Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

«Öz ölkəmizdə yetimik?»


Bakıda bir neçə ildir Bakıda «Qış bulvarı»nın salınmasına hazırlıq gedir. Bulvar sözü daha çox istiharət və rahatlıqla asossiasiya olunsa da, indi gələcək bulvarın ərazisində yaşayanlar ciddi narahatlıqla üzləşiblər. Bir neçə aydır Füzuli küçəsi boyu yaşayış binaları və ticarət obyektləri sökülür. Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində yaşayan ehtiyatda olan ədliyyə generalı Hüseyn Hüseynov deyir ki, dövlət onların mənzillərini ucuz qiymətə almaq istəyir:

«İLHAM ƏLİYEVƏ DƏ MÜRACİƏT ETMİŞİK»

«Nazirlər Kabinetinin qərarına əməl edilmədən, qəpik-quruşla bizi evimizdən çıxarırlar. Camaatın çoxu pulunu almayıb. Qalanlar evlərindən çıxmaq istəmir. Burada evlər bazar qiymətlərinə uyğun qiymətləndirilməli idi. Bazar qiyməti də bu ərazidə 3000-6000 manat arasındadır».

Hüseyn Hüseynov bildirir ki, ötən ilin noyabrına qədər sökülən mənzillərin sahiblərinə keyfiyyətindən asılı olaraq yüksək məbləğ təklif olunub. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, artıq Nazirlər Kabinetinin qərarı var, mənzillərin hər kvadratmetrinə 1500 manat ödəniləcək. Vətəndaşlar isə bu qərara etiraz edirlər. Onların sözlərinə görə, ərazidə elə mənzillər var ki, yaşayaş üçün minimum imkanarı da yoxdur, 6-7 nəfər zirzəmi tipli tikilidə yaşayır, elə mənzillər də var ki, YUNESKOnun qonunan abidələr sırasındadır və tarixi ötəm daşıyır, eyni zamanda yaşamaq üçün ən müasir tələblərə cavab verir.

«Biz öz ölkəmizdə yetimik? 100 nəfər mülkiyyət sahibi prezident İlham Əliyev də müraciət etmişik. Heç bir cavab yoxdur».

Fərmanda o da var ki, evlərin dəyərinin 20 faizə qədəri vətəndaşlara köçmək pulu olaraq verilməlidir. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri buna da əməl etmir:

PARK SALMAQ DÖVLƏT ƏHƏMİYYƏTLİ TƏDBİRDİR?

«Etiraz edənləri incidirlər, polisə aparırlar. Çox biabırçı durum yaranıb. Müəyyən adamlar deyir ki, bizi zorla köçürsələr, özümüzü yandıracağıq. Biz təklif edirik ki, ya bizə bu ərazidə evimizə uyğun mənzil versinlər, ya da ərazidəki mənzillərin real bazar qiymətinə uyğun pulunu versinlər ki, biz də ailələrimizi yerləşdirək».

- Hüseyn bəy, ətrafda yeni tikilən binalarda sizin mənzilinizə uyğun mənzili neçəyə almaq olar?

«Mənzilim 175 kvadratmetrdir. Bu ərazidə uyğun mənzillər 500 min manata satılır. Bizim evin yaxınlığında təmirsiz mənzillərin bir kvadratmetri 2500 manatdan başlayır. Bunun hər kvadratetrinə 1000 manat da xərcləyib təmir etmək gərəkdir. Kvadratmetri 1500 manatdan təklif olunan məbləğ heç bir halda bizi qane etmir. Mənim hüququm niyə tapdalanır? Bu, mənim əmlakımdır. Mənim mülkiyyət haqqım var. mən bunu satıram 5 manata. Alırsan al, almırsan alma. Park salınmasının adını qoyublar dövlət əhəmiyyətli tədbir. Park salmaq nə zamandan dövlət əhəmiyyətli tədbirdir?»

Hüseyn Hüseynov bildirir ki, təklif olunan məbləğin heç bir iqtisadi əsaslandırması yoxdur. Məbləğlə barı qərarın neçə hesablandığını öyrənmək üçün öncə Bakı Şəhər İcra Hakimiyyətinə, daha sonra isə Nəsimi Rayon İcra Hakimiyyətinə zəng vurduq. Ancaq suallarımıza ətraflı cavab verən məsul şəxs tapılmadı. Bakı Şəhər İcra hakimiyyətində bizə bildirdilər ki, ərazidən vətəndaşların köçürülməsi üçün ayrılan məbləğlə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Milli Bankdan Füzulinin heykəlinə qədər olan ərazidə salınacaq park dövlət əhəmiyyətli tədbirlər sırasında olduğu üçün vətəndaşların köçürülməsi vahid plan üzrə aparılır. Qiymətlər isə bazar qiymətlərin uyğundur.

YAP-IN ÜZVÜNƏ QULAQ ASAN YOXDUR

AzadlıqRadiosunun «Qaynar Xətt»inə müraciət edən Gəncə sakini Siyasəddin Quliyev deyir ki, Gəncə Şəhər İcra hakimiyyətindən şikayətçidir. YAP üzvü olan Siyasəddin Quliyev neçə illərdir işlətdiyi mağazanın fasadını təmir etmək istəyir. Ancaq icra hakimiyyəti yenidənqurma işlərinə imkan vermir:

«Mağazanın yanında mənim uzun illik icarəyə götürdüyüm ərazi var. Mağaza isə 1967-ci ildə tikilib. Mən Gəncə Şəhər icra hakimiyyətində ərazinin yenidənqurulması ilə bağlı müraciət etmişəm. Layihəni də İH-nin uyğun şöbəsi çəkib və təsdiq edib. Ancaq Gəncə şəhərinin baş memarı Məmməd İbrahimov buna imkan vermir. O, çox rüşvətxor insandır. Bu adam da pul verilməyən işlərin heç birinə imza atmır».

«VERMƏLİSƏN! VERMƏSƏN...»

- O, sizə rüşvət verməyi təklif edib? Konkret məbləğ səsləndirib?

«Təklif etsəydi, mən o faktı mütləq prokurorluq orqanlarına təqdim edərdim. Mən neçə illərdir YAP-ın üzvüyəm. Dəfələrlə ölkə başçısına, MM-ə, Gəncə İC-nə Məmməd İbrahimovun qanunsuz hərəkətlərilə bağlı şikayət yazmışam. Heç bir reaksiya yoxdur».

Siyasəddin Quliyevin sözlərinə görə, Gəncədə aparılan çoxsaylı tikinti işləri üzrə çoxsaylı qanun pozuntuları var. Vətəndaşlardan rüşvət alınması üçün onlara süni əngəllər yaradılır:

«Gəncə böyük tikinti meydançasını xatırladır. Ancaq
torpaq hərracı keçirilməyib. Bütün tikintilər bələdiyyələrin verdiyi icarə müqaviləsi əsasında tikilir. Torpaq satılanda yüksək vəzifə sahibləri hamısı o torpağın pulunu ödəyib özəlləşdirəcək. Bu, gün kimi aydın məsələdir. Gəncədə, bütünlüklə Azərbaycanda rüşvəti qanuniləşdiriblər. Verməlisən, verməsən heç bir işini görə bölməzsən».

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin şöbə müdiri Vəfa Verdiyeva isə deyir ki, Siyasəddin Qulyievin İH-nə məsələ ilə bağlı ünvanladığı təxminən 20 müraciətin hamısı qanunsuzdur:

ŞİKAYƏTİN QANUNSUZU...

«Onun mağazasına bitişin 90 kvadratmetrlik ərazi doğrudan da onun icarəsindədir. Ancaq icarə müqaviləsində həmin ərazidə hər hansı tikinti aparılması ilə bağlı göstəriş yoxdur. Bu sərəncamlar qısa müddətə verilir. Digər tərəfdən həmin ərazidə genişləndirmə işləri aparılsa, yaxınlıqdakı 9 mərtəbəli binanın yolu bağlana bilər. Ona görə də icazə verilməyib. Vətəndaşın müraciətinə cavab hazırdır, o istədiyi zaman İH-nə gəlib cavabı ala bilər».

- Bəs siz cavabları onu ünvanlayanlara göndərmirsiz?

- Yox, vətəndaşlar müraciətlərinin cavabını gəlib İH-dən almalıdırlar.

XƏSTƏ SƏHV ƏMƏLİYYAT EDİLİB, ÖLÜB...

Bakı şəhər sakini İlqar İbrahimov anasının ölümü ilə bağlı Xətai Rayon prokurorluğuna ünvanladığı şikayətin düzgün araşdırılmamasından narazıdır. İbrahimovlar iddia edir ki, şəkər xəstəsi olan anaları Şura İbrahimova Neftçilər Xəstəxanasının həkimi Kənan Yusifzadənin səhvi üzündən vəfat edib:

«Anam öd kisəsindəki ağrılardan əziyyət çəkirdi. Tanışlar bizə Kənan Yusifzadənin yaxşı cərrah olduğunu bildirdilər. Biz onun şəxsi klinikasında görüşdük. Bizə bildirdi ki, anamı lazer üsulu ilə əməliyyat edib öd kisəsindəki daşı çıxaracaq. Bunun üçün bizdən 900 manat istədi. Razılaşdıq. Dekabrın 8-də o, razılaşmamızın əksinə olaraq anamı açıq əməliyyata aldı. Əməliyyatdan sonra anamın durumu ağırlaşdı. Onu daha 2 dəfə əməliyyat etdilər. Ancaq anamın həyatını xilas edə bilmədik. Sonradan bəlli oldu ki, həkim əməliyyat zamanı anamın öd kanallarını da kəsib. Bundan sonra öd daxilə axaraq orqanizmi zəhərləyib. Bu, sonuncu müraciət etdiyimiz 5 saylı şəhər xəstəxanasının anamın ölümü ilə bağlı tibbi arayışında da təsdiq olunub».

İbrahimovlar bundan sonra Kənan Yusifzadə ilə bağlı Xətai Rayon Prokurorluğuna şikayət edib. Ancaq işi aparan Xətai Rayon Prokurorunun böyük köməkçisi Mirdaməd Əliyev sonda işə xitam verib:

«Kənan Yusifzadənin əməllərində yetərincə qanunsuzluqlar var. Sonradan biz bildik ki, o, lisenziyasız işləyir. Neftçilər Xəstəxanasında sadəcə bir neçə otaq kirayə götürüb dövlətə vergi ödəmədən çalışır. Bizim şikayətlərimizdən sonra onun şəhərin mərkəzində işlətdiyi özəl klinikası bağlandı. Ancaq o, hələ də Neftçilər Xəstəxanasında çalışır. Bundan başqa, bizə dəfələrlə gərək olmayan dərman ləvazimatları aldırıb. Anamın ölümündən sonra isə bizə vasitəçi göndərərək bildirib ki, nə qədər xərc çəkiblərsə, onu ödəməyə hazıram, şikayətlərini geri götürsünlər. Axı biz bunu necə edə bilərik? Söhbət bizim anamızdan gedir. 3 əməliyyata təxminən 40 min manat xərcləmişik. 15 min manatlıq iynə-dərmanın qəbzi bizim əlimizdədir. Onların çoxu anam üçün istifadə edilməyib. Bu qədər qanunsuzluqlara prokurorluq göz yumub işə xitam verib».

İbrahimovların vəkili İradə Cavadova da deyir ki, Xətai prokurorluğu məsələni demək olar, araşdırmayıb:

«HAKİM İŞƏ İRONİK YANAŞIR»

«Bizim istintaqa təqdim etdiyimiz dəlillər araşdırılmayıb. İşi aparan Mirdaməd Əliyev bütün məsələlərə ironik yanaşır. Aşkar şəkildə bizim sorğularımızı cavablandırmır. Axı burada dələduzluq faktı var. Ailədən külli miqdarda pul alınıb. bundan başqa ailə düşünür ki, analarını 3 dəfə cərrahiyyə əməliyyatına məruz qoymaqla ona işgəncə verilib. Bu faktların heç biri araşdırılmayıb».

Biz də Mirdaməd Əliyevə zəng vurduq. Məqsədimizi deyəndə məsələ ilə bağlı heç bir suala cavab verməyəcəyini bildirdi:

«Sualların cavabı Respublika Prokurorluğundadır. Ora müraciət edin».

Ölkə prokurorluğunun mətbuat xidmətinin başçısı Eldar Sultanov isə bildirdi ki, məsələ Xətai Prokurorluğunda ətraflı araşdırılıb:

«Məsələ araşdırılıb, uyğun ekspertiza təyin olunub. Xətai Prokurorluğunun İbrahimovlara göndərdiyi cavab məktubunda onlara yuxarı prokurorluq orqanına şikayət hüququ izah olunub. Ona görə də onlar şikayətin araşdırılmasından narazıdırlarsa, yuxarı instansiya kimi Bakı Şəhər Prokurorluğuna müraciət edə bilər».

Buna da bax:

XS
SM
MD
LG