Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:56

Türkiyəli naşir: “Azərbaycandan heç bir kitabı ikinci dəfə çap etməmişik”


Erol Cahangir
Erol Cahangir
İstanbuldakı “Doğu kütüphanesi” nəşriyyatının sahibi Erol Cahangirin AzadlıqRadiosunun "Oxu zali"na müsahibəsi. Onunla İstanbul müxbirimiz Mais Əlizadə söhbətləşib.

M.Ə. Azərbaycanlı müəlliflərin əsərlərini nə vaxt çap etməyə başladınız? Kitab çap etməkdə ideoloji məqsədiniz də var idimi?

E.C. Nəşriyyatımız 5 il qabaq yaradılıb. Ancaq bu nəşriyyatı yaradana qədər mən İstanbuldakı Turan vəqfinin redaktoru idim.

Azərbaycandan gələn kitabları biz Turan vəqfinin dəstəyi ilə çap etməyə başlamışdıq.

M.Ə. İlk çap etdiyiniz kitablar hansılar idi?

E.C. Bunlar azərbaycanlı alimlər Qiyasəddin Qeybullayev və Əziz Ələkbərlinin kitabları idi.

”Elçibəylə 13 saat” adlı kitab da Turan vəqfinin ilk nəşrləri arasında idi.

Turan vəqfi Əbülfəz Elçibəyin vəfatının 10 illiyi münasibəti ilə çapa bir xatirələr kitabı hazırlayır.

Mənim “Doğu kütüphanesi” nəşriyyatında çıxardığım ilk əsər isə hörmətli Aybəniz Əliyeva-Kəngərlinin “Azərbaycanda romantik Türkçülüyün tarixi” kitabıdır.

Qısa müddət əvvəl “Qarabağ” adlı kitabı çap etdik. Hal-hazırda 3 azərbaycanlı məllifin əsərini çapa hazırlayıram.

Bu kitablardan biri Əlibəy Hüseynzadənin külliyatı olacaqdır.

İkinci dünya müharibəsindəki Azərbaycan legionu ilə bağlı kitabın da maraq doğuracağına inanıram.

Nəşriyyatımız hər 3 aydan bir “Turan” adlı elmi-publisistik jurnal da çıxarır.

Bu dərgidə Şimali və Cənubi Azərbaycanın tarixi, ədəbiyyatı, folklorundan nümunələr və elmi yazılar çap edirik.

M.Ə. Azərbaycan ədəbiyyatından bədii əsərlər də çap etdinizmi?

E.C. Bir roman çap etdik.

M.Ə. Kimin romanı idi?

E.C. Aqil Abbasın “Batmanqılınc” romanını çap etdik. Müəllifin ismini xatırlamıram, ancaq Atilla ilə bağlı Azərbaycandan bir pyes gəldi.

Onu çap edəcəyəm.

M.Ə. Çap etdiyiniz roman ədəbiyyat sevənlər tərəfindən maraqla qarşılandımı? Əsərin oxuculara tanıdılması və kitabın reklamı üçün nəşriyyat hansı işləri gördü?

E.C.Təkcə Azərbaycandan gələn kitablara deyil, bütün kitablarımıza bazarda diqqət yaratmağa çalışırıq.

TV-lərə, qəzetlərə məlumatlar göndəririk.

Ancaq bunu da bilmək lazımdır ki, Türkiyədə bizim çap məhsullarımıza qarşı adı qoyulmayan bir embarqo var.

Təəssüf ki, indiyə qədər o embarqonu yıxa bilməmişik və nə vaxt yıxa biləcəyimiz də məlum deyildir.

Bunu yıxmaq üçün monopoliya yaratmış kitab satışı şirkətləri ilə yox, İstanbuldakı və Anadoludakı mağazalarla birbaşa işləyirik.

Onlarla əlaqə yaradıb kitablarımızı satdırmağa çalışırıq. Bu, çox da məhsuldar bir yol deyildir.

M.Ə. Çap etdiyiniz bədii əsərlərə olan reaksiyanı öyrənirsinizmi?

E.C. Məsələn, Aqil bəyin romanı ilə bağlı olaraq nə müsbət, nə də mənfi reaksiya gəldiyini desəm, şişirmiş olaram. Nə müsbət, nə də mənfi rekasiya oldu.

M.Ə. Bəs elmi kitablara olan reaksiya?

E.C. Elmi kitablara reaksiya olur. Bunu öyrənə bilirik. Bunun səbəbi odur ki, elmi əsərləri alimlər və tələbələr oxuyurlar.

Məsələn, Aybəniz xanımın kitabına maraq oldu. Millət kimi formalaşıb müstəqil dövlət olma yolunda romantik bir dövr vardır.

Aybəniz xanım XX əsrin əvvəlində Azərbaycan romantik şeirində yaşanan bu mənzərəni əks etdirib.

Bu, Osmanlıda başlayan Türkçülük cərəyanlarına paralel olaraq Azərbaycandakı romantizm ədəbiyyatı dövrüdür.

M.Ə. Bu kitabları daha çox tələbələr və elmi ictimaiyyət oxuyurmu?

E.C. Bəli. Ədəbi əsərlərdən çox bunlara maraq göstərirlər.

Elmi dairələr bu kitabları oxumaq məcburiyyəti hiss edirlər.Bu səpkili kitabların Türkiyədə diqqəti cəlb etməsi təbiidir.

M.Ə. Bundan sonrakı planlarınızda bədii əsərlərə daha çox yer verəcəksiniz, yoxsa elmi əsərlərin çapına?

E.C.Mən bədii əsərlərə üstünlük vermək istərdim.Ancaq Türkiyənin şərtləri içində bizim marağımızın elmi əsərlərə olacağını hiss edirəm.

M.Ə. Kitabların birinci basqısı neçə nüsxə olur?

E.C. Birinci basqımız 1000 nüsxə olur.

M.Ə. Çap etdiyiniz kitablardan anbarlarınızda qalanı olurmu?

E.C. Kitabların hamısını mağazalara göndəririk. Ancaq kitabların hamısını mağazalara göndərməyimiz heç nəyi dəyişdirmir. Satılmayanları geri qaytarırlar.

M.Ə. Hal-hazırda anbarınızda azərbaycanlı müəlliflərin kitabları varmı?

E.C.Əlbəttə, var.

M.Ə. Heç azərbaycanlı bir müəllifin əsərinin ikinci və ya üçüncü basqısını yapdınızmı?

E.C. İndiyə qədər yapmadıq.

M.Ə. Bir də azərbaycanlı müəllifin sosial psixologiyaya dair kitabını çapa hazırlamağınızdan danışırdınız. Onun müəllifi kimdir?

E.C.Kitabın müəllifi İlham Mirzəyevdir. Bu səpkili kitablar bizim nəşriyyatın siyasətinə uyğun gəlməsə də, bizim üçün fərqli bir örnək olan kitabı çap edirik.

M.Ə. Kitabı psixoloqun yazdığını deyirsiniz. Mövzusu konkretdirmi?

E.C. Kitabın adı “Liderlik zirvəsi”dir.

M.Ə. Kimin liderliyinə həsr edilib?

E.C. Heydər Əliyev və İlham Əliyevin liderliyindən bəhs edilir.

M.Ə. Kitabın müəllifini tanıyırsınızmı? Onu sizə müəllif göndərdi, yoxsa başqa bir adam gətirdi?

E.C. Müəllifi tanımıram. Başqa bir adam gətirdi. Kitabın xərclərini də o adam verəcək.

“Turan” jurnalı mənim çox önəm verdiyim bir yayın orqanıdır. Rəhmətlik Cəmil Məriç deyərdi ki, jurnal bir dövrün vicdanının səsidir.

”Turan” jurnalı mənə nəşriyyatımdan daha önəmlidir. Jurnal Türk dünyası ilə Türkiyə arasında mühüm bir körpü olacaqdır.

Həmçinin oxu
Türkiyənin "Ötüken" nəşriyyatının sahibi Azərbaycandan sifarişləri dayandırdığını deyir
XS
SM
MD
LG