Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:52

«Azərbaycanın AŞ PA-ya ən böyük hədiyyəsi demokratik seçkidir»


Mövlud Cavuşoğlu
Mövlud Cavuşoğlu
«Azərbaycanın da Avropa Şurasının demokratiya kriteriyalarına uyğun gəlməsi üçün əlimizdən gələni edəcəyik».

Aprelin 14-də Bakıda keçirdiyi brifinqinə bu sözlərlə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Cavuşoğlu xatırladıb ki, bu il Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 illiyidir:

- Bu tarixi qeyd edəcəyik, amma Azərbaycanın AŞ PA-ya ən böyük hədiyyəsi noyabrdakı parlament seçkisini şəffaf və demokratik keçirməsi olacaq.

- İndiyə kimi beynəlxalq qurumlar Azərbaycandakı seçkiləri tənqid edib, sizin nədən qarantiyanız var ki, bu seçki şəffaf və demokatik keçiriləcək?

- Mən sadəcə görüşlərdəki atmosferə görə bunu söyləyirəm. Təbii ki, görüşlərdə bu səpkidə bir sənəd imzalanmaz, amma biz danışılan şeylərə inanırıq. Görüşdüyümüz hər kəsin Azərbaycandakı parlament seçkilərinin daha ədalətli keçiriləcəyilə bağlı sözlərinə inanmaq istəyirik və inanırıq da.

«Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də ölkədə sərbəst toplaşmaq azadlığını təmin etməkdir, amma aprelin 14-də polis Müsavat partiyasının aksiyasını dağıtdı, bunu necə şərh edərsiz» sualına Mövlud Cavuşoğlu bir tövsiyəsi olduğunu xatırlatdı ki, o, hakim və müxalifət partiyalarını, daxili işlər naziriylə birgə aksiyalar, mitinqlər keçirmək üçün uyğun yerlər müəyyən etməyə çağırıb.

AŞ PA prezidentinin fikrincə, hər yerdə olduğu kimi vətəndaşların təhlükəsizliyi üçün belə yerlər ayrılmalıdır.

Mövlud Çavuşoğlu görüşlərində həbsdə olan bloqçuların da məsələsini dostyana müzakirə etdiklərini və bu məsələnin çözülməsinə yardımçı olacağını bildirdi. Amma jurnalist Eynulla Fətullayevlə bağlı sualı brifinqin bitdiyini əsas gətirib cavablandırmaq istəmədi.

AŞ PA prezidenti jurnalistlərin suallarının cavabında bildirdi ki, Dağlıq Qarabağla bağlı AŞ PA-ın alt komitəsinin fəaliyyəti qurulacaq və bu işlərə onun özü rəhbərlik edəcək.

Bakıda rəsmi səfərdə olan mövlud Çavuşoğlu ölkə prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentdə təmsil olunan partiya, o cümlədən müxalifət və ictimaiyyət nümayəndələrilə görüşüb. O, Azərbaycana səfəri çərçivəçində Gəncə şəhərində də olacaq.
XS
SM
MD
LG