Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Psixoterapevtlərə müraciət nə vaxt artır?


Elmir Əkbər və Gəray Gəraybəyli
Elmir Əkbər və Gəray Gəraybəyli
«Psixi sağlam olmayan insan fiziki sağlam ola bilməz». Ümumdünya Səhiyyə Təşkilatının bir neçə il öncə psixi sağlamlığa həsr olunmuş proqramından misal gətirən Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli AzadlıqRadiosunun «Can Bakı» proqramına belə deyib.

ÖLKƏDƏ PSİXİ SAĞLAMLIQ ÜZRƏ MİLLİ STRATEGİYA HAZIRLANIB

Onun fikrinə görə, insanlar fiziki sağlamlığa daha çox diqqət ayırırlar, nəinki psixi sağlamlığa. 2005-ci ildə artıq psixiatriya sahəsində məşhur olan bir Helsinki Deklorasiyasının imzalandığını deyən baş psixiatr, bu Deklorasiyanın Avropa ölkələrində psixi sağlamlıq məsələlərinin dirçəldilməsinə səbəb olacağını vurğuladı:

«Bu Deklorasiyanın bir bəndi kimi hər bir ölkədə psixi sağlamlıq üzrə milli strategiyalar qəbul olunur».

Qonağımız ötən il Azərbaycanda da psixi sağlamlıq üzrə milli strategiya hazırlandığını söylədi:

«Səhiyyə Nazirliyindədir, təsdiq olunmalıdır. Orada Tədbirlər Planı da özünü göstərib».

PSİXOTERAPEVTLƏRƏ MÜRACİƏT NƏ VAXT ARTIR?

Radio-televiziya verilişlərinin bu sahədə çox böyük rolu olduğunu söyləyən baş psixiatr, hər dəfə belə verilişlərdən sonra psixiatrlara müraciətlərin artdığını da iddia etdi: «Ona görə də, mən deməliyəm ki, psixi sağlamlıq məsələlərinə diqqət kifayət qədər olmasa da, vəziyyət müəyyən dərəcədə dəyişmək üzrədir».

PSİXİKA ORQANİZMƏ TƏSİR EDİR, ORQANİZMDƏKİ QÜSURLARSA...

Özünün psixiatr deyil, psixoterapevt olduğunu vurğulayan ikinci qonağımız Elmir Əkbər psixi sağlamlığın nəinki Azərbaycanda, dünyada müəyyən problemləri olduğunu bildirdi: «Bunu iqtisadi böhranla da əlaqələndirənlər var, maddi çətinliklərə bağlayanlar da. Yəqin ki, bu hərtərəfli problemdir, çoxcəhətlidir».

Elmir Əkbərin fikrincə, psixikanın orqanizmə təsiri olduğu kimi, orqanizmdəki qüsurların da psixi duruma təsir edir. «»Bugünkü qida tərzimiz, geni dəyişdirilmiş məhsullar, sağlam həyat tərzindən uzaqlığımız insanda depressiyaya, əsəbi halların artmasına səbəb olur».

DƏYİŞƏN İDEYALAR DA PSİXİ DURUMA TƏSİRSİZ ÖTÜŞMÜR...

Qonağımız hətta ideyanın da insanın psixi durumuna təsir etdiyini açıqladı:

«Kommunizm gəldi, ideyamızı dəyişdirdi. Bəzilərinə ümid, həyat stimulu verdi. Sonra bu stimul tamam dağıldı. Müharibə, qaçqınlar, üstəlik, şad xəbərdən çox bəd xəbərin üstünlüyü, çaxnaşmalar, zəlzələlər və s. da psixi duruma təsirsiz ötüşmür».

PSİXİ SAĞLAM ADAM?—O NECƏ OLUR?

Baş psixiatr Gəray Gəraybəylinin fikrincə, psixi sağlam adam təkcə konkret təsnifatda xəstəliyi olmayan adam deyil: «Psixi sağlam adam dedikdə, biz əhval-ruhiyyəsi yaxşı olan, həyatdan həzz alan, ailədə, cəmiyyətdə digər insanlarla normal münasibət quranları nəzərdə tuturuq».

Son vaxtlar psixoterapiyada çox xoşladığı bir terminin – «həyat keyfiyyətinin» yarandığını deyən Gəray Gəraybəyli, «Psixi sağlamlıq təkcə psixi yardımla məhdudlaşdırılmamalıdır. Psixoloji məsləhətxanalar, məktəblərdə işləyən psixoloqlar, qaynar xətlər və s. psixi sağlamlığın tərkib hissəsidir və çox vacibdir» söylədi.
XS
SM
MD
LG