Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:38

Türkiyə və Rusiya: Putinə bənzəyən Ərdoğan


Rusiya Federasiyası dövlət rəhbərlərinin Türkiyə Cümhuriyyətinə son iki rəsmi səfəri Moskvanı yaxından maraqlandıran sazişlərin imzalanması ilə yadda qaldı. Keçən il avqustun 6-da baş nazir Putinin Ankaraya 1 günlük səfərində imzalanan 50-yə yaxın sazişə («Komersant»ın Putini izləyən jurnalisti Andrey Kolesnikov yazmışdı ki, 6 avqust saziş imzalama günü idi - neçə saziş olsaydı, heç baxmadan imzalayacaqdılar) prezident Medvedevin 25 saatlıq rəsmi səfəri vaxtı imzalanan 25 saziş də əlavə edilərsə, məhsuldarlığın reytinqini ölçmək çətin olmaz. Hələ söhbət Rusiyanın uzun müddətdən bəri Türkiyənin atom enerjisi stansiyası layihəsi ilə bağlı sazişin imzalanmasından gedirsə.

BU ADDIM QƏRBİ QICIQLANDIRACAQ

Bəli, Rusiya enerji naziri İqor Seçin ilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın bu gün imzaladığı sazişə görə, Rusiya Mersin vilayətinin Akkuyu qəsəbəsindəki enerji stansiyasını atom enerji stansiyasına çevirəcək. Bu sazişin önəmli xüsusiyyətlərindən biri də budur ki, baş nazir Ərdoğan layihəni həyata keçirmək üçün hər hansı tenderə ehtiyac hiss etmədən onun həyata keçirilməsini hökumətlərarası sazişlə Rusiyaya verib. Mütəxəssislər keçən ildən bəri Tayyib bəyin bu addımının Qərbdə rəğbətlə qarşılanmayacağını vurğulayırlar.

VİZA MƏSƏLƏSİ

Prezident Medvedevin səfərinin yadda qalan məqamlarından biri də Türkiyə ilə Rusiya arasındakı viza rejiminin ləğv edilməsinə dair imzalanmış saziş olacaq. Bu saziş prezident Abdullah Gülü də çox sevindirib ki, Rusiyanın adından da sevincini hamı ilə bölüşməyi lazım bildi. Xatırlatmaq yerinə düşərdi ki, prezident Gül Azərbaycanla Türkiyə arasındakı viza əhvalatına dair sualı akademik Ramiz Mehdeiyevin aprelin əvvəlində Ankaraya səfəri vaxtı ona da verib və Mehdiyevdən «Türkiyə ilə viza rejimini ləğv etsək, bunu İran da tələb edər»cavabını alıb.

Prezident Abdullah Gülə yaxın mənbələr həmişə vurğulayırlar ki, regionda marağı olub Ankaranın prezident sarayına yolu düşən hər kəs Türkiyə dövlət başçısının Qarabağa dair sualı ilə qarşılaşır. Bu durumdan Rusiya dövlət başçısı da istisna olmayıb. Necə ki, Gül-Medvedyev görüşündən sonra keçirilən müştərək mətbuat konfransında Rusiya dövlət başçısı məsələyə münasibətini bu şəkildə bildirib:

Ankaranın prezident sarayına yolu düşən hər kəs Türkiyə dövlət başçısının Qarabağa dair sualı ilə qarşılaşır
QARABAĞ SUALI


«Rusiya Federasiyası və Türkiyə Dağlıq Qarabağ problemini də həll edərək Qafqaz regionunda sabitliyin gücləndirilməsinin tərəfdarıdır. Rusiya Federasiyası bütün fürsətlərdən və təsir gücündən istifadə edərək prosesi irəlilətməyə çalışacaqdır».

Prezident Medvedevin Türkiyəyə səfərini və iki ölkə arasında son vaxtlarda bütün sahələrdə güclənən əməkdaşlığı siyasi müşahidəçilər necə dəyərləndirir? Qarabağ probleminin həlli və Qafqazda sabitlik yaradılması üçün Rusiya Türkiyəyə bölgədə nə qədər manevr sahəsi verə bilər?

«PANTÜRKİST» YANAŞMA TƏRZİ YERİNİ ƏMƏKDAŞLIĞA BURAXIR

AzadlıqRadiosunun suallarına cavab verən «Milliyyət» qəzetinin beynəlxalq məsələlər üzrə şərhçisi Kadri Gürselə görə, Rusiyanın Qafqazda öz gücünü kiminləsə bölüşməsindən söhbət gedə bilməz. Buna görə də Türkiyə Qafqazda atacağı bir çox addımı və yaratmaq istədiyi təsir sahəsini Rusiya ilə razılaşdırmalıdır. Gürselə görə, 90-cı illərin əvvəlində Rusiyada Türkiyə ilə bağlı yaranan «pantürkist» yanaşma tərzi indi yerini əməkdaşlığa buraxır.

Vladimir Putin 2004-cü ilin dekabrında Türkiyəyə ilk rəsmi səfərində rus firmalarının enerji tenderlərində qalib gəlməsinə baxmayaraq, türk məhkəmələrinin o tenderləri ləğv etdiyindən şikayətlənmişdi. Putin demişdi ki, Türkiyənin alması üçün bir hərbi vertalyota «Ərdoğan» adını verdik - ancaq yenə almadınız. O vaxtdan bəri durumun nə qədər dəyişdiyini prezident Medvedevin səfərində imzalanan sazişlər göstərir. Türkiyənin nə qədər dəyişdiyini isə yerli və əcnəbi siyasi şərhçilərin Tayyib Ərdoğanı Vladimir Putinlə tez-tez müqayisə etmələri...
XS
SM
MD
LG