Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:59

Milli fəalların həbsinin növbəti dalğası


İranda 22 may hadisələrinin - azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü , 2007-ci il
İranda 22 may hadisələrinin - azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü , 2007-ci il
«Bu xəbəri yayın, qoy hamı bilsin. Əvvəl danırdılar, deyirdilər burada belə bir adam yoxdur, gətirməmişik. Sonra da dedilər buradadır, indi də danışmağa imkan vermirlər. Əgər o bir iş görübsə bizə desinlər də, niyə demirlər? Gecə saat 2-də gəlib evdən aparıblar. Uşaqlarım yatmışdılar. Evin hər yerini dolanıb vurublar bir-birinə. Məni rəsmən təhdid ediblər».

Bu, İranda Azərbaycan dili və milli kimliyi uğrunda mübarizə aparan fəallardan biri, müəllim və şair Bəhmən Nəsirzadənin xanımı Rüqəyyə Əziminin dedikləridir. Xanım Əziminin sözlərinə görə, Bəhmən Nəsirzadəni İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Maku şöbəsinin əməkdaşları mayın 22-də gecə gəlib evdən aparanda deyiblər ki, o, 2 saata geri qayıdacaq. Amma aradan keçəni artıq 3 gün olub, hələ də Nəsirzadə evinə qayıtmayıb. Qayıtmağı bir yana, ETTELAT onun yerini də ailəsindən gizlədirmiş. Axırda Nəsirzadənin dərs dediyi mədrəsənin müdiri zəng vurub soruşduqdan sonra onun saxlanıldığını və 3-4 günə buraxılacağını bildiriblər.

Xanımının dediyinə görə, ETTELAT-ın əməkdaşları Bəhmən Nəsirzadənin evindən kompyuter, CD-lər, kitablar və digər əşyalar aparıblar.

AZI 20-YƏ YAXIN AZƏRBAYCANLI HƏBS OLUNUB

İranda 22 may hadisələrinin - azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə bağlı ötən 10 gün ərzində azı 20-yə yaxın azərbaycanlı həbs olunub. Həbslər həmçinin Təbriz, Sulduz, Moğan və digər şəhərlərdə həyata keçirilib. Tutulanların həbsinə həmin hadisələrə dair bildiriş yaymalarının səbəb olduğu deyilir. Ancaq saxlananlar barədə ailələrinə heç bir məlumat verilmir, hansı ittiham üzrə həbs olunduqları da açıqlanmır. Həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir.

İranda milli kimlik uğrunda mübarizə aparan azərbaycanlı fəallardan biri, Rəşt Universitetinin tələbəsi Siyamək Mirzayinin də ailəsi bir müddət axtardıqdan sonra ondan xəbər tuta bilib. O da ki, nə günahın sahibi olduğu, niyə tutulduğu yox, sadəcə harada saxlanıldığı barədə. Oğlunu təxminən 1 həftə sonra Ərdəbil zindanında tapan Qədir Mirzayi bu xəbəri ona verən hökumətdən
Yaşar Həkkəkpur
razılıq edir:

«Dedim görüm haradadır mənim uşağım? Dövlətimiz mənə düzünü dedi. Dedi burada zindandır. Danışdım özü ilə. Allah bunları saxlasın».

FƏALLAR UZUN İLLƏRDİR Kİ, BELƏ HƏBSLƏRLƏ ÜZBƏÜZDÜRLƏR

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, ümumi götürəndə neçə illərdir ki, İranda dil, milli kimlik sahəsində çalışan fəallar uzun illərdir ki, belə həbslərlə üzbəüzdürlər. Zaman-zaman həbslər artır, azalır. 2006-cı ilin may hadisələri də bu həbslərin artmasına təkan verdi. İran qəzetində azərbaycanlıların heysiyyatına toxunulması kütləvi etirazlara yol açdı. O vaxtdan hər il mayın 22-də Təbriz, Ərdəbil, Urmiyə və digər şəhərlərdə azərbaycanlılar mərasimlər keçirirlər. Hətta bu mərasimlər keçirilmədən İran hökuməti milli haqları mədəni şəkildə dilinə gətirən fəalları həbs edir. Məqsəd bu cür tədbirlərin keçirilməsinin qarşısını almaqdır:

«Belə düşünürlər ki, bu qadağalarla, milləti tutmaqla bu istəklərin qabağını almaq olacaq. Ancaq mən belə düşünürəm ki, heç vaxt heç bir dövlət insanları tutmaqla, həbsə atmaqla onların insani istəklərinin qarşısını ala bilməyib. Bu cür addımlarla insanları susdurmaq olmayıb».

2006-cı il mayın 22-də İranın rəsmi qəzetində çıxan məqalədə türklər tarakana bənzədilmişdi. Bu təhqirə etiraz olaraq ölkənin bir çox şəhərlərində azərbaycanlılar parklara, xiyabanlara çıxaraq aksiyalar keçirmişdilər. Bu hadisələrdə onlarla azərbaycanlı həlak olmuş, minlərlə insan yaralanmış və həbs edilmişdi.
XS
SM
MD
LG