Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:12

Rafiq Tağı "MEQAPOLİS QONAĞI" (Hekayə)


Rübabə xala oğlugilə ildə iki dəfə - Novruzla Ramazanda gəlir. Ramazan hərlənib-fırlanıb Novruzla üst-üstə düşəndə, bu “iki” “bir” olacaq, deyir.

Çətini ölənəcəndi.

Panel doqquzmərtəbəmizdə onun gəlişi bizdən üstdə çöl qapının şaqqıltıyla açılıb, külək vururmuş kimi, zərblə örtülməsindən bilinir.

Onun törətdiyi şaquli zəlzələlərdən divarlarımızdakı qurumuş rənglər qopub tökülər.

Hər səhər yoldaşım döşəmədən ovuc-ovuc boz-yaşıl qırıntılar yığacaq.

Rübabə xalanın gəlişi həm də eyvanlarının qabağında əksəri ağ, nədənsə, biri göy olan, iplərdən sallanan gen darbalaqlardan bəlli.

Təzə yuyulanda, bu motala bənzər darbalaqlardan həyətə enli “yağışlar” yağar. Aşağıdakı, göydələnə oxşar binamıza heç cür yaraşmayan nazik, düzbucaqlı torpaq kəsiyində, darbalaq “yağış”larından tala-tala çəmənlər bitər. Çəmənləri qonşu gecəqondulardan gəlmiş sarı-sarı cücələr qırpar.

İndiyəcən mən Rübabə xalanın ikicə darbalağının şahidiyəm - göy və yaşıl.

Təzəliklərində tünd gördüyüm bu darbalaqlar getdikcə solur-ağarırdısa da, ayıb da danışıram, qabaqları yeyilib-nazilir, saralıb-tündləşir, sanki korroziyaya uğrayırdı.

Bazar ertəsi divarlarımızda seysmiklik yenə artdı: bu, dəqiqdi - Rübabə xala gəlib.

Sanki dəmir taxılı dabanların zərbindən tavanımız yüyürük kimi yellənir, uzun naqilli elektrik lampası sağa-sola atılmaqla, məzəli qövslər cızırdı. Lampa bir dəfə necə şahə qalxdısa, yalnız naqillə ilgək vurandan sonra aşağı endi.

Lampamız nadinclik edirdi.

Dava səsləri, hələ biz heç, onlardan yuxarıya da sirayət edir. Hamı bu tragikomediyanın tavan-döşəmə audiotranslyasiyasını dinləyəsi olur.

Darbalaqlarla üst-üstə düşdüyündən, mən bu boğuşmaları gəlin-qaynana darbalaq savaşları adlandırıram.

Qəzənfərin kök, köklü bakılı qızı olan, insafən, pilləkənlərdə-liftdə həmişə başıaşağı, salam-kalamlı gördüyüm, arvadı, bir gəlin olaraq, ay bu trusu-darbalaqdı, uzunluqlar və alt tuman-köynəkdi, çöldəki iplərdən asılmağının qəti əleyhinədir.

Elə bir şey gördüsə, sanki ətini qopardırlar, cikkə çəkəcək. Elə bilir adam var gücü ilə qışqıranda, ədalət tez bərpa olur. “Bu nədü, ağəz! Mənim nənələrim alnı möhürlü arvadlar olub e!”

Onda Rübabə xala da hirsdən öskürür, əl-ayağı əsir. ...

Göyərtisatanlardan tutmuş, kişili-arvadlı min cür şəxs keçür qapumuzdan, ölümüzə-dirimizə söyməzlər? Bəgəm ürəklərində bu xərəbənin xoşqiryət sakinlərinə lənət yağdırmazlarmı?

Darbalaq-marbalaq namusa aid şey degül, ay şoğərib?

Heç ölüb-yerə girürsən? Yoxsa balkon sənünçün şmotka sərgisüdür?

Bizə çox gərəkdü ki, camaat sənün qaxac papışını zənn etsün? Ağəz, mən gündə beş-altı rəkət namaz qılan, az qala il boyu oruc tutan, ağzı dualı insanlar içində böyümüşəm e.

Görün, işdi bu? Yanıb-yanıb öz yağımda qovruluram! Ətağa cəddü, bir gün ya buna verən Allahdu, ya mənə!

Qulaqdan ağır Rübabə xala onsuz çox sözü eşitmir, eşitdiklərini də bu qulağından alıb, o birindən buraxır.

Gəlinin qaydası hürməkdir, qoy hürsün. Ancaq aradan pərdə götürüldümü, söz altda qalan da deyil. “Özüm pisəm, oğlum yaxşı?” - hərdən gəlinə buynuz göstərəcək. Bə niyə oruc tutub-namaz qılan ailələrin birində sənə yiyə durmadılar?

Qaramatın bizə qalmışdı? Gərək Allah səni bizim kor bəxtimizə yazaydı? Hökumətin buraxdığı darbalaq niyə ox olub gözünə girir? Özündən namus uydurma, qız! İnsandakı ayıb yerlər də gecə-gündüz ağzındadır.

Özünə-sözünə fikir ver. Əgər cinlisən, get cindara.

Alt geyimə təmiz hava dəyməli döyülmü? Əslikar elə aybaay “paltar olan” qadınların pal-paltarı Günəşdə qurudulmalıdır.

Fazil Lənkəraninin yaşıl kitabından öz gözlərimlə oxumuşam: ayaqqabıya yapışmış nəcis belə yalnız Günəşdə quruyub pak olar, hətta rəngi-iyi qalarsa, eybi yox. Ayətüllahın qanı da şəriətdəndi, canı da, onun dırnağı biləni sənin başın bilməz.

Bəlkə trusu-maykanı aparıb sandığın içinə sərək? Sonra dərimizi yara-xora bassın?

...Özü də şoğərib özünsən!

Binamızdakı tualetlər səsgücləndirici effektlidir. Dava-şava səsləri orda sözbəsöz qulağıma çatır. Beşdən doqquza və həm aşağı - birəcən də, bütün mərtəbələrdəki dedi-qodunu istər-istəməz dinləməli olursan.

Dörddə Rusiya, üçdə Tehran televiziyalarına, altıda ən çox Türkiyə kanallarına baxırlar. Azərbaycanı dinləyən yoxdur. Yeddidən daim “Avara”lı, rac-kapurlu hind musiqisi sədaları eşidəcəksən.

İki və bir, səkkiz və doqquzdakı səslər qulağıma əks-səda şəklində çatır. Kəllədə bir narkomanımız var - onunku meyxanadı.

Hərdən üçdəki tualetdən qalxan azan səsləri bir-iki saniyə fərqlə uzaq vəhabi məscidindən gələn azanla üst-üstə düşür.

Gəlin-qaynana darbalaq savaşlarında Qəzənfər kişiləşib ananın təəssübünü çəkəcək: “Bax, elə etmə ki, səni boşayım”.

Arvad: “Mənə xox gəlürsən? Özüm sənü boşayaram!”

Kişi: “Maman papanı boşadığı kimi”.

Arvad: “Burda mamamla papamın adını tutmaginən!”

Qəzənfər: “Bə sənə tərbiyəni onlar verməyib?”

Arvad: “Bura meqapolisdü e, yollarında eşşəklər gəzən kəndüvüz degül”.

Kişi: “Biləsən, Bakı meqapolislərə təşbehdir”.

Arvad: “Xoşun degül, yol açıqdur”.

Kişi: “...Dedim də, dədən verib sənə bu tərbiyəni”.

Arvad: “Dədə yox, papa”.

Kişi: “Yox bir, papa Benedikt”.

Arvad: “Yox bir, Dədə Qorqud”.

Ürək bulandıran, qulaq didən bu sözləri eşitməmək üçün gərəkdi həftələrlə ayaqyoluna girməyib, eləcə partlamaya düşəsən.

Qəbiz vaxtlarımda blokumuzda ülluzor sülh və əmin-amanlıq hökm sürür.

Çəkişmə yatan kimi Rübabə xala ağzını aşağı tutub, yoldaşımı səsləyəcək: həkim evdədi? Xahiş edir, bir ona dəyim. Dəfə-darağı götürüb qalxıram.
Onunku qan təzyiqidi.

Rübabə xala: “...Dığ-dığ evimizi yıxır”.

Valı təzədən qoşmaması üçün, gülə-gülə barmağımı böyründəki burum-burum piy qatlarına toxundururam: “Hər şeyin kökü, bax, budur”.

Rübabə xala: “...Dərdim min dastana sığmaz”.

Mən (yalandan): “Dərddən təzyiq qalxmasını tibbi ədəbiyyat yazmır”.

O: “Qurban olum sənə, bə camaat nədən qırılır?”

Mən: “...amma köklüyü, təzyiqin əsas səbəbi kimi, bütün müəlliflər göstərir”.

Əslində Rübabə xala məni evə ürəyini yoxlatmağa yox, ürəyini boşaltmağa çağırır.

Mən özümü bilməməzliyə vurub yoxlayıram. Demək də olmur: ay xala, dərd-sər dinləmək həkimin vəzifəsi deyil. İnsanların dərd-səri həkim üçün vaxt itkisidir.

Qəzənfərgilin ikiotaqlısında əşya əlindən tərpənə bilməzsən. Gətirilən cer-cehizə hər maaşda təzə şeylər əlavə olunub. Mənzil anbar yerindədir. Hətta fəza da tutulub.

Təmiz hava almaq üçün gərək uzun burnun ola, onu tez-tez çölə çıxarasan. Paltaryuyanın da, soyuducunun da üstü qab-qacaqla dolu. Qaz plitəsi üzərində haçansa kartof qızardılmış qara bir tavanın içində yağ donub.

Bunları mən mətbəxə əl yumağa keçəndə gördüm.

Çünki vanna otağında da ayaq basmağa yer yoxdu: çirkli camaşırla dolu taslar, “dəmir” hamam ayaqqabıları, dibdə qara bir daban daşı. Burda evin işığını udan yasəməni-yaslıca rəngli kauçuk vedrələr bir-birinə geydirilib.

Yasəməni-yaslıcalığın səbəbini ancaq gəlinin uşaqlıqdan yasəməni və yaslıca kəpənəyini sevməsinə yozmaq olar; bu həm də bufetin üstündəki vazada süni yasəmən güllərindən və soyuducunun yan səthinə yapışdırılmış yaslıca şəklindən bəlli.

Hə, qoşa-çarpayı tabut kimi yataq otağının tən ortasında.

Orda hərəkətlər yalnız divar dibiylə mümkünləşir. Divan-kreslo da qonaq otağının 5-6 kv-metrini zəbt edib. Burda yeganə funksional əşya televizordu.

Rübabə xala deyir, bir gün bu televizorda rayonlarını göstərirmişlər. Ötəri olsa da, öz qəbiristanlıqlarını görüb. Arvad uçunurmuş. Az qalırmış atılıb televizorun içinə girə: didərgin kəndçilərini qabaqlayıb, tezbazar qəbiristanlıqda özünə yer tutmaq könlündən keçib.

Dünyada nə çox möcüzə: bəlkə heç Zəngilan düşmən əlində deyil, bu rəngli qutunun içindədir.

Dərd dəyirmanıdı o: ciyər-böyrəyi yoxlananda da həkimə aman verməz - ürəyindəkiləri üyüdüb-tökəcək. Tələsgən sözləri fonendoskopdanca keçib mənə çatır.

Sözünün əvvəli də gəlindir, axırı da. Yanıqlıdır ondan. Kül onun “zavod kimyaçısı” başına, deyir.

Elə özü də üzvi kimya törəməsi kimi bir şeydir. Yassar oğlunun qeyrəti onu qane etmir: “Mən kişi olam ha, Azərbaycanımıza dodaq büzən bir qadınla dal-dala da yatmaram”.

Şəhərə də həmişə dolu gəlib, boş gedəcək. Gələndə əsas ət gətirər. Çantasından hinduşka qıçları, ət şaqqalarının ucları görsənər. Üstlərində də tənzif.
Rayonda heyvanat şəhərdəki kimi kağız yemir.

Qəzənfər anasının yanında özünü qurd kimi aparırsa, arvadla tək qalanda quzuya dönür.

Qurdluğu artistlik, quzuluğu həqiqətdi. Onlar bir-birini necə istəyib, nə cür sevib, bir Allah bilir. Nə bunda, nə onda sevgi törədəsi əlamət sezilmirdi.

Əlbəttə, Sələmənin yumru dalı istisnadır. Yumru dal nəzəri cəhətcə sevgini stimullaşdıra bilər.

Sevgi təzahürü olaraq da bu, el adətiylə ancaq gecələr özünü büruzə verir. Saat 3-4 radələrində əvvəl divan-çarpayının nazik nərmədanları cırıldaşır, sonra nəleyinlər şappıltıyla vanna otağına səmtlənir. ...

Qısa sevgi “seans”ından sonra yuyunurlar.

Rübabə xala gələn bayramacan unudulur. ARDINI BURDA OXU
XS
SM
MD
LG