Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:20

Bundan sonra uşaqlarımıza adları da məmurlar qoyacaq?


Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov
Bu yaxınlarda Milli Məclisdə Ailə Məcəlləsinin 53-cü maddəsinə dəyişiklik edilib. Bu dəyişiklik nəyə xidmət edir? Bundan sonra yeni doğulan uşaqlara adların qoyulması, ya kiminsə adının və soyadının dəyişdirilməsi necə olacaq?

AzadlıqRadiosu və «İnternyus-Azərbaycan» təşkilatının birgə layihəsində - «Hər kəsin haqqı var» verilişində bu məsələ müzakirə olunub.

«Ola bilər ki, valideyn övladına Canavar, yaxud Nəlbəki adını qoymaq istəyir. Konstitusiyaya görə hər kəsin ad daşımaq hüququ var. Amma söhbət insandan gedirsə, ona insan adı qoyulmalıdır».

Bunu millət vəkili Rəfael Cəbrayılov deyir. Onun sözlərinə görə, Ailə Məcəlləsinin 53-cü maddəsinə edilən son dəyişikliklər mətbuatda düzgün qiymətləndirilmir. Onun sözlərinə görə, son dəyişiklik ad dəyişdirilməsi sahəsində qayda-qanun yaradılmasını nəzərdə tutur:

BU SAHƏDƏ SÜRÜNDÜRMƏÇİLİK VAR

«Azərbaycanda hələ sovet dövründən adların dəyişdirilməsinə icazə vardı. Amma bunu neçəyə, hansı sənədlər əsasında və necə həyata keçirməyin qaydaları yox idi. Ad ya soyad dəyişmək istəyəndə hər məmur öz savadına uyğun sənəd tələb edir, biri arxivdən arayış istəyir, digəri yaş kağızını istəyir, müxtəlif müddətlər təyin edir. İndi bu sahədə kifayət qədər süründürməçilik və qaydasızlıq var».

ATANIN ÖZÜNÜ DƏYİŞMİRSƏN

R.Cəbrayılovun dediyinə görə, dəyişikliklər əsnasında ata adının dəyişdirilməsi ilə bağlı məsələyə çox irad səslənir:

«Amma burda söhbət bioloji fərd kimi atanı dəyişməkdən yox, atanın hər hansı səbəbdən adının dəyişəcəyi halda övladların da pasportlarında dəyişiklik edilməsindən gedir. Uşaq övladlığa götürülübsə, təbii ki, ata adı dəyişməlidir».

ASLAN DA HEYVAN ADIDIR, ONU NECƏ EDƏK?


Hüquqşünas İradə Cavadova isə insanların ad seçimində məhdudiyyət qoyulmasını düzgün saymır. Onun fikrincə, hərəyə öz istəyinə uyğun övladına ad seçmək hüququ verilməlidir. Bu məsələni hansısa bir çərçivəyə salmaq düzgün
İradə Cavadova
deyil:

«Deyirsiz, gərək insanın insan adı olsun. Onda Aslan adı necə olsun? İcra Hakimiyyəti deyəcəkmi ki, bu, heyvan adıdır? Bəlkə deyəcək ki, Aslan olar, amma Pələng olmaz. İcra Hakimiyyəti orqanı bu istiqamətdə sadəcə maarifləndirmə işi apara bilər ki, övlad böyüyəndə bu ada görə narahat ola bilər. Məncə, şüurda dəyişiklik etmək lazımdır. Onsuz da yetkinlik yaşına çatan şəxsə öz adını dəyişdirmək hüququ verilir».

R.Cəbrayılov isə Tərlan, Göyərçin, Maral, Pələng kimi adları misal çəkərək artıq bir sıra qəbul edilmiş adların yasaq ediləcəyinin gündəmdə olmadığını söyləyir:

«İstənilən insan adının tərcüməsi onsuz da nəyəsə gedib çıxır. Bu baxımdan, insanların seçim hüququna qarışa bilmərik. İnsan adı daşımırsa, kənarlaşmalar varsa, bu, onun öz işidir».

VAZGEN ADI QOYACAĞIMI DEYƏNDƏ, METEYƏ İCAZƏ VERDİLƏR


Tanınmış jurnalist Şahvələd Çobanoğlu oğlunun adını Mete qoymaq istəyib. Amma müvafiq idarədən ona Azərbaycan dilində belə ad olmadığını bildiriblər. Onda da jurnalist Ədliyyə Nazirliyinə rəsmən müraciət edərək oğluna Vazgen adı qoyacağını söyləyib:

«Mete xan bizim tariximizdə adlı-sanlı adamlardan biri olub. Amma uşağın adının yazılmasına gələndə, buna heç cür razılaşmadılar. Ərizə yazıb apardım ki, əgər mənim tarixi adlarımızdan birini öz övladlarıma qoymağa imkanım yoxdursa, onda uşağımın adını Vazgen qoyun. Ərizəni verən kimi dərhal yığışdılar və harasa zəng elədilər. Sonra dedilər ki, sən demə Mete adı Azərbaycan tarixində var və övladınıza bu adı qoymaq olar».

MƏMUR TARİXİ BİLMİRSƏ, VƏTƏNDAŞ NEYLƏSİN?

Bu məsələni şərh edən İradə Cavadova söyləyir ki, məmur hansısa tarixi şəxsiyyəti bilmirsə, vətəndaş neyləməlidir?

Şahvələd Çobanoğlu
«Gedib həmin kitabı tapmalıdır? Məmurlar bu məsələyə bir az tolerant yanaşmalıdır. Məncə, ad söyüşdən, pis məna verən sözdən ibarət olmamalıdır. Qalan hallarda valideynə təzyiq etmək olmaz».

Rəfael Cəbrayılovun özü də bu məsələdə qayda-qanun yaradılmasının tərəfdarıdır. Deputat deyir ki, adlarla bağlı ayrıca qanunun qəbulu daha məqsədəuyğun olardı:

«Qanunda göstərilməlidir ki, ad, soyad və ata adı hansı ardıcıllıqla yazılmalıdır. Biz hələ də sovetdən qalma formanı tətbiq edirik. Elə mənim öz adım – Rəfael sözünü 6-7 variantda yazırlar. Halbuki, adın vahid yazılışının olması vacibdir. Bu təcrübə formalaşmalıdır».

AMERİKANIN DEVİZİNİ ÖZÜNƏ AD SEÇİB

Beynəlxalq təcrübəyə gəlincə, bir çox ölkələrdə sakinlərin adlarını dəyişdirməsi adi haldır. Avropa ölkələrinin əksəriyyətində yetkinlik yaşına çatanlar adi bir blank doldurmaqla adlarını dəyişə bilirlər. ABŞ vətəndaşı Kris isə deyir ki, Amerikada yerli sakinlər öz adlarını bəyənməyəndə, tanınmış insanların adını götürürlər:

«Hansı ki, onları hər kəs tanıyır. Vellinqton, Vaşinqton. Hər kəs bilir ki, bunlar kimdir».

Norveçdə isə maraqlı bir hadisə baş verib . Andreas Yankov adlı kinonu sevən bir şəxs öz adını dəyişib. İndi onun adı – Yulius Andreas Gimli Arn MakVayer Çubakka Heylender Elessar Yankovdur. Bunlar «Dağ adamı», «Ulduz müharibələri», «Üzüklərin hökmdarı» filmlərinin qəhrəmanlarının adlarıdır.

Ukraynada isə bir uşaq Tualet adını daşıyır. Rusiyada 1 il əvvəl valideynlər yeni doğulmuş uşaqlarına BOÇ RVF 260602 adını veriblər. Çikaqoda isə 57 yaşlı Stiv Kroyşir adını ABŞ-ın rəsmi devizinə dəyişib. İndi bu şəxsin ad və soyadı belədir: «In God We Trust» («Ümidimiz Allahadır»)
XS
SM
MD
LG