Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

Kür qaçqını qaçqın salıb


AzadlıqRadiosunun Qaynar Xətt verilişinə müraciət edən Zəngilan rayonundan məcburi köçkün Göyərçin Quliyeva Kür daşqınlarının onu müvəqqəti sığınacaq yerindən məhrum etdiyini deyir.

1993-cü ildə həyat yoldaşı Ramazan Quliyev Zəngilan uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra ona şəhidlik statusu və Azərbaycan torpaqlarının qorunması uğrunda göstərdiyi xidmətlərə görə «Azərbaycan Bayrağı» ordeni verilib. Ailənin tək övladı isə atasının ölümündən 2 ay sonra doğulub. 17 il Göyərçin Quliyeva və qızı Hacıqabul Rayonunun Meynaman kəndindəki köhnə məktəb binasındakı 1 otaqda yaşayıb. Göyərçin Quliyevanın durumunu ağırlaşdıran həm də vəfat edən bacısının 3 övladının və yaşlı anasının da onun himayəsində olmasıdır. Kür daşqınları isə onları bu birotaqlı mənzildən də məhrum edib:

«İndi anamla mən açıq havada yatırıq. Uşaqları da qohumlarımızın evinə göndərmişik. Gördüm orda mənə əl tutan yoxdur, gəldim Bakıda Zəngilan İcra Hakimiyyətinə. Deyirəm ki, axı mən köçkünlükdən başqa şəhid ailəsiyəm, 4 yetim saxlayıram, məni Zəngilanlılar yaşayan ərazilərdə yerləşdirin. Deyirlər yerimiz yoxdur. Necə olur, bütün şəhid ailələrini yerləşdirirlər, bir mənə yer tapılmır? Bu ona görədir ki, mənim arxamda dayağım yoxdur».

Göyərçin Quliyeva «Azadlıq» Radiosunun redaksiyasına da Ermənistan işğalına görə hələlik Bakıda yerləşən Zəngilan Rayon İcra Hakimiyyətindən gəlmişdi. Bu dəfə də qadının şikayətinə müsbət cavab verən olmamışdı:

«Mənə 20 manat yol pulu veriblər. Mən də onlara dedim ki, mən dilənçi deyiləm. Məni ora sürüyürlər, bura sürüyürlər, problemimi həll edən də yox».

Zəngilan Rayon İcra Hakimiyyətinə zəng vurduq. İcra hakimiyyəti başçısının müavini Seyfəddin Paşayev bizimlə söhbətdə bildirdi ki, Göyərçin Quliyevanın durumundan xəbərdar olsalar da hələlik onu nə Bakıda, nə də Zəngilandan olan məcburi köçkünlərin kompakt yaşadığı ərazidə yerləşdirmək imkanları yoxdur:

«Daşqından ziyan dəyən evlərin bərpası ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası məşğul olur. Məsələ bizim də nəzarətimizdədir. Əgər Göyərçin Quliyevanın evinin bərpası mümkün olmasa, ona yeni ev veriləcək».

Ermənistan işğalı nəticəsində daimi yaşayış yerlərindən məcburi köçkün düşmüş vətəndaşların sosial müdafiəsi məqsədilə yaradılan Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Vəkil Hüseynovla da danışdıq. O da Kür daşqınlarının Göyərçin Quliyeva ilə bərabər bir neçə məcburi köçkün ailəsinin təsərrüfatına ciddi ziyan vurduğunu, Fövqəladə Hallar Komissiyası ilə bərabər həmin ailələrin problemlərinin çözümü üçün kompleks tədbirlər görüldüyünü bildirdi:

«Göyərçin Quliyevanın ailəsinə daşqından sonra yardım göstərilib. Ona dəyən ziyanın ödənilməsi və evinin bərpası üçün işlər görülür».

- Azərbaycanın bir neçə rayonunda şəhid ailələri üçün yaşayış binaları tikilib. Hacıqabulda belə bir binanın tikintisi nəzərdə tutulur?

«Belə binalar adətən yerli şəhid ailələri üçün tikilir. Zəngilan işğal altında olduğu üçün belə bir plan yoxdur. Həmin insanlar torpaqlar işğaldan azad olunana qədər müvəqqəti olaraq Azərbaycanın başqa bölgələrində yerləşdirilirlər».

Ya kredit, ya müavinət

2010-cu ilin ilk aylarında Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ödənilən ünvanlı sosial yardımların verilməsində fasilələr yarandı. Ancaq sonradan vətəndaşlar müavinətlərini ala bildilər. Azadlıq Radiosunun Qaynar Xəttinə müraciət edən Bərdə rayon Hacallı kənd sakini Asif Məmtiyev isə deyir ki, ötən ilin noyabr ayından ünvanlı sosial yardım ala bilmir:

«2009-cu il mənim 6 aylıq müavinətimi vermədilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölməsində özləri qol çəkib pulu götürmüşdülər. O zaman hələ kart sisteminə keçilməmişdi. Mən şikayət edəndən sonra 2 ayın pulunu müdirdən ala bildim. İndi yenə vermirlər.

- Müavinətinizin verilməməsini nəylə bağlayırlar?

«Deyirlər ki, bankdan kredit götürmüsən. Doğrudan da ötən il durumum çox ağır oldu. Məcbur olub bankdan 600 dollar kredit götürdüm. 3 azyaşlı övladım var. 1 otaqlı köhnə tikilidə yaşayıram. Evimin damı da yoxdur. Müavinət ala bilmədiyimə görə çıxılmaz durumda qalmışdım. Bərdədə evi, şəxsi avtomobili, banklarda böyük kreditləri olan insanlar ünvanlı sosial yardım alır, mən qalmışam kənarda».

Asif Məmtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yerli bölməsinin işçilərini rüşvət almaqda da ittiham edir:

«Mənə deyirlər ki, 2 ayın pulunu verməlisən, yuxarılar da bizdən istəyir. Mən də deyirəm, imkanım yoxdur».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərdə rayon bölməsinin sədr müavini Fuad Rəhimovla telefon danışığımızda o da bildirdi ki, vətəndaşın ünvanlı sosial yardım almasını əngəlləyən onun bankdan 600 dollar kredit götürməsidir. Onun sözlərinə görə, əgər vətəndaşın aylıq kredit borcu ona ayrılan sosial müavinətdən yüksəkdirsə, demək ona müavinət düşmür. Fuad Rəhimov onu da bildirdi ki, bu hal Asif Məmtiyevə aid deyil. Çünki onun kredit borcu çox azdır:

«O sadəcə bizə kreditin məbləği və aylıq ödənişlə bağlı bank arayışı təqdim etsin, biz də müavinəti ödəyək».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmimi vətəndaşın rüşvət ittihamlarını da cavabsız buraxmadı:

«Heç bir rüşvət faktından söhbət gedə bilməz. Problem onun kredit götürməsindədir».

Həkimi həkimlik edən çoxmərtəbəli binanın dərdləri

Azadlıq Radiosunun Qaynar Xəttinə müraciət edən Bakı sakini Azər Vəlixan lift problemindən şikayətçidir. O, Akkord Şirkətlər Qrupunun «Uğur-1» Yaşayış Kompleksindəki 3 saylı binanın 15-ci mərtəbəsində yaşayır. 270 mənzilli 19 mərtəbəli bina 2008-ci ildə təhfil verilib. Ancaq binada təxminən 100 ailə yaşayır. Səbəb də ki, dediyinə görə liftsizlik:

«Bizə bildirirdilər ki, bina təhvil verilən kimi lift işləyəcək. Çox əziyyət çəkirik. Evdə xəstə var. Təcili Tibbi Yardım çağıranda xəstəni qohumların evinə aparmağa məcbur oluruq. Çünki həkim 15-ci mərtəbəyə liftsiz çıxsa, onun özü həkimlik olacaq».

Ancaq bu «Uğur-1»-də yaşayanların qarşılaşdığı tək problem deyil. Bir neçə gün öncə Akkord Şirkətlər Qrupunun əməkdaşları sakinlərə deyiblər ki, elektrik, təbii qaz və su sayğaclarının quraşdırılması üçün 600 manat ödəməlidirlər. Ancaq vətəndaşlar bu sayğacların ayrı-ayrılıqda neçəyə olduğunu dəqiqləşdirə bilmirlər.

Akkord Şirkətlər Qrupunun mətbuat xidmətinin başçısı Afaq Quliyeva isə deyir ki, 3 saylı binanın sakinləri heç narahat olmasınlar, binaya lift quraşdırılır, iyulun 1-də yuxarı mərtəbələrin sakinləri liftsizlik problemindən qurtulacaq. Afaq Quliyeva onu da deyir ki, problemin kökündə şirkətin bina tikilərkən quraşdırdığı liftlərin normal işləməməsi və şirkətin başqa bir firmaya yenidən lift sifariş verməsi dayanır:

«Bina təhvil veriləndə lift quraşdırılmışdı. Sonrada bəlli oldu ki, lift keyfiyyətsizdir. Ona görə də yeni şirkətlə müqavilə bağladıq. Lift artıq quraşdırılır. Bir neçə günə problem çözüləcək».

Akkordun təmsilçisi vətəndaşların sayğaclarla bağlı şikayətlərinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, müqavilədə bununla bağlı bənd olmasa da ilk dəfə sayğacların quraşdırılması vətəndaşların üzərinə düşür:

«Birinci dəfə sayğaclar vətəndaşların hesabına quraşdırılacaq. Ancaq sonradan sistem dəyişdirilsə, yeni sayğacların quraşdırılması dövlət hesabına aparılacaq».

Buna da bax:

XS
SM
MD
LG