Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:29

«Prezident seçkisi vaxtı olan irəliləyişlər əhəmiyyətli sayıla bilməz»


Berit Lindeman
Berit Lindeman
«Qətnamə layihəsinin birinin versiyasında belə, bir cümlə yox idi ki, Azərbaycanda keçən prezident seçkisində əhəmiyyətli irəliləyiş əldə olunub. Sonradan komitə daxilində müzakirədən sonra bu söz əlavə olundu».

Norveç Helsinki Komitəsinin nümayəndəsi Berit Lindeman bunu Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin hazırladığı qətnamə haqqında deyib.

Qətnamə layihəsi iyunun 24-də keçirilən dinləmələrdə müzakirəyə çıxarılır. Berit Lindeman deyir ki, bu qətnamənin dəyişdirilməsinin və «əhəmiyyətli» sözünün əlavə edilməsinin həmməruzəçilər Andres Herkel və Joy Debano Qreşin ideyası olmasına inanmır:

AZƏRBAYCANDA PREZİDENT SEÇKİSİ VAXTI OLAN İRƏLİLƏYİŞLƏR YALNIZ TEXNİKİ XARAKTERLİ OLUB

- Bizim – Norveç Helsinki Komitəsinin və digər beynəlxalq təşkilatların təklifi budur ki, bu məqam çıxarılsın, çünki Azərbaycanda prezident seçkisi vaxtı olan irəliləyişlər yalnız texniki xarakterli olub və əhəmiyyətli sayıla bilməz. Bu dəyişikliklər demokratik vəziyyətin yaxşılaşmasına şərait yaratmayıb.

Müzakirəyə təqdim olunan qətnamə layihəsində deyilir ki, Parlament Assambleyası Azərbaycanda medianın vəziyyətindən narazı olduğunu bildirir, jurnalistlərin həbs olunmasını, qorxudulmasını, fiziki təzyiqə məruz qalmasını pisləyir.

Assambleya həmçinin həbsdəki gənc fəallar Emin Milli və Adnan Hacızadənin vəziyyəti ilə bağlı narazılıq ifadə edir. Hesabat layihəsi hökuməti Avropa İnsan Haqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması barədə qərarına hörmətlə yanaşmağa çağırır.
Andres Herkel
Layihədə həmçinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçkidə iştirak üçün müxalifətə bərabər imkanlar yaradılması tövsiyə olunur.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel iyunun 12-si «Media forum»a acıqlamasında demişdi ki, bu dəfə hesabatın tam mətni təqdim edilməyəcək, çünki diqqəti seçkiöncəsi vəziyyətə yönəltmək lazımdır:

«Hesabata həmçinin mətbuat, söz azadlığı, toplaşmaq azadlığı kimi aktual məsələlər daxil ediləcək. Həbsdə olan gənc bloqçularla, jurnalistlərlə bağlı informasiyalar da olacaq».

QÜSURLARI ARADAN QALDIRMAĞIN ƏVƏZİNDƏ AZƏRBAYCAN HÖKUMƏTİ DAHA ÇOX LOBBİÇİLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞULDUR

Andres Herkel dinləmələrdən əvvəl «Turan» agentliyinə isə müsahibəsində deyib ki, bu cür qüsurları aradan qaldırmağın əvəzində Azərbaycan hökuməti daha çox lobbiçilik fəaliyyəti ilə məşğuldur.

Herkel detallar haqda danışmayıb, amma hazırda AŞPA-nın sessiyasında iştirak edən hüquq müdafiəçisi Vüqar Qocayev deyir ki, müzakirələr vaxtı doğrudan da hakimiyyətin lobbiçilik fəaliyyəti aktivləşir və parlamentdə deputatları öz tərəflərinə çəkirlər:

MÜZAKİRƏLƏR QIZĞIN KEÇƏCƏK

Səməd Seyidov
«Müzakirələr maraqlı və qızğın keçəcək. Hökumətin lobbi qruplarının dəstəyini gözləmək olar. İndidən demək çətindir ki, QHT-lərin təklif etdiyi düzəlişlər keçəcək, yoxsa yox».

SƏMƏD SEYİDOV AŞPA-NI TƏNQİD EDİR

AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bu arada Şuranın özünü tənqid edib. O deyib ki, bu qurum getdikcə demokratiya, insan haqları dəyərlərini itirir:

«Azərbaycanın ərazisi işğal altındadır. Amma biz görmürük ki, Avropa qəbul etdiyi qətnamələri özündə güc tapıb həyata keçirmək imkanı əldə etsin. Nə üçün gündəlik hadisəyə çevrilmiş beynəlxalq qanuna riayət etməmək, etnik təmizləmə aparmaq, ölkələri işğal etmək, onların ərazi bütövlüyünü pozmaq kimi hallarla qarşılaşırıq? Niyə Avropa Şurasının üzvü olan ölkələr beynəlxalq qanunu pozmalarına və bununla fəxr etmələrinə baxmayaraq, həmin təşkilatın layiqli üzvü tək qəbul olunur?».

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti müzakirələrdə demokratiya ilə bağlı problemlərin olması barədə iradlara cavabında daha çox Dağlıq Qarabağ münaqişəsinin və köçkünlərin hüquqlarının müdafiə olunmasının vacibliyini qabardırlar.
XS
SM
MD
LG