Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:20

Qorbaçov Qarabağa respublika statusu vermək istəyib


Mixail Qorbaçov
Mixail Qorbaçov
«O zaman SSRİ-nin rəhbəri kimi Qarabağa respublika statusu verilməsini təklif edirdim. Azərbaycanın ozamankı rəhbəri, deyəsən, Vəzirov idi, o, razılaşmaq istəyirdi, amma sonradan alınmadı».

Bunu keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov bildirir.

Martın 5-də Qorbaçov Fondunun dəstəyi ilə yenidənqurma siyasətinin 25 illiyi ilə bağlı hazırladığı hesabatın təqdimatı keçirilib. Sənəddə SSRİ-nin dağılmasının səbəblərindən biri kimi də Qarabağ münaqişəsi göstərilir. Hesabatın təqdimatından sonra AzadliqRadiosunun erməni xidmətinin suallarına cavab verən Qorbaçov bildirib ki, «Qarabağ münaqişəsi kimi münaqişələrdə qalib olmur, razılaşmaq lazımdır. 80-ci illərin sonlarında da necəsə Qarabağ probleminin həlli mümkün idi».

O ZAMAN PROBLEMİ BƏLKƏ NECƏSƏ HƏLL ETMƏK OLARDI

Bu münaqişənin qarşısının alınması barədə gördüyü işlərdən danışan Qorbaçov deyir:

«Mənə elə gəlir ki, necə də olsa, Qarabağa yardım lazım idi. Ora status verilməli və iqtisadi yardım edilməli idi. Onların Yerevanla əlaqələrinin yaranması üçün hər şey edilməli idi».

Qorbaçovun bildirdiyinə görə, o, SSRİ-nin rəhbəri kimi Qarabağa respublika statusu verilməsini təklif edibmiş, Azərbaycanın ozamankı rəhbəri Vəzirov da bununla razılaşmaq istəyirmiş. Amma sonradan bu, alınmayıb.

Mixail Qorbaçov hesab edir ki, o zaman problemi bəlkə necəsə həll etmək olardı. Amma indi Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılmasını təsəvvür etmək çətindir.

Qorbaçov hesab edir ki, Qarabağda yeni müharibəyə bütün beynəlxalq güclər cəlb oluna bilər, ona görə də bütün mümkün vasitələrlə buna imkan verilməməlidir.

HAKİMİYYƏT QARABAĞA FİKİR VERMİRDİ

80-ci illərdə Qarabağda vəziyyətə toxunan Mixail Qorbaçov bildirib ki, o zaman orada vəziyyət acınacaqlı idi. Hakimiyyət Qarabağa fikir vermirdi:

«Qarabağdan hətta, Yerevanla əlaqə saxlamaq mümkün deyildi. Qarabağa pul verilmirdi. Sonra biz əlbəttə, Qarabağa vəsait ayırdıq. Amma onun necə xərcləndiyini deyə bilmərəm. Mənim təkliflərimi də belə yozurdular ki, guya mən erməniləri sevirəm, azərbaycanlıları yox. Nə qədər də boş söhbətlərdir».

Bu, keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun Qarabağ münaqişəsi haqqında martın 5-də Moskvada söylədiyi fikirlər idi.
XS
SM
MD
LG