Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 17:55

«Aksiya üçün məkanların əksəriyyəti tikinti yerinə çevrilib»


Zahid Oruc
Zahid Oruc
«Bakı şəhərində mitinq keçirmək üçün məkan demək olar ki, yoxdur».

Deputat Zahid Oruc «İşdən sonra» proqramında belə deyib. O bildirib ki, siyasi mövqeyindən asılı olmayaraq bütün qüvvələrin aksiya keçirmək hüququ var. Onun sözlərinə görə, qanun layihəsi hazırlananda məlum idi ki, məkan baxımından kompromis tapmaq mümkün olmayacaq. Amma Zahid Oruc hesab edir ki, aksiyalar üçün müvafiq yer tapılıb qüvvələrə verilməlidir:

«Həmin qanuna yenidən baxılanda və Venesiya Komissiyası buna rəy verəndə, parlamentdə müzakirə zamanı gerçək tərəfin qəbul olunmasının tərəfindəydik. Böyük mitinqlərin keçirilməsinin qeyri-real olduğunu, qanunda olan müddəaların bəri başdan gerçək şəraiti nəzərə almadan daxil olduğunu deyirdik. Sırf Avropa qurumları ilə əməkdaşlıq naminə və bu məcrada tapılmış kompromisi pozmamaq üçün həmin dövrdə o sənəd o cür qəbul olundu. Bilirdik ki, bu, növbəti kəskin qarşıdurmalara səbəb olacaq».

Zahid Oruc deyib ki, aksiyaların keçirilməsinin tərəfdarıdır. Amma deputat bildirib ki,
Bakı Şəhər İcra Hakimiyyətinin apardığı tikinti siyasətinin nəticəsi olaraq, geniş izdihamlı meydanlar və aksiya üçün məkanların əksəriyyəti tikinti yerinə çevrilib.

Deputat ümidvar olduğunu deyib ki, ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorelin son vaxtlar Bakı Şəhər İcra Hakimiyyəti ilə apardığı danışıqlar praktikada öz əksini tapacaq:

Arif Hacılı
«Bilge Cankorel kifayət qədər ciddi insandır və o, özündən fikirlər söyləməz».

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, doğrudan da Bakı Şəhər İcra Hakimiyyətinin mitinq keçirmək üçün təklif etdiyi yerlər məqbul deyil:

«Ümumiyyətlə, Bakı Şəhər İcra Hakimiyyətinin aksiyalar üçün yer ayırması beynəlxalq qanunlara, Azərbaycan Konstitusiyasına, «Sərbəst toplaşmaq haqqında» qanuna ziddir».

Arif Hacılı deyib ki, adətən avtoritar rejimlərdə belə addımlar atılır. Aksiyalar üçün yer ayrılması ilə bağlı ATƏT-in Bakı ofisinin icra hakimiyyəti ilə birgə danışıqlarına gəlincə, müsavatçı deyib ki, bu məsələ daha yuxarı instansiyalarda müzakirə olunur və hər halda müsbət cavab gözləmək olar.


/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG