Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:09

İpoteka krediti və depozitə pul qoymaq haramdırmı?


Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli
İslama görə sələm günah sayılır. Bəs müasir dövrdə maşın və ya ev almaq üçün istifadə olunan faizli bank kreditləri sələm sayıla bilərmi? Dindar insanlar rahatlıqla bankların xidmətlərindən istifadə edə bilərlərmi? AzadlıqRadiosunun «İnternyus-Azərbaycan»la birgə layihəsi olan «İslam və demokratiya» verilişində məhz bu mövzu müzakirəyə çıxarılıb.

KÖKÜNDƏ GÜNAH OLAN İŞLƏ VARLANMAQ OLMAZ


İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, «Qurani-Kərim»ə görə riba – faizlə borc alıb-vermək haram sayılır:

«İndi insanların çoxu faizə öyrəşib. Fikir vermirlər ki, bu pul hansı yolla toplanıb. Bir də görürsən, bu adamlar faizin içində batırlar, evi, maşını satırlar, bəzən intihara cəhd edənlər də olur. Nəinki kökündə, mayasında haram dayanır, onunla iş görmək, ev almaq düzgün deyil. Ozü də kredit faizinin 5, ya 10 faiz olması önəmli deyil. Haramın zərrəsi də, toplusu da haramdır».

Müasir zamanda insanların çoxunun bankın xidmətlərindən istifadə etdiyini deyən Hacı Surxay bunun halal yolunu da söyləyir. Onun sözlərinə görə, əgər şəxs evi, ya digər əşyanı bankdan banka köçürmə yolu ilə alırsa, burda haramçılıq yoxdur. Yəni, insanın öz əlinə pul keçmir. Həmçinin, insan öz pulunu depozit şəklində banka yatırırsa, burda da günah sayılacaq əməl yoxdur. Çünki bu, insanın öz malının mühafizəsidir.

HARAM QAZANAN PUL HALALA XƏRCLƏNMİR

Hacı Surxay Məmmədli deyir ki, haram yolla pul qazanan insanlar 99 faiz halda bu vəsaiti halal işə yatırmaqdan çəkinir:

«Elə adam var, haram yolla milyardlar qazanıb, hər dəfə Avropada hansısa yerlərə 300 min xərcləyir, amma tələbələrimizin təhsil haqqı üçün 3 min vermir. Çünki onun ürəyi artıq qaralıb, harama öyrəşib».

BANKDA İŞLƏMƏK GÜNAHDIR?

İlahiyyatçı, AMEA Əlyazmalar İnstitutunun dissertantı, əsasən sələfilərin ibadət etdiyi «Əbu-Bəkr» məscidinin camaatına xüsusi rəğbəti olan Əkrəm Həsənov da borc almağı böyük günah hesab edir:

«Faizin böyük və ağır günah olduğunu bilməyənlər buna gedirlər. Amma faiz almaq böyük günahdır. Hətta alimlər fətva veriblər ki, bankda işləmək də olmaz, çünki onun da faizə dəxli var. Ona görə də biz də bir müsəlman kimi buna razı olmamalıyıq».

Hacı Surxay Məmmədli isə bankda işləməyin günah olması haqda iddialarla razılaşmır və bu fikri məntiqsiz sayır:

Şəxs evi, ya digər əşyanı bankdan banka köçürmə yolu ilə alırsa, burda haramçılıq yoxdur
«Əgər bir adam bankda və ya başqa yerdə işini görüb maaşını alırsa, bunun harama nə dəxli? Amma elə həmin adam bankda və ya digər bir qurumda «şapka» ilə iş görürsə, onda təbii ki, günah iş tutur».

İSLAM BANKLARI İNSANLARA ZÜLM VERMİR

Hacı Surxay Məmmədli müasir islam dövlətlərində fəaliyyət göstərən bankların humanist davrandığını, insanların zülm etmədiyini deyir:

«İslam bankları insanın həm qazancına, həm də ziyanına durur, şərik çıxır. Digər banklar isə ziyana düşən insanın evini, mal-mülkünü də əlindən alırlar, bəzən onun uşağını da girov götürürlər».

BANKDAN PUL GÖTÜRMƏK DƏ OLAR

İlahiyyatçı-alim Aqil Şirinov banklardan kreditə faizlə pul götürməyin o qədər böyük qəbahət olmadığını düşünür:

«İslama görə əsas prinsip odur ki, haqsız qazanc olmasın. Bankdan pul götürmək zəruridirsə, bəzi islam alimləri deyir ki, bu da mümkündür».

«EVİM YOXDUR, AMMA İPOTEKA ALMAQDAN EHTİYAT EDİRƏM»

Dindar Kənan Rövşənoğlu isə bankdan faiz hesabına nəsə almaqda ehtiyat edir. Gənc ailə başçısı evsizlik problemindən əziyyət çəkir. Kreditlə mənzil almaq imkanı var. Amma buna getmir:

«Çünki konkret ayələr var, şəriətdə dəqiq hökmlər var ki, sələm verdiyin pula görə faiz almaq ən böyük günahlardan biridir. Bu, ən ağır günahlar kateqoriyasındadır. Düzdür, bəzi hallarda ipoteka götürülməsinə icazə var».

Buna baxmayaraq, ətrafındakı bir çox dindar insanlar kimi Kənanın özü də bu məsələdə ehtiyatlı davranmağın tərəfdarıdır. Yəni, o, bakdan kreditlə ev, ya maşın almağa tələsmir. Bunun üçün kreditdən savayı yollar axtarır:

«Bu məsələdə ehtiyat edirəm. Bilirəm ki, müəyyən istisnalar var. Amma yenə də ehtiyat edirəm. Düşünürəm ki pul yığam, ya da imkanlı dostlar olsa borc alam. Hələlik belə dostlar yoxdur, ona görə də hələ ki ev də yoxdur».

Hacı Surxay Məmmədli hesab edir ki, faizə girməyin haram olduğunu insanlara anlatmaq lazımdır.
XS
SM
MD
LG