Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:56

Türkiyə getdikcə İrana çevrilirmi?


Amerikada bəzi araşdırmaçılar güman edir ki, Mustafa Kamal Atatürkün yaratdığı dünyəvi Türkiyə Respublikası 10 ilə dəyişib İrana oxşamağa başlaya bilər.

Bret Stefens “Wall Street Journal” qəzetindəki məqaləsində bu gümanların nə dərəcədə reallığa söykəndiyini təhlil edir.

O yazır ki, 2002-ci ildə hakimiyyətə gələndən sonra baş nazir Ərdoğanın Ədalət və İnkişaf Partiyası Türkiyənin xarici siyasətini radikal şəkildə dəyişib.

O günlər çoxdan keçib ki, Türkiyənin İsraillə strateji əməkdaşlığı vardı. İki ölkə birlikdə Suriyaya, İrana, eləcə də onların maliyyələşdirdikləri terrorçu qruplara qarşı siyasət yürüdürdülər.

Yazıda qeyd edilir ki, Türkiyənin Amerika ilə sıx hərbi əməkdaşlıq etdiyi günlər də arxada qalıb. Vaxt varıydı ki, onlar ümumi düşmənlərə - SSRİ-yə və Səddam Hüseynin İraqına qarşı birləşmişdilər.

İndi Ərdoğan Suriyanın “dəmir əli”

BƏŞƏR ƏSƏDƏ "QARDAŞ" DEYİR,

İsraili Qəzzada vəhşilik törətməkdə ittiham edir.

Ərdoğan və Əhmədinejad
Həmas təşkilatı ilə diplomatik əlaqə qurmağa meyl edir. Soyqırımda ittiham edilən Sudan prezidenti ilə əlaqələr yaradır. Keçən il saxta seçki keçirib özünü İran prezidenti elan edən Mahmud Əhmədinejadı ilk təbrik edənlərdən biri də Ərdoğan olmuşdu.

AKP hökuməti Amerika prezidenti Obamanın BMT-nin Təhlükəsizlik Şurasında İrana yeni sanksiya qoymaq planlarına müqavimət göstərmişdi. Türkiyəylə İranın alış-veriş dövriyyəsi 10 milyard dollara çatıb.

Ordu Türkiyədə dünyəvi rejimin qarantıdır. Amma Ərdoğan hökuməti ordunu təzyiq altında saxlayır, bir çox hərbçiləri hökuməti devirmək planında ittiham edib tutublar. Dünyəvi rejimin və müstəqil mətbuatın böyük dəstəkçilərindən olan Doğan media qrupu milyardlarla dollar cərimə edilib.

Son sorğulara görə, Türkiyədə Amerikaya müsbət münasibət bəsləyənlərin sayı 14 faizə düşüb. Baxmayaraq ki, Amerika prezidenti Obama müsəlman dünyasına əl uzadıb, keçən il Misirdən İslam dünyasına müraciət edib.

2004-CÜ İLDƏ BU RƏQƏM 30 FAİZ İDİ


Yazı müəllifi sual verir ki, görəsən Türkiyədə sayları getdikcə azalan dünyəvi dövlət tərəfdarları niyə bu faktlardan çox narahat olmurlar.

Bret Stefens yazır ki, onlar güman ki Ərdoğan hökumətinin nail olduğu bəzi zahiri uğurlara aldanırlar. Bu da ondan ibarətdir ki, vaxtilə hiper inflyasiyadan əziyyət çəkən ölkənin iqtisadiyyatı indi ildə 7 faiz böyüyür. Bu, Avropada ən yüksək göstəricidir. Bundan başqa ölkənin öz qonşuları ilə münasibətləri sıxlaşdırması vaxtilə Osmanlı İmperiyasının regionda oynadığı mərkəzi rolu xatırladır.

Amma məqalə müəllifi yada salır ki, vaxtilə İran inqilabını edənlərin önündə liberallar gedirdi, amma inqilabdan sonra mollalar onları siyasi səhnədən süpürüb atdı.
XS
SM
MD
LG