Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:19

«Səs çoxluğu ilə Elmira Süleymanova ombudsman təyin edilir…»


Elmira Süleymanova
Elmira Süleymanova
Martın 5-də Milli Məclis Azərbaycanın növbəti ombudsmanını seçdi. Bu elə hazırkı ombudsman Elmira Süleymanova oldu. Prezident İlham Əliyev ölkə ombudsmanının seçilməsi üçün parlamentə 3 nəfərdən ibarət namizədlərin siyahısını təqdim edilmişdi. Hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov.

Müzakirələr zamanı çıxış edən deputatların əksəriyyəti hazırkı ombudsmanın fəaliyyətini yüksək qiymətləndirdiklərini dedilər və onun yenidən seçilməsini dəstəklədilər. Amma müxalifətdən olan millət vəkili Pənah Hüseyn deputatların qarşısındakı monitorlarda 3 namizəd arasından əvvəlcədən Elmira Süleymanovanın insan haqları üzrə müvəkkil seçilməsi ilə bağlı mətnin olmasına etirazını bildirdi:

BU NƏ BİABIRÇILIQDIR?

«Bizim qarşımızdakı bu monitorlarda MM-in qərar layihəsi var. Müzakirədən əvvəl yazılıb monitora qoyulub ki, Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili vəzifəsinə təqdim etdiyi Elmira Süleymanov, Faiq Qurbanov və Teymur Məlikaslanov arasından Elmira Teymur qızı Süleymanova Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili seçilsin.
Pənah Hüseyn
Bu nə biabırçılıqdır bəs, bu, nə komediyadır? Bu nə müzakirədir, əvvəlcədən layihə qoyulub bura. Bu özü insan haqlarına və müvəkkillərə olan münasibətin nəticəsidir».

Parlamentin spikeri Oqtay Əsədov isə Pənah Hüseynin iradı ilə razılaşmadı, bildirdi ki, deputatların monitorlarında parlamentin deyil, İnsan haqları komitəsinin qərarı verilib:

KOMİTƏ İLƏ MİLLİ MƏCLİSİ QARIŞIQ SALMA

«Komitə ilə Milli Məclisi qarışıq salma. Bu Milli Məclisin yox, komitənin qərarıdır. Ona görə də əlində bayraq eləyib danışma».

Müzakirələrdən sonra hazırkı ombudsman Elmira Süleymanova ikinci müddətə Azərbaycanın insan haqları üzrə müvəkkili vəzifəsinə təsdiqləndi. O bu vəzifəni növbəti 7 il ərzində icra edəcək. Müzakirələr zamanı millət vəkillərinə Elmira Süleymanovanın seçilməsi tövsiyəsinin verilməsinə gəlincə, ekspert Ələsgər Məmmədli burda hüquq pozuntusunun olmadığını deyir. Onun dediyinə görə, istənilən qanun layihəsinin qəbulu zamanı bu sahədə ixtisaslaşmış müvafiq komitənin tövsiyə verməsi normaldır.
Ələsgər Məmmədli
O ki qaldı Elmira Süleymanovanın ikinci müddətə ombudsman seçilməsinə və onun bu vaxtadək olan fəaliyyətinə, ekspert bunları dedi:

ELMİRA SÜLEYMANOVANIN SEÇİLƏCƏYİ GÖZLƏNİLƏN İDİ

«Elmira Süleymanovanın seçiləcəyi hələ qanunvericilik dəyişəndə gözlənilirdi. Dünyanın hər yerində ombudsmanı bir dəfə seçirlər ki, ona təzyiq imkanları olmasın. Mən şəxsən Azərbaycanda ombudsman institutundan ciddi heç nə gözləmirəm, çünki obmudsman heç bir hesabatında kəskin fikir deməyib. Onun fəaliyyəti ona olan müraciətləri sadəcə gedib yerində baxmaq və ya hökumətin dediyini başqa formada təsdiq etməkdən o tərəfə getmir».

BİZ ÇOX VİCDANLA ÇALIŞMIŞIQ

Elmira Süleymanova isə deyir ki, bu günədək hər kəsin həm ölkə konstitusiyası, həm də beynəlxalq konversiyalarla təsbit olunmuş hüququnu müdafiə etməyə çalışıb:

«Əlbəttə, hər bir fəaliyyətdə, xüsusən də bu ilk dəfə təsis olunmuş bir qurum idi, nöqsan da, qüsur da olur. Amma bir onu deyə bilərəm ki, biz çox vicdanla çalışmışıq. İndi təbii ki, işimizi təkmilləşdirərək önəmli işlər görməyə hazırıq».

Azərbaycanda «İnsan hüquqları üzrə müvəkkil haqqında» qanun 2001-ci ildə qəbul olunub. 2002-ci ildən bu təsisat fəaliyyətdədir. 2009-cu ilin yayında qanuna bir sıra dəyişikliklər edilərək bir şəxsin bir dəfədən artıq ombudsman seçilməsinə imkan yaradılıb.
XS
SM
MD
LG