Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:03

SOVET ELMİYLƏ MÜASİR ELMİN CALAQ EDİLMƏSİ


Hazırda Azərbaycanda 9 minə yaxın elmlər namizədi, 1700-ə yaxın elmlər doktoru var
Hazırda Azərbaycanda 9 minə yaxın elmlər namizədi, 1700-ə yaxın elmlər doktoru var
«Azərbaycan Respublikasında siyasi sabitlik ölkədə aparılan aqrar islahatlar kontekstində», «Azərbaycan SSR-də mədəni quruculuq», «Azərbaycan sovet kəndi, XX əsrin 20-ci illərinin sonu, 30-cu illəri», «Cəmiyyətin demokratikləşməsi və ziyalıların ictimai-siyasi fəallığının vəhdəti», «Azərbaycan SSR-də dövlət-din məsələləri», «Azərbaycan ədəbiyyatı ABŞ mühitində»....

Yox-yox, bu əsərlər sovet dövründə yazılmayıb, əksinə, son bir necə ayda müdafiə olunan və ya müdafiəyə təqdim olunan onlarla dissertasiyadan bir necəsinin adıdır. Bu elmi işlərin həm adı, həm mövzusu, həm də işlənmə qaydası sovet illərini xatırladır sadəcə. Məsələn, «Azərbaycan SSR-də quruculuq» və ya «Azərbaycan sovet kəndi, XX əsrin 20-ci illərin sonu, 30-cu illər» adlı dissertasiyalar kimi. Bu mövzuları aktuallaşdırmaq üçün müəlliflər çıxış yolu da tapıblar, prezidentlər Heydər və İlham Əliyevlərdən bolluca sitatlar gətirir, onların verdiyi sərəncam və fərmanlara istinad edir, tədqiqatlarını dövlət proqramlarına uyğunlaşdırırlar. Bu nə dərəcədə alınır, o başqa məsələ. Məsələn, tarix elmləri üzrə fəlsəfə doktoru Arzu Məmmədova «Çar-Balakən camaatlığı: 17-ci əsrin sonu - 19-cu əsrin 30-cu illəri» tarixi demoqrafik tədqiqatında həm Heydər Əliyevdən, həm də İlham Əliyevdən sitatlar gətirir.

RAMİZ MEHDİYEVİN MƏQALƏLƏRİ

Bəzən də elmi tədqiqat əsəri kimi təqdim edilən dissertasiyalar hakimiyyətin mövqeyini dəstəkləyən çıxışların stenoqramını xatırladır. Məsələn, tarix elmləri üzrə fəlsəfə doktoru Elmir Cəfərovun alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın avtoreferatına baxaq. (Dissertasiya Gəncə Dövlət Universitetinin «Azərbaycan tarixi» kafedrasında yerinə yetirilib, aparıcı təşkilat Bakı Slavyan Universitetidir). «Azərbaycanda dövlət hakimiyyətinə və yerli idarəetməyə seçkilərin demokratik sisteminin yaradılması və inkişaf tarixi (1991-2005)» adlı elmi referatda deyilir ki, tədqiqatın məqsədi Azərbaycanda antidemokratik seçkilərə yer olmadığını əsaslandırmaqdır:

«Demokratik seçki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin prinsipiallığı, qanunun aliliyini hər şeydən üstün tutması, siyasi mənsubiyyətindən asılı olmadan bütün namizədlərə bərabər seçki mühitinin yaradılması… «exit-poll»un tətbiqi və sairə tədbirlər sayəsində ölkədə ədalətli seçki sistemi reallığa çevrilmişdir».

Zərdüşt Əlizadə
Müəllif Azərbaycandakı seçkilərin öyrənilməsində akademik Ramiz Mehdiyevin silsilə məqalələrinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayır.

Müxalifətin çıxışlarına toxunan Elmir Cəfərov yazır ki, demokratik seçkilər populizmə yox, elmi əsaslara söykənməlidir, boykot və səsvermənin nəticələrini tanımamaq çağırışları ədalətsizdir, seçki prosesini şübhə altına almaq cəhdi əsassızdır.

SSRİ DAĞILIR, AMMA KP-DƏN MÜDAFİƏ EDİRDİLƏR

Politoloq və filologiya elmləri namizədi Zərdüşt Əlizadə deyir ki, əslində, müəllif başqa cür yaza da bilməz. Və bunun günahkarı siyasi sistemdir. Sovet dövründə olduğu kimi…

«O dövrdə humanitar elmlər ideoloji baxımdan proqramlaşdırılmışdı, yalnız kommunist ideologiyasının yeganə doğru olduğunu sübut edən mövzular dəbdəydi. Yadımdadı, SSRİ dağılhadağılda, 1991 ya 1992-ci iliydi, Tarix İnstitutunda bir elanla rastlaşdım, doktorluq dissertasiyasının mövzusu beləydi: «Sovet İttifaqında hidromeliorasiya proqramlarının reallaşmasında Azərbaycan Kommunist Partiyasının təşkilatlandırıcı və ruhlandırıcı rolu». Bir tərəfdə Qarabağ məsələsi, bir tərəfdə Xalq Cəbhəsi mitinq keçirir, Pribaltika respublikaları ayrılır... Bunlar da hidromeliorasiyadan, Kommunist Partiyasının işindən elmi iş yazırlar. Ona görə də Qarabağ münaqişəsi başlananda, tarix elminə, ictimai elmlərə söz demək növbəsi çatanda məlum oldu ki, bizim o şöhrətli, əzəmətli akademiklərin, elmlər doktorlarının deməyə sözü yoxdur. O zaman ortaya üç-dörd adı olmayan gənclər çıxdı. Onların cəsarəti çatdı ki, baş verənləri təhlil etsinlər, söz desinlər».

«ADAMIN CİYƏRİNİ ÇIXARDARLAR»

Qaldı indiyə, Zərdüşt Əlizadə deyir ki, Azərbaycan hakimiyyətinə də sovet dövləti kimi həqiqət lazım deyil:

«Konkret qəlib formalaşıb: «ulu öndər», onun istedadlı oğlu, uğurlu daxili və xarici siyasət, xalqın bu siyasət ətrafında sıx birləşib inamla müstəqil, qüdrətli Azərbaycan quruculuğunda iştirakı». Bütün elmi işlər bu ideoloji qəlib daxilində yazılır. Biri gəlib desə ki, «Qarabağ müharibəsində Azərbaycanın məğlubiyyəti» mövzusunda müdafiə etmək istəyir, onun ciyərini çıxardarlar, gözünü tökərlər. Hərçənd bu, faktdır. Nə üçün biz alçaldıcı danışıqlara gedirik? Çünki biz məğlubuq. Kimsə bunu təhlil etmək, ictimai-siyasi səbəblərini araşdırmaq istəsə qoymazlar. Azərbaycan elmi dəhşətli vəziyyətdədir».

ARİF MEHDİYEV: «TƏƏSSÜF…»

Milli Elmlər Akademiyası
Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, akademik Arif Mehdiyevi də son illərdə yazılan əksər dissertasiyaların keyfiyyəti qane etmir:

«Dissertasiyaların əksəriyyətinin keyfiyyəti təəssüflər olsun ki, yüksək deyil. Səbəb də odur ki, mövzular müasir deyil. Elmi rəhbərlər köhnə mövzuları, onlara yaxın olan mövzuları seçirlər. Bu çox mühüm məsələdir. Bu bizdən asılı məsələ də deyil. Mövzuları universitetlərdə, institutlarda seçirlər. Elmlər Akademiyasında əlaqələndirmə şurası var və əslində onlar bu işlərə nəzarət etməli, yeni istiqamətləri müəyyənləşdirməlidirlər. Amma yenə də təəssüflər olsun ki, şura bir o qədər də yaxşı işləmir».

Arif Mehdiyev deyir ki, buna görə də son illər Azərbaycanda dünyaşöhrətli alimlərin sayı çox deyil:

«Azərbaycanlı alimlər yeni ideyaları, yeni istiqamətləri izləmirlər».

Akademik bunu da deyir ki, səbəb həm də elmi işlərin aparılması üçün müasir avadanlıqların, laboratoriyaların olmamasıdır. Bundan başqa, maaşların yüksək olmaması da işə təsir göstərir.

Arayış: Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin incəsənətin bütün istiqamətləri üzrə elmlər doktoru, elmlər namizədi, alimlik dərəcələri, professor, dosent adı verən dövlət orqanıdır. Qurumda elmin müxtəlif sahələri ilə bağlı komissiyalar fəaliyyət göstərir.

MİNLƏRLƏ ELMLƏR NAMİZƏDİ


Sonda sadəcə rəqəmlərə baxaq. AAK-ın məlumatına əsasən, 2002-2008-ci illərdə elmlər doktoru adı almaq üçün 553 doktorluq, 2838 namizədlik dissertasiyası təsdiqlənib.

Hazırda Azərbaycanda 9 minə yaxın elmlər namizədi, 1700-ə yaxın elmlər doktoru var.

Dissertantlar humanitar elmlərə daha meyllidirlər. 2003-2008-ci illərdə ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə cəmi 4334 aspirant və dissertant qəbul edilib ki, bu da bütün başqa elm sahələrində olduğundan 1161 nəfər artıqdır.

Namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş mütəxəssis sayının təhlili də eyni nəticəyə gətirir. Təkcə filologiya, hüquq və pedaqogika sahəsində 572 dissertasiya müdafiə edildiyi halda, bu rəqəm fizika, riyaziyyat, kimya və biologiya üzrə toplam 377 olub....
XS
SM
MD
LG