Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

«Ziyalının cəmiyyətdəki rolu aydınlaşmalıdır»


Akademik Rafiq Əliyev
Akademik Rafiq Əliyev
- Ayaz müəllim sonuncu dəfə ziyalıların yığışıb hansısa məsələyə münasibət bildirdiyini xatırlayırsınızmı?

- Çox çətin sual oldu bu. Düzü xatırlamıram.

Bu, 2 il əvvəl AzadlıqRadiosunun «Tanınmışlar» verilişində kinorejissor Ayaz Salayevlə olan söhbətdən bir parça idi.

Nəhayət ki, ölkənin tanınmış ziyalılarının bir qrupu deyəsən həmin o sükutu pozmaq qərarına gəliblər. İyunun 30-da «İbrus» teatrına yığışaraq «Ziyalı və zaman» adlı konfrans keçirən ziyalıların səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir.

ZİYALININ CƏMİYYƏTDƏKİ ROLU AYDINLAŞMALIDIR

Məsələn, «İbrus» teatrının rəhbəri, tanınmış kino xadimi, Oskar mükafatı almış yeganə azərbaycanlı Rüstəm İbrahimbəyov deyib ki, ziyalının cəmiyyətdəki rolu aydınlaşmalıdır, bilinməlidir ki, o, aktyordur, yoxsa tamaşaçı:

Rüstəm İbrahimbəyov
- Əgər biz tamaşaçıyıqsa, gəlin fəal tamaşaçı olaq və öz mövqeyimizi bildirək.

İDEOLOJİ YARADICILIQ MUZDLU YARADICILIQDIR

Akademik Rafiq Əliyev isə deyib ki, ziyalıları ictimai-siyasi və iqtisadi asılılıqdan azad etmək vacibdir. Onun fikrincə, ideoloji yaradıcılıq muzdlu yaradıcılıqdır.

Akademik deyib ki, ölkəni indiki vəziyyətdən çıxarmaq ziyalıların missiyasıdır. O, cəmiyyətdəki neqativ halların - insan haqları, söz, ifadə azadlığının pozulmasının qarşısını almaq üçün ziyalıları birliyə çağırıb.

Toplantı barədə AzadlıqRadiosuna danışan Rafiq Əliyev deyir ki, identiklik yaratmaq, ideyalar, fikirlər vermək ziyalıların missiyasıdır. Hazırda Azərbaycanda bu təbəqə çox zəif olduğu üçün onun yaranmasına, müstəqil fikirləşən adamların təbii surətdə toplantısına, birlikdə hansısa problemləri dinləməsinə, fikir birliyinə ehtiyac var. Burada söhbət hakimiyyətə, yaxud müxalifətə hansısa iddiadan yox, bu qütblər arasında ziyalı təbəqəsinin də olmasını təmin etməkdən gedir:

ZİYALI TƏBƏQƏSİ DÖVLƏTDƏN DƏ, XALQDAN DA QABAĞA BAXMAĞI BACARMALIDIR


- Əksər Qərb cəmiyyətlərində intelligensiya həqiqətdə ictimai-siyasi proseslərə təsir edən bir faktordur. İnkişaf etmiş demokratik ölkələrdəki siyasi və iqtisadi dairələr intelligensiyanın ekspertizasının, məsləhətlərinin, tövsiyələrinin vacibliyini çox tez və aydın başa düşürlər. Yəni idarəedici qüvvə başqadır. Xalq da başqadır. O hakimiyyəti seçir ki, idarə eləsin. Ancaq ziyalı təbəqəsi dövlətdən də, xalqdan da qabağa baxmağı bacarmalıdır.

Akademik hesab edir ki, indi Azərbaycan ziyalısının əsas vəzifəsi ölkənin tarixi missiyasını anlamaq və ictimai durumu ölü vəziyyətdən, fikir çatışmazlığından çıxartmaqdır. Bunu isə hər şeydən azad olan, yalnız vicdanının səsindən və fikrindən azad olmayan ziyalı edə bilər.

ƏKRƏM ƏYLİSLİNİN TƏKLİFİ

Konfransda iştirak edənlərdən biri, xalq yazıçısı, deputat Əkrəm Əylisli məhz elə azadlıq barədə konkret təkliflə çıxış edib. O deyib ki, gəlin jurnalist Eynulla Fətullayev, eləcə də bloqqerlər Emin Milli və Adnan Hacızadənin azalığa buraxılması üçün prezidentə müraciət edək.

Əkrəm Əylisli
Niyə məhz bu təklif?

Əkrəm Əylisli bu barədə sualımızı cavablandırarkən deyib ki, təklif əslində ağrılı məsələ barədə olmalı idi. Jurnalistlərin məsələsi də necə deyərlər, hamının ağrıyan yeridir. Ona görə o başqa təklif verə bilməzdi. O eşidib ki, Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna müsahibələrinin birində deyib ki, nə vaxt 50 adam bir yerə yığışıb bir işin qulpundan yapışdı, hökumətə müraciət etdi ki, o da həll olunmadı:

GÖRƏK BİZİM SÖZÜMÜZÜN PREZİDENTİN TƏRƏZİSİNDƏ ÇƏKİSİ NƏ QƏDƏRDİR

- Mən də onun sözünə istinadən dedim ki, burada 50-dən çox adam yığışıb. Gəlin dövlət başçısına müraciət edək ki, həbsdə olan qələm sahiblərini əfv eləsin. İndiyədək müraciət etməmişik. Edək, görək bizim sözümüzün prezidentin tərəzisində çəkisi nə qədərdir. Bunu da bilmək lazımdır. Yəni hər şeyi bir adamın – prezident, ya başqası olsun, onun üzərinə yıxmaq olmaz. Dövlət başçısının ictimai fikrə nə mənada qiymət verdiyini aydınlaşdırmağın özü də vacibdir cəmiyyət üçün.

Əkrəm Əylislinin sözlərinə görə, toplantıda 100-dək adam iştirak edib. Onların çoxu tanınmış, ciddi ziyalılardır və onun fikrini bəyəniblər. Buna görə də o əmindir ki, imzalar toplanılacaq və prezidentə həmin təkliflə bağlı müraciət ediləcək.

Filosof Niyazi Mehdi ziyalıların yığışmasını, eləcə də toplantıda səslənən təklifi dəyərli hadisə hesab edir. Deyir ki, ziyalıların aktyor, yaxud tamaşaçı olmalarını müəyyənləşdirmək cəhdi də maraqlıdır. Doğrudan da indi əslində ziyalıların sosial səhnədə aktyor da, tamaşaçı da olmağı bacarmalarına ehtiyac var.

Onun sözlərinə görə, sovet dövründə Azərbaycanda nomenklaturadan kənarda olan və nomenklaturaya aid ziyalılar var idi. Və onlara yanaşma da fərqli idi. 50-dən çox ziyalının arasında xeylisi var ki, nomenklatura simvollarını üzərində daşıyanlardır. Onlar haradasa vaxtilə hakimiyyətə yaxın olublar və iqtidar onlarla bağlı qəzəbli deyil:

MARAQLIDIR ÖLKƏNİN PREZİDENTİ NECƏ REAKSİYA VERƏCƏK

Niyazi Mehdi
- İndi həmin adamların imzası ilə olan müraciətlər çox ciddi müraciətdir və bu dəyərli bir şeyə çevrilir. Tutaq ki, Rüstəm İbrahimbəyov, eləcə də Əkrəm Əylisli psixologiyasına görə yox, amma bioqrafiyalarına görə nomenklatura ziyalılar kateqoriyasına daxil olur. Bunu heç də pis mənada demirəm. Məsələn, Əkrəm həm də sovet dövrünün görkəmli yazıçısı kimi tanınırdı, marginal olmayan yazıçı kimi qəbul olunurdu. İndi belə adamların imzası ilə gedən müraciətə doğrudan da çox maraqlıdır ki, ölkənin prezidenti necə reaksiya verəcək.

Niyazi Mehdi deyir ki, əslində ziyalılıq elə bir sekta deyil və bunun da elə bir kodeksi yoxdur ki, ona əsaslanıb ziyalıdan nəsə istəyəsən. Digər tərəfdən ziyalının özünün kimliyi də az əhəmiyyət daşıyan məsələ deyil. Cəmiyyətə nümunə ola biləcək ziyalıların yanında yalançı, ikiüzlü və yaltaq ziyalılar da yetərincədir.
XS
SM
MD
LG