Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:47

Ötən həftə bloqçular nədən yazıblar?


ARTIQ TƏK AZƏRBAYCANLI JURNALİSTLƏR YOX, ƏCNƏBİLƏR DƏ İNCİDİLİR

Araz Önər yazır ki, Azərbaycanda yaşam mübarizəsi davam etməkdədir. Bu gün Azərbaycan Özbəkistanla, Türkmənistanla müqayisə edilir. Tez–tez müxtəlif insanların dilindən «Azərbaycan Türkmənistana doğru gedir» ifadəsini eşidirik:

«Günlərin bir günündə Norveçdən Azərbaycana bir jurnalist gəlir. Jurnalist gəzir, dolaşır, Azərbaycandakı vəziyyəti öyrənir. Nəhayət sonda «xalq düşməni», «ümummilli killer» Eynulla Fətullayev haqqında bir film çəkir. Geri qayıdan zaman isə hava limanında onun çantasını alırlar. Çantanın içindəki yaddaş kartında kinonun bütün materiallarını silib yerinə qoyurlar. Norveçə çatanda isə jurnalist görüb ki, yaddaş kartında heç nə yoxdur. Hakimiyyət də sevinib ki, bu paz girmədi. Sən demə norveçli jurnalist yaddaş kartında olan materialları əvvəlcədən Norveçə göndəribmiş».

Əli Novruzov yazır ki, əgər Azərbaycan hökuməti əvvəllər yalnız yerli jurnalistləri incidirdisə, indi xaricilərin də növbəsi çatıb. Bloqqer hazırda həbsdə olan jurnalist Eynulla Fətullayev barədə film çəkən norveçli jurnalistin başına gələnləri onun dili ilə nağıl edir:

«Bu, Azərbaycanda necə bir rejimin hökm sürməsi haqqında hər şeyi deyir. Mən bu soyğunçuluğu ciddi qəbul edirəm və Norveç Xarici İşlər Nazirliyi və polislə əlaqə saxlamışam. Mən Azərbaycandakı cəsarətli jurnalist dostlarıma heyranam».

«Bu, Azərbaycanda necə bir rejimin hökm sürməsi haqqında hər şeyi deyir»
Elnur Məcidli
Azərbaycan rəsmilərinin norveçli jurnalistə münasibətini anlamadığını qeyd edib.

Şahbaz Xuduoğlu isə Oslodan gələn bu jurnalistin əvvəllər Azərbaycanla bağlı bir film çəkdiyini xatırladır, film «Statoylun kölgəsi» adlanır:

«Norveçin baş nazir müavini Sanqaçal terminalında müsahibə verir, jurnalisti inandırmağa çalışır ki, Xəzərdən gələn neft Norveçlə Azərbaycan münasibətlərinə töhfə olacaq. Nazir danışır, efirdə isə 2003-cü ilin mitinqlərində döyülən insanların kadrları görünür. Bu dəhşətli kadrlar bizim həyatımızın ayrılmaz hissəsidir…».

GÜNÜN MÖVZUSU: KÜR

Devrimsol yazır ki, Kür ətrafı rayonlar Alber Kamyunun «Taun»undakı qapalı şəhəri xatırladır. Bloqçu hesab edir ki, Kürün daşması təbii fəlakət deyil və bu idarəçiliyin «çürüməsinin gətirdiyi fəlakətdir». O qeyd edir ki, çay boyunca yaşayan insanların hökumətdən rezin, uzunboğaz çəkmə istəməsi cəmiyyətin aşılandığını göstərir:

«Yeni Orleanda, hətta Darfurda zərərçəkənlər hökumətlərindən problemin həllini, praktik xilas yolunu tələb edirdi. Bizdə isə evini, sərvətini, mal-qarasını, bu gününü, sabahını itirən hakimiyyətdən...uzunboğaz çəkmə xahiş edir. Və bilir: bunu da ala bilməyəcək.
Cəmiyyət nə qədər deqradasiyaya uğramalı, hakimiyyət nə qədər öz funksiyalarına biganə olmalıdır ki, vətəndaşın maksimum istəyi rezin çəkmə olsun!».

Natiq Cəfərli qeyd edir ki, bir neçə gündür ki, bütün TV kanallar Azərbaycanın müxtəlif rayonlarında olan daşqınlardan, evlərin su altında qalmasından kadrlar göstərir. Bu süjetlərdə görünən insanların üz cizgiləri kədərlə, problemlərlə «şumlanıb»:

«Amma bu «şumlanmış» üzlər öz haqlarını tələb etmək əvəzinə, yalvararaq hökumətdən mədəd umurlar. Bu anlayış və bu davranış, onların üz cizgilərinin gələcəkdə də böylə qalacağından xəbər verir…».

ULU ÖNDƏRƏ EHTİRAM

Dəmir Yol İdarəsinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun son postunun adı belədir. Bloqundan həm də çalışdığı idarənin press-relizlərini yaymaq üçün istifadə edən bloqçu qeyd edir:

Dəmir yolunun xətt boyu yerləşən bütün müəssisələrində ümummilli liderin 87 illik yubiley tədbirləri keçirilməkdədir
«Böyük öndərin 87 illik yubileyi ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində geniş «Tədbirlər proqramı» hazırlanmışdır. Tədbirlər proqramına əsasən dəmir yolunun xətt boyu yerləşən bütün müəssisələrində ümummilli liderin 87 illik yubiley tədbirləri keçirilməkdədir. Yubiley tədbirlərinin məntiqi davamı kimi 7 may 2010-cu ildə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində təntənəli mərasim keçirilmişdir».

AZƏRBAYCANDA YAŞAMAQ İBTİDAİLİKDİR?

Firudin Allahverdi yazır ki, Azərbaycanda, Özbəkistanda, Yaxın Şərqdə, Afrikanın əksər ölkələrində yaşamağın, oradakı «ictimai müqavilə»yə üzv olmağın özü, artıq kimisə ibtidai adlandırmağa bəs edər:

«Gündəlik oxuduğumuz qəzetlərdə, saytlarda qarşımıza nə qədər «Qardaş bacısının başını balta ilə kəsdi» məzmununda xəbərlər çıxır? Nədi-nədi, bacının sevgilisi varmış. Bu – insanlararası münasibətlərin ibtidai həll yolu deyilmi? Bizim adamların evlənməyinə, boşanmağına, toyuna, yasına baxın...Hamısının formasında bir ibtidailik durmurmu?

Bəs Azərbaycan Mədəniyyəti Günləri adı verilən tədbirlərdə, 21-ci əsrdə varlığını sürdürən bir xalqın mədəniyyətinin, orta əsrlərin çobanı paltarını geyinmiş adamların vəhşi, dağ rəqsləri ilə təmsil olunması...?

Gördüyümüz kimi, biz – təqvimə görə 21-ci əsrdə yaşadığımızı düşünsək də, əslində haradasa orta əsrlərdə yaşayırıq. Bu isə insan ömrünün əslində puç olması, boşuna keçirilməsidir. Bu – faciədir».
XS
SM
MD
LG