜSUL-İDARƏNİN QURBANI?…

Bənənyar kəndindən aldığımız məlumata görə, Rza Nuriyev Azərbaycan bayrağına bürünərək dəfn edilib. Dəfn zamanı bir sıra çıxışlar da səsləndirilib.

Elə məzar başındaca Rza Nuriyevin İrandakı azərbaycanlıların hüquqları ilə bağlı yazdığı şeirlərdən biri oxunub.

AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyev isə deyib ki, Rza Nuriyev hakim üsul-idarənin qurbanıdır. Onlar ölümün səbəblərinin araşdırılması və təqsirkarların cəzalandırılması üçün məhkəməyə müraciət etmək fikrindədirlər.

Asəf Quliyevin sözlərinə görə, Rza Nuriyev həbsdən çıxdıqdan sonra təcridxanada işgəncələrə məruz qaldığını ona dəfələrlə etiraf edib. Hətta deməsinə görə, onu soyundurub 2 gün qarın üstündə saxlayıblar:

- Çıxanda ayaqları şişmişdi, bədənində yaralar vardı. Biz bu məsələni güzəştə gedəsi deyilik.


AXCP sədri Əli Kərimli də hesab edir ki, Rza Nuriyev demokratiya uğrunda verilən növbəti qurbandır. Ancaq bununla belə, o, ölümün səbəblərinin obyektiv şəkildə araşdırılacağına bir elə də inanmır. Əli Kərimlinin sözlərinə görə, Azərbaycanda nə müstəqil tibbi ekspertiza, nə də müstəqil məhkəmə var:

- 5 ildir Elmar Hüseynov qətlə yetirilib. O vaxt pafoslu açıqlamalar verildi, cəmiyyətə, Elmarın ailəsinə dedilər ki, müqəssirlər tezliklə tapılacaq. Ancaq onda da biz dedik ki, nə qədər ki, rejim dəyişməyib, bu olmayacaq.

NAXÇIVANIN HÜQUQ-MÜHAFİZƏ ORQANLARI SUSUR…

Naxçıvan Daxili İşlər Nazirliyi isə Rza Nuriyevin ölümü ilə bağlı heç bir açıqlama verməyib. Ancaq bu məsələdə tək Naxçıvanın hüquq-mühafizə orqanları yox, elə Ombudsman Aparatı da susmağa üstünlük verir. Dəfələrlə Naxçıvanın Ombudsman Aparatına zəng vursaq da, onlar elə ilk sualımızı eşidən kimi dəstəyi asdılar.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Rza Nuriyevin təcridxanada işgəncələrə məruz qalması barədə iddiaları rədd edir. Mətbuat xidmətindən Ehsan Zahidov deyir ki, nə Bakıdakı, nə də Naxçıvandakı təcridxanalarda işgəncə hallarına yol verilir:

- Şübhəsiz ki, bu kimlərinsə uydurduğu və fikirləşib dövriyyəyə buraxdığı bir məsələdir. Əksinə DİN rəhbərliyi çalışır ki, belə hallar baş verməsin. Bu, DİN orqanlarına yad bir məsələdir.

RESURS MƏRKƏZİ BƏNƏNYAR HADİSƏLƏRİNİN ARAŞDIRILMASINI İSTƏYİR

Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzi isə Rza Nuriyevin ölümü ilə bağlı bəyanat yayıb. Bəyanatda Rza Nuriyevin ölümündə tək işgəncə halları yox, onun düşdüyü mənəvi-psixoloji vəziyyətin də əsas rol oynadığı təxmin edilir. Orda qeyd edilir ki, Rza Nuriyev həmişə aktiv, problemləri qaldıran bir şəxs olub. Ancaq azadlığa çıxdıqdan sonra özünün və ailə üzvlərinin təhlükəsizliyi üçün susmağa üstünlük vermişdi. Bu da onun mənəvi sarsıntılarına səbəb olmuşdu.

Bəyanatda həmçinin hesab edilir ki, Rza Nuriyev artıq dəfin olunduğundan ölümün səbəblərinin araşdırılması müşkülə çevrilir. Halbuki, bütün beynəlxalq təşkilatların iştirakı ilə həm bu ölümün, həm də Bənənyar hadisələrinin araşdırılmasına ehtiyac var.
XS
SM
MD
LG