Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:42

Müxalifətdən iqtidara Qarabağ xəbərdarlığı


«Yeni Müsavat»:

Müxalifətdən iqtidara Qarabağ xəbərdarlığı

Dünən ADP qərargahında Azərbaycanın bir sıra tanınmış müxalifət partiyalarının iştirakı ilə Dağlıq Qarabağ probleminin həlli ilə yaranmış vəziyyətin müzakirəsi keçirildi. ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, xarici işlər naziri Elmar Məmmədyarovun hakimiyyətin yenilənmiş Madrid prinsiplərini qəbul etdiyini bəyan eləməsi Dağlıq Qarabağla bağlı əvvəl elan etdiyi mövqeyindən çəkilməsidir: «Elmar Məmmədyarovun Madrid prinsipləri ilə bağlı açıqlaması dövlət başçısının indiyə qədər verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Belə çıxır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda referendum keçirilməsinə razılaşır. Bu, Azərbaycanın Konstitusiyasına, milli maraqlara, beynəlxalq hüquqa tamamilə ziddir. Biz hakimiyyəti bu məsələ ilə bağlı ortaya Azərbaycan qanunlarına və milli maraqlarımıza uyğun mövqe qoymağa çağırmalıyıq. Tələb etməliyik ki, Madrid prinsiplərindəki Dağlıq Qarabağın statusunun referendum yolu ilə həll edilməsi bəndindən imtina olunsun. Əgər imtina edilməsə, biz məcburuq ki, Dağlıq Qarabağın müdafiəsi ilə bağlı ümumxalq müqavimətini yaradaq».

«Azadlıq»:

Bəhram Gura xərclənən yüzminlər batdı

İki il əvvəl Bəhram Gur abidəsi ətrafında nəhəng yenidənqurma işi aparıldı.
Ərazi, abidə tamamilə yenidən quruldu, onun sahəsi təxminən iki dəfə genişləndirildi. Bu iş yaponiyalı mütəxəssislərə həvalə olunmuşdu. Abidə ətrafı işıqlandırma sistemi Italiya texnologiyası əsasında yenidən qurulmuş, ərazidə yaşıllaşdırma işləri aparılmışdı. Abadlaşma işinin açılış mərasimində dövlət başçısı Ilham Əliyev şəxsən iştirak edib. O, yaradılan mənzərədən heyranlığını da gizlətməyərək bunu efirdə söyləyib.
Dünən xəbər tutduq ki, yüzminlərlə manata başa gələn abidə uçurulur. Məqsəd abidənin arxa tərəfində yenicə tikilib istifadəyə verilən «Çinar» kafesi üçün avtopark yaratmaqdır.
«Çinar» kafesindən geniş açıqlama verməsələr də, onların söküntüyə heç bir aidiyyəti olmadığını bildirdilər. Ərazidəki firmaların birində çalışan adının çəkilməsini istəməyən yoldaşın bizi bilgiləndirməsinə görə isə bu dağıdıcılıq işi Nəqliyyat Nazirliyinə aid olub. Nazirlik burdan bulvar istiqamətinə Neftçilər prospektinin altından yeraltı keçid çəkmək istəyib.

«Bizim yol»:

AMİP sədri Etibar Məmmədovun müsahibəsindən bir hissə:

- Azərbaycan böyük dövlətlərin xüsusi xidmət orqanlarının bir poliqonuna çevrilib. Bütün böyük dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycanda şəbəkələşmiş strukturları mövcuddur. Təəssüf ki, həlledici strukturlarda işləyən bir çox məmurlarımızın başqa dövlətlərdən böyük asılılığı var.
- Sizdə bu barədə faktlar varmı?
- Yuxarıda bir faktı xatırlatdım, adicə xaricdəki diplomatik korpusların fəaliyyətini araşdırın, görəcəksiniz ki, əksəriyyəti geri qayıtmayıb. Yaxud araşdırma aparsanız görəcəksiniz ki, bir çox məmurların ailə üzvləri, övladları artıq başqa dövlətlərin vətəndaşıdırlar. Hətta biznes strukturları da var.
- Onda ötən əsrin 20-ci ilində Nərimanovun aqibətini indiki hakimiyyət də yaşaya bilər?
- Bu, iki üstəgəl iki kimi bir şey ola bilər.

«Sosial İnformasiya Agentliyi»:

Təhsil ictimaiyyəti ABŞ-ın açıqladığı hesabatı qərəzli sayır

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov
Bunlar absurd bir şeydir. Azərbaycan mentalitetinə uyğun olmayan bir məsələdir. Mən demirəm ki, Azərbaycan tələbələrində bu hallar heç olmur. Ola bilsin, bir neçə nəfər yolunu azsın. Amma 30-35 faiz tələbələrin narkoman olması həqiqətə uyğun deyil.
- Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov
Ölkəmizin öz gücünü möhkəmləndirməsi super dövlətlərin maraq çərçivəsinə uyğun gəlmir. Dünyada belə bir şey var ki, dövlətlərin sərbəstləşməsi, müstəqilləşməsi yeni inkişaf dinamikasını narahat edir. Azərbaycanda bu deyilən söhbət absurddur.Bu bəyanatı qətiyyənlə pisləyirəm. Belə bir şey bu gün Azərbaycanda yoxdur.
- Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibəyli
Bu tamamilə ağ yalandır. Azərbaycana qarşı xarici dövlətlərin təzyiq formalarından biridir. Naxçıvan Dövlət Universitetində son 15 ildə bir nəfərdə də belə fakt qeydə alınmayıb. Bunlar Azərbaycan mentalitetinə yad fikirlərdir.

«Azərbaycan»:

Ordumuzun beynəlxalq əlaqələri güclənir

Bu gün Azərbaycan NATO ilə iki böyük proqram - Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə ciddi əlaqələr qurub.
Respublikamız NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramına qoşulmuşdur.
2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin iki dəfə artırılması barədə qərar qəbul etmişdir. Ümumiyyətlə, Azərbaycan indiyədək 27 ölkə ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandum imzalamışdır.
XS
SM
MD
LG