Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

«Aqressivlikdə Rusiya kəşfiyyatının rəqibi yoxdur»


Amerika əks-kəşfiyyatı Amerikanın 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub
Amerika əks-kəşfiyyatı Amerikanın 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub
Rusiya kəşfiyyatının Moskvadakı qərargahından Amerikaya belə bir mesaj gedib:

«Siz Amerikaya uzun müddətə göndərilmisiniz. Sizin təhsiliniz, bank hesabınız, şəxsi maşınınız bir məqsədə xidmət edir - əsas missiyanı yerinə yetirmək - Amerikanın siyasətini müəyyən edən dairələrlə əlaqə axtarmaq və yaratmaq və bizə məlumat vermək».

Amerika əks-kəşfiyyatı bu mesajı ələ keçirəndən sonra Amerikanın 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub, biri də axtarılır. Amerika hökuməti həmin adamları «uzun müddət və tam gizli şəkildə» Rusiyaya işləməkdə günahlandırır.

Tutulanlardan 2 nəfəri birbaşa Rusiya kəşfiyyatına casusluqda ittiham olunur. Qalanlar Rusiyanın qanunsuz agentləri hesab olunur.

Amerika qanunlarına görə, xarici hökumətə işləyən istənilən şəxs Amerikanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.

Tutulanlardan iki nəfərinə çirkli pul yumaq ittihamı irəli sürülüb.

Maraqlıdır ki, xarici hökumətə qeyri-qanuni işləməyə Amerika qanunu 5 il, çirkli pul yumağa isə 20 il həbs cəzası nəzərdə tutur.

Rusiya Amerikanın ittihamlarını rədd edir və izahat gözlədiyini deyir.

AMERİKADA RUSİYA CASUSU ÇOXDURMU?


2005-ci ildə «Time» jurnalı Amerika əks-kəşfiyyatının yüksək vəzifəli rəsmisinə istinadla yazırdı ki, Amerikada necə deyərlər,
Vladimir Putin Baş Kəşfiyyat İdarəsində
rəsmi «tavan» altda işləyən Rusiya casuslarının sayı 100-dən çoxdur.

«Rəsmi tavan» deyəndə səfirlik nəzərdə tutulur.

«Casuslar: KQB-nin Amerikada yüksəlişi və enişi» kitabının müəllifi professor Harvey Klehr deyir ki, Rusiya kəşfiyyatçısı Vaşinqtonda Rusiya səfirliyinin, Amerika kəşfiyyatçısı Moskvada Amerika səfirliyinin tavanı altda işləyir. Bu, razılaşdırılmış oyun qaydasıdır.

İndiki hadisənin qeyri-adiliyi ondadır ki, tutulanlar səfirlik işçisinin diplomatik pasportunun arxasında gizlənə bilmirlər.

«İndi tutulanların diplomatik toxunulmazlığı yoxdur. Bunlara «qeyri-qanuni» casus deyirlər. Başqa tərəfdən, bu tutulanlar Amerika əks-kəşfiyyatının səfirliyə nəzarətindən kənar olduqlarına görə, onların daha böyük kəşfiyyat məlumatı ola bilər».

GÖRƏSƏN, AZƏRBAYCANDA NƏ QƏDƏR RUSİYA CASUSU VAR?


Bu suala əsas verən təkcə o deyil ki, vaxtilə hətta Azərbaycan prezidentinin Bakı hava limanında danışıqları Rusiyanın lehinə dinlənilirmiş. Çexiya nümunəsi göstərir ki, harda enerji var, ora Rusiyanın diqqətindədir.

RUSİYA ÇEXİYADA NƏYƏ CASUSLUQ EDİR?

Bu günlərdə Çexiyanın əks-kəşfiyyat orqanı olan BİS məlumat yaydı ki, «əməliyyatların sayına, aqressivliyinə görə Rusiya kəşfiyyatının Çexiya ərazisində rəqibi yoxdur».

Rusiya Xarici Kəşfiyyat İdarəsinin binası
«Rusiya kəşfiyyatının diqqət göstərdiyi əsas sahələr elmi texnologiyalar və enerji sektorudur».

Çexiyada neft və qaz yoxdur, Rusiya hansı enerji ilə maraqlanır?

Əks-kəşfiyyatın məlumatına görə, Çexiyanın böyük nüvə potensialı var və Çexiya elektrik enerjisi ixracında Avropanın ən böyük oyunçularındandır.

Çexiyada Rusiya kəşfiyyatının necə işləməsi və nə etməsi sualına da BİS cavab verir:

«Rusiya kəşfiyyatı Çexiya elitasına xüsusi diqqət yetirir, həm indiki elitaya, həm də gələcəkdə elitaya daxil ola biləcək gənclərə».

«Rusiyaya işləyənlərin Çexiyada yüksək vəzifələr tutması üçün Rusiya kəşfiyyatı ciddi cəhd göstərir».

Görəsən Azərbaycanda Rusiya kəşfiyyatı necə işləyir? Maraqlı fikirləriniz olsa, bizimlə bölüşün.
XS
SM
MD
LG