Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:58

Azərbaycan bu qərarı rəsmi olaraq yerinə yetirməlidir


Torbörn Yaqland
Torbörn Yaqland
Həbsxanada olan jurnalist Eynulla Fətullayevin taleyi ciddi bir məsələyə çevrilib. O, Azərbaycan hakimiyyətinin şübhəli ittihamı əsasında 3 ildir ki, həbs olunub. Beynəlxalq mükafatlar sahibi olan Eynulla sadəcə öz işini görürdü. İnsan Haqları üzrə Avropa Məhkəməsi ötən ay qərar verib ki, Eynulla Fətullayev dərhal azad edilməlidir.

EYNULLA, LÜKS VƏ VESTERQAARD

Məhkəmə qərarında deyilir ki, Azərbaycan İnsan Hüquqlarıyla bağlı Avropa Konvensiyasının söz və ifadə azadlığıyla bağlı 3 maddəsini pozub. Azərbaycan bu konvensiyaya 2001-ci ilin yanvar ayında imza atıb və 2002-ci ilin aprelində onu ratifakasiya edib. Konvensiyanı imzalayan bir ölkə kimi Azərbaycan bu qərarı rəsmi olaraq yerinə yetirməlidir. Əlavə nəsə deməyə ehtiyac yoxdur.

Aktyor Lars Vilks və karikaturaçı Kurt Vesterqaardın taleyi də məni maraqlandırır. Onların ikisi də ölümlə hədələnirlər. Vesterqaard həyatına olan sui-qəsddən güclə canını qurtarmışdı. Onların ikisi də Məhəmməd peyğəmbər və İslam diniylə bağlı karikaturalara ğörə radikal islamçıların təhdidi altındadırlar. Onlar həbs olunmayıb, amma güclü hədə-qorxu onların həyatını həbsxanaya çevirəcək.

Avropa Şurasının baş katibi kimi mən dərindən inanıram ki, bizim qiymətləndirdiyimiz söz və ifadə azadlığının əsaslarını bütün 47 üzv dövlət heç bir güzəşt və üzrxahlığa yol vermədən müdafiə edir.

SÖZ VƏ İFADƏ AZADLIĞI TƏKCƏ AVROPA YOX, DÜNYANIN HƏR YERİNDƏ BOĞULUR

Dünya Mətbuat Azadlığı Gününü qeyd etdiyimiz kimi, biz həm də görürük ki, söz və ifadə azadlığı təkcə Avropa yox, dünyanın hər yerində boğulur. Google senzura səbəbindən Cin bazarını tərk etdi. Məhəmməd peyğəmbərin təsvirini çəkdiyi üçün Amerikanın populyar yumoristik proqramı olan «Cənub Park»ı (South Park) yaradanlar islamçılar tərəfindən hədələnəndən sonra verilişin həmin səhnəsi efirdən çıxarıldı.

2010-cu ildə İnsan Haqları üzrə Avropa Konvensiyasının 60 illiyini qeyd edirik. Konvensiyanın 10-cu maddəsi söz və ifadə azadlığına təminatdır - özü də elə bir əsas hüquqdur ki, digər haqları da öz ardınca aparır.

Buna baxmayaraq, biz 10-cu maddəni elə izah etməli deyilik ki, bu izah cəmiyyətin əsaslarını dağıtmağa yönəlsin. Söz və mətbuat azadlığı Avropada digər azadlıqları qoruyur. Bu, Avropa mənliyinin cövhəridir. Bizim liberal və dünyəvi mədəniyyətimiz fikir müxtəlifliyinin müzakirəsini tələb edir. Söz və ifadə azadlığı ümumi Avropa evində birləşdirdiyimiz müxtəlif mədəniyyətlər, ənənələr, dinlər və əqidələr deməkdir. Biz zorakılığı və nifrəti qızışdırmağa icazə verə bilmərik, amma mən hökumətləri, siyasi liderləri, dinləri, mifləri, ideyaları tənqid etmək hüququnu ciddi müdafiə edirəm. Bu tənqidi məqalələrdə, düşüncələrdə, teleproqramlarda, kino və karikaturalarda ola bilər, amma bir şərtlə ki, bu tənqid sülhməramlı olsun.

Biz söz və ifadə azadlığında güzəştə getdikcə, demokratiyanın taleyi təhlükə altına qalır. Söz və ifadə azadlığı olmadan başqa azadlıqlar da yoxdur. Dünya Mətbuat Azadlığı Günü bunu bizə xatırladan gündür. Həm də nəsə etməyi xatırladan gün.
XS
SM
MD
LG