Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

Bir postda gördüklərim, eşitdiklərim və çəkdiklərim...



İRANLI SÜRÜCÜLƏRİN AZƏRBAYCAN TƏSƏVVÜRLƏRİ

“Astara postundan keçəndə maşınımızı ölçüblər, Telman postunda ölçüblər, Ələtdə ölçüblər, bu da dördüncü yoxlamadır. Mən heç bir ölkədə belə şey görməmişəm.”


Mən Bakı-Ələt yolunun 49-cu kilometrliyinə çatanda İrandan Azərbaycana yük gətirən sürücünün bu sözlərlə xidmət müfəttişi ilə mübahisə etdiyini eşitdim. Söhbət “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti nəzdində yeni yaradılan Yolların Mühafizə Xidmətinin postundan gedir. (İndi Azərbaycan yollarında öz postunu yerləşdirən dövlət qurumlarının sırasında bu cəmiyyət də əlavə edilib – red.). Sürücülər saxlandıqları posta qədər üç yerdə eyni yoxlamadan keçdiklərini desələr də, müfəttiş onlardan sənəd tələb edirdi:
Astarada 50, Bakıda 150 manat rüşvət verdiyini deyən iranlı sürücü, 2 iyun 2010

- Sənin sənədində maşının çəkisi sıfır göstərilib.
- Sən onu mənə yox, Astaradakı postunuza de, mənə bu sənədi veriblər.
- Ona görə maşını tərəziyə çıxarmalısan.
- Astarada 50 dollar cərimə ödəmişəm, bura qədərki postlarda maşını ölçüblər, heç bir şey deməyiblər. Dünyanı dolanmışam, hər yerə getmişəm, Allaha and olsun Gürcüstana girəndə çıxana qədər bir polis maşını saxlamır.

Bu çək-çevirdən sonra Yolları Mühafizə Xidmətinin müfəttişləri artıq yük olsa da iranlı sürücülərdən birinə güzəşt etdiklərini deyib cərimə yazmadı. İkinci maşında yükün normadan iki tona qədər artıq olduğunu bildirib sürücüyə göstəriş verdi ki, maşını yolun kənarına çəkib saxlasın. Müfəttişlərdən biri sürücüyə artıq yükün boşaldılacağı ilə bağlı xəbərdarlıq da etdi. Amma bu xəbərdarlıqdan cəmi 20 dəqiqə sonra müfəttişin artıq saydığı yük boşaldılmadan maşın yoluna davam etməyə başladı.

Adını deməyən sürücü mənə bu sirr belə başa saldı: malın sahibinə zəng elədim, o, bunlarla 150 manata razılaşdı, mən də pulu verib yaxamı əllərindən qurtardım. Astara postunda olduğu kimi ona bu dəfə də ödədiyi pula görə heç bir sənəd verməyiblər.

SÜRÜCÜLƏRİN YOLLARDAN YOX, RƏFTARDAN YORULUBLAR
İrandan gələn yük maşını ölçülür, 2 iyun 2010

“Mən bu qədər başqa yerlərə gedib-gəlirəm, yorulmuram, amma Azərbaycana gələndə həqiqətən yoruluram. Elə-belə, yalandan sənədimi polis alır, sonra qaytarmır, deyir, nə bilim, mənim haqqımı ver, mənə hörmət elə. Deyirəm, heç bir qaydanı pozmamışam, deyir, yolu səhv getmisən, nə bilim, çox üzülürəm Azərbaycandakı bu hala.”

Əcnəbi sürücülər təkcə rüşvət hallarından yox, həm də yollarda onlarla kobud rəftardan narazılıq edirlər:

“Normal danışılmadı, özün gördün, məmur fit çalıb maşın saxlayar? Nə xəbərdi, maşını atım gedim? Maşınla adam öldürməmişəm ki, mən də azərbaycanlıyam da.”

Sürücülər deyirlər ki, hər postda yolu iki tərəfdən yarıya qədər bağlayır, maşını da saxlamaq üçün 7-8 müfəttiş maşının qabağına tökülüşür. Xüsusilə İrandan olan sürücülər bu mənzərənin Azərbaycan haqqında heç də yaxşı təsəvvür yaratmadığını vurğulayırdılar.

Azərbaycanın özündən olan sürücülər də bu xidmətin yollara qoyduğu müfəttişlərdən qəzəblə danışırlar. Onların bildirdiklərinə görə müfəttişə pul verən, yuxarılara zəng edən sürücülərin nə artıq yükü boşaldılır, nə də onlara cərimə protokolları yazılır. Elə mən olduğum postda da normadan artıq yükə görə saxlanılan “Qazel” markalı maşının sürücüsünün harasa zəngindən sonra onun “artıq çəki problemi” tez bir zamanda həllini tapdı. Sürücü ilə söhbətdən məlum oldu ki, maşındakı yük rayonların birində tikilən Heydər Əliyev Mərkəzi üçün üzlük plitələrdir.

POSTDAKI MÜFƏTTİŞLƏRİN HAMISI EYNİ VAXTDA MAŞINLARIN QARŞISINI KƏSİR
Müfəttişlər hamılıqla maşınların qabağına çıxırlar, 2 iyun 2010

Bakı-Ələt yolunun 49-cu kilometrliyində - Yolların Mühafizə Xidmətinin bu postunu bir daha yaxından tanıdım.

Postun 20 nəfərə yaxın işçisi var. Səhər saat 10-da başlayan beş dəqiqəlik toplantıdan sonra əməkdaşların ilk işi İtaliya istehsalı olan lentşəkilli tərəzini iş yerlərinin qarşısından keçən magistral yolla daşımaq olur. Tərəzi tam hazır olandan sonra iki hissəyə bölünən əməkdaşlar hər iki tərəfdən gələn yük maşınlarını yola sərdikləri həmin tərəzinin üstünə yönəltməyə başlayırlar.

Hər iki tərəfdən yarıya qədər bağlanan yolda saxlama göstərişinə əməl etməyəndə müfəttişlər hamılıqla tökülüb sürücünü dayanmağa məcbur edirlər. Bu səbəbdən bu postda sürücülərlə müfəttişlər arasında tez-tez mübahisə və davalar olur. Həmin postda olduğum bir neçə saat ərzində bir neçə dəfə həmin davalara da şahidlik etməli oldum.

Həm mühafizə xidməti postunda olan müfəttişlər, həm “Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev maşınlarda normadan artıq yüklərin postlarda boşaldıldığını desələr də, postun yan-yörəsində yük boşaldılan yer yox idi.

"PULU ALIRIQ, QƏBZİ VERMƏYƏ ŞƏRAİT YOXDUR"

Əməkdaşların oturması üçün post tikilsə də orda normal xidmətin olmadığını müfəttişlər özləri etiraf edirdilər. Dediklərinə görə şərait olmadığından cərimə kimi aldıqları pulun qəbzi sürücülərə bir, və ya bir-neçə gün sonra verilir, yaxud sürücülər cəriməni yaxınlıqdakı bank filiallarına ödəyib qəbzi mühafizə xidmətinə təqdim edirlər.
Yolları Mühafizə Xidmətinin postu, 2 iyun 2010

Pul ödənilməyəndə maşının texniki pasportu və sürücünün şəxsiyyət vəsiqəsinin surəti götürülür və sürücüyə cəriməni ödəmək üçün 10 gün vaxt verilir. Bundan sonra ödənilən pul və sənədlərin sürəti tərtib olunmuş protokolla birgə Nəqliyyat Nazirliyinə göndərilir.

Sürücülərin bəziləri maşınlara artıq yük vurmağa məcbur olmalarını da elə həmin müfəttişlərlə izah edirlər. Onlar bildirirlər ki, verdikləri qanunsuz pulu çıxartmaq üçün maşınlarına əlavə yük vurmalı olurlar.

AZƏRYOLSERVİSİN İZAHLARI

Yolların Mühafizə Xidmətinin müfəttişləri sürücülərin incidilməsi, onlardan yersiz pul alınması barədə deyilənləri yalan adlandırırlar.

“Azəryolservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pünhan Mürsəliyev deyir ki, əgər sürücü maşını saxlamırsa, onda müfəttişlər məcburdurlar ki, maşının qabağına çıxıb onu dayandırsınlar.

Sürücü saxlamır, müfəttiş nə etməlidir? O, öz missiyasını yerinə yetirməyə çalışır. Maşının qabağına çıxırsa, yenə də saxlamır. Təsəvvür edin, az qala müfəttişləri maşının altına salmaq istəyir sürücülər. Şəxsən bir neçə dəfə elə mən özüm də ölümlə üzləşmişəm. Onların öhdəsindən gəlmək qeyri-mümkündür. Biz dəfələrlə çəkilişlər aparmışıq, əlimizdə xeyli belə faktlar var.
Müfəttişlər tərəzilərini yola çəkirlər, 2 iyun 2010

Pünhan Mürsəliyev deyir onlar Nazirlər Kabinetinin yolların mühafizəsinə dair 2009-cu ildə verdiyi 104 saylı qərarı yerinə yetirirlər. Xidmət rəhbərinə görə, bəzən onları sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edirlər, amma yolların dağılmasından heç kim danışmaq istəmir.

Sizcə sahibkarlıq özü bir qayda-qanun çərçivəsində olmalıdır ya yox? Azərbaycanın avtomobil yolları dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətini dağıtmaqla necə sahibkarlıqla məşğul olmaq olar? Mən bu suala cavab tapa bilmirəm. Yolların çəkilməsinə küllü miqdarda pul xərclənir, niyə dağılmalıdır o yollar?! ”

Pünhan Mürsəliyev Yolların Mühafizə Xidməti postlarında sürücülərdən pul alınmasını da təkzib edir. Bildirir ki, bu məsələ rəhbərliyin ciddi nəzarətindədir və hansısa müfəttişin sürücüdən rüşvət alması qeyri-mümkündür.

Rüşvət faktını göstərin və sübut edin, səhəri gün həmin müfəttişin o postda işləməsi mümkün olmayacaq.

BİR CÜMLƏLİK CAVABLAR: "FAKT TƏSDİQİNİ TAPMADI"
Tərəziyə çıxarılan yük maşını, 2 iyun 2010

Ötən ilin yayında Yolların Mühafizə Xidmətinin Şimal bölgəsi əməkdaşları sürücü Mehman Əmirquliyevi guya idarə etdiyi maşını saxlamadığına görə döymüşdülər. Sürücünü hüquqlarını müdafiə edən Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin sədri Vidadi İsgəndərov deyir ki, Mehman Əmirquliyevin döyülməsi faktının videolentə alınmasına baxmayaraq, onu döyən müfəttişlərin cəzalandırılmaması onu göstərir ki, sürücülərə kobud davranan, onlardan pul alanlar cəzasızlıqdan istifadə edirlər.

Hüquq müdafiəçisi bildirir ki, son on ay ərzində Yolların Mühafizə Xidməti əməkdaşlarının qanunsuz hərəkətlərilə bağlı prokurorluq orqanlarına onlarla şikayətlər ediblər. Amma bütün şikayətlərə eyni məzmunda bir cümlə ilə cavab verirlər: fakt təsdiq edilmədi.
XS
SM
MD
LG