Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Azərbaycan zabitinin maaşı hara gedir?


«Yeni hərbiyə çağırılmış, 18 yaşına qədər heç bir idmanla məşğul olmayan əsgərlərə 2-3 aya uzun müddət idmanla məşğul olan idmançılara verilən tapşırıqları yerinə yetirmək öhdəliyi qoyulur. Əsgər bunu yerinə yetirmədikdə bizim maaşımızdan tutulur. Keçən ay nə qədər zabit, gizir heyətinin maaşları bu bəhanələrlə tutulub».

Bunu Naxçıvanın Culfa rayonundakı N saylı hərbi hissənin adının çəkilməsini istəməyən zabiti deyir. O, ayda 652 manatlıq əmək haqqının bir qisminin hərbi hissə rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə tutulduğunu deyir.

«ÖZ CİBİMİZİN PULU İLƏ...

Maşınların ehtiyat hissələrini biz alırıq. Orduya külli miqdarda ayrılan vəsaitlərin hara xərcləndiyi bilinmir. Təlim-atış çalışmalarında şəxsi heyətin atəş meydanında ata bilmədiyi hər bir güllə 10 qat artığına vurulur zabitlərin üstünə».

Zabitin sözlərinə görə, əsgərlər verilən tapşırıqları düzgün yerinə yetirməyəndə onların əmək haqqından tutulmaları kimin hansı qərarla həyata keçirməsindən xəbərsizdirlər.

Culfa rayon N saylı hərbi hissəsinin hüquqşünası Riçard İsmayılov deyir ki, hərbi hissədə baş verən bu cür hallarla bağlı ona heç bir müraciət daxil olmayıb.

«BİZƏ ŞİKAYƏT YOXDURSA, ŞAYİƏDİR»

«Əgər kiməsə qarşı qeyri-qanuni hərəkət edilibsə, bununla bağlı aidiyyatı orqanlara müraciət etməlidir. Əgər hərbi hissədədirsə, onların öz müraciət qaydaları var. İlk növbədə hərbçi öz komandirinə, əgər şikayəti komandirdəndirsə, daha yuxarılara öz müraciətini edə bilər. İndiyə qədər bizə bu qəbildən bir dənə də olsun şikayətin daxil olmamağı göstərir ki, bütün bu səsləndirilən fikirlər şayiədir, belə bir halın olması mümkün deyil».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə deyir ki, şikayət konkret faktlar əsasında araşdırılır.

«Müdafiə Nazirliyi, ümumiyyətlə, hərbi sahə elə bir strukturdur ki, orda daim bütün sahələr üzrə hərtərəfli nəzarət həyata keçirilir. Şikayət edənin adı, familiyası kim tərəfindən incidilməsi, konkret fakt olmalıdır».

«DANIŞANI SUSDURURLAR»
Ələkbər Məmmədov


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov deyir ki, Azərbaycan ordusunda mövcud olan korrupsiya halları ilə bağlı dəfələrlə Müdafiə Nazirliyinə müraciət edib, lakin Nazirlik tərəfindən heç bir araşdırma aparılmayıb. Onun sözlərinə görə, əksinə, müraciət edəni susdurmaq üçün müxtəlif formalarda onlara təzyiqlər edilib:

«Burda təəccüblü heç nə yoxdur. Bütün Azərbaycan ordusunda bu cür hallar baş verir. Mən dəfələrlə bildirmişəm ki, Azərbaycan zabitinin maaşı vaxtında, tam formada verilmir. Zabitlərin maaşlarından hərbi hissənin təmiri, kommunal xərclərin ödənilməsi kimi müxtəlif bəhanələrlə pullar tutular. Biz bununla bağlı Müdafiə Nazirliyinə kifayət qədər fakt təqdim etmişik. Misal üçün zabit Rasim Muradov orduda korrupsiya hallarını qaldırmışdı. Onun göstərdiyi bircə fakt da araşdırılmayıb. Əksinə saxta ittihamlarla onu 8 il müddətinə azadlıqdan məhrum etdilər. Orduda baş verən qanun pozuntularından danışdığımıza görə, bizim özümüzə də müxtəlif formada təzyiqlər edilib, hüquqlarımız pozulub».

ŞİKAYƏTÇİNİN KİMLİYİ ŞİKAYƏTDƏN ÖNCƏ ARAŞDIRILIR

Ələkbər Məmmədov deyir, şikayət olunan problemləri deyil, şikayətçinin kimliyini araşdırması Müdafiə Nazirliyinin hansı mövqedə durmasından xəbər verir.

2007-ci ildə Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq rəis müavini, polkovnik-leytenant Rasim Muradov rüşvət almaq ittihamı ilə 8 illiyə azadlıqdan məhrum edilib. Muradov deyirdi ki, hərbi idarədə rüşvətxorluğu ifşa etdiyinə görə həbs olunub. Bu üzdən əvvəlcə o, Naxçıvandakı hərbi hissələrdən birinə göndərilib, daha sonra rütbəsi aşağı salınıb və nazirliyin Mühafizə Briqadasının komandiri Mirzəli Yusifovun iddiası ilə ona qarşı cinayət işi başlanılıb.

Rasim Muradovun adı Avropa Şurasının Azərbaycanda tanıdığı siyasi məhbuslar siyahısındadır.
XS
SM
MD
LG