Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Eynulla Fətullayev: «Şou davam edir...»


E.Fətullayevə daha 2 il 6 ay həbs cəzası
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid
- Fətullayev Eynulla Emin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 6 iyul 2010-cu il tarixdən hesablansın. Maddi sübut kimi tanınmış cəmi 0,0223 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Məhkum Eynulla Fətullayevə məxsus bir ədəd gödəkcə və bir cüt ayaqqabı sahibinə qaytarılsın.

«O BİRİ HÖKMLƏR HEÇ ZAD...»

İyulun 6-da Qaradağ rayon Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev dördüncü dəfə məhkum edildi. Məhkəmə hesab edir ki, Eynulla Fətullayev dəfələrlə məhkum olunduğundan residivist məhkum hesab olunur, o, cəmiyyət üçün təhlükəlidir və cəzasını ciddi rejimli cəzaçəkmə yerində çəkməlidir. Hakim İsmayıl Xəlilov hökmün elanını başa vurub məhkəmə salonundakılara əyləşmək göstərişi verəndə Eynulla Fətullayev hökmlə bağlı etirazını bildirdi:

- Bəs əvvəlki hökmlər nə oldu, hörmətli sədr?

Hakim:

- O biri hökmlər heç zad.

Eynulla Fətullayev:

- Getdi o hökmlər? O biri hökmlər getdi, hörmətli sədr?

Hakim:
- ...

Eynulla Fətullayev:

- İndi bir məsələdə də var, hörmətli sədr, axı mənə qarşı ittiham dekabrın 29-da irəli sürülüb, bəs nəyə görə siz cəzamı 6 iyuldan hesablayırsınız?

Hakim:

- Həbs qətimkan tədbiri seçilməmişdi axı…

Eynulla Fətullayev:

- Niyə seçməmişdiniz onda?

Hakim:

- Təqdimat verilməmişdi...

Eynulla Fətullayev:

- Niyə mənim hüquqlarımı pozmuşdunuz? Axıb bir dəfə belə bir president verilmişdi. 3 iyul 2007-ci ildə məni MTN-ə aparanda həbs-qətimkan tədbiri seçilmişdi. Bəs siz niyə onu seçmədiniz?

Hakim:

- Bu barədə təqsimat verilməmişdi... Sizin həbs-qətimkanınız barədə təqdimat daxil olmalıydı məhkəməyə.

Eynulla Fətullayev:

- Bəs niyə daxil olmadı?

Hakim:

- ....

Eynulla Fətullayev:

- Siz bax belə 5 ay, 6 ay mənim həbsimi uzatmaqla düşünürsünüz ki, nəyəsə nail olursunuz, amma vallah bu, boş cəhdlərdir, bunu bilin. 2 il yarım da həbsdə qalaram, problem yoxdur.

«ANAŞANI ÖZÜMÜZƏ QAYTARIN...»

Eynulla Fətullayevin vəkili İsaxan Aşurov:

- Hörmətli sədr o «anaşanı» da qaytarsaydınız özümüzə...
(Vəkilin sözləri zaldakıların gülüşünə səbəb olur)

Eynulla Fətullayev də gülür:

- O getdi də...

Sonra yenə hakimə müraciət edir:

- Hörmətli sədr, mənim sizə bir sualım da var. Bəs siz niyə Avropa Məhkəməsinin dərhal azadlığa buraxılması barədə qərarın icra etmədiniz? Dediniz ki, sizin buna səlahiyyətiniz çatmır. Amma görün necə biabırçılıqdır, bundan sonra bu ölkədə qanunvericilik varmı, hüquq varmı? Bəs niyə onda dediniz ki, sizin səlahiyyətiniz çatmır o hökmlərə münasibət bildirməyə?

Hakim:

- Hökm aydındır sizə, Fətullayev?

BİABIRÇILIQ BİTDİ, ŞOU İSƏ DAVAM EDİR

Eynulla Fətullayev:

- Aydın olmadı. Siz hansı haqla əvvəlki hökmlərə münasibət bildirirsiniz? Siz qərar verdiniz ki, əvvəlki hökmlərə münasibət bildirə bilməzsiniz. Və ondan sonra da başlayırsınız münasibət bildirməyə. Və ondan sonra da əyninizə hakim mantiyasını geyirsiniz, Prezident Administrasiyasının göstərişlərini və sifarişlərini yerinə yetirirsiniz. Başa düşürsünüzmü? Sizin üç gün bundan qabaq dediyiniz sözlə bugünkü söz...

Hakim:

- Xeyr, mən hesab eləmirəm.

Eynulla Fətullayev:

- Siz qərar vermisiniz ki, cəzanın əvvəli 3 iyul 2007-ci ildən hesablansın.

Hakim:

- Məhkəmə prosesi bağlı elan olunur.

Eynulla Fətullayev:

- Məhkəmə yox, biabırçılıq bitdi, şou isə davam edir. Bu biabırçılıqdır, hörmətli sədr.

BURDA NƏ HAKİM, NƏ PROKUROR VAR

Hakim məhkəmə prosesinin bitməsini hakim çəkicini döyəcləməklə bildirdi və məhkəmə salonunu tərk etdi.

Məhbus jurnalistin atası Emin Fətullayev:

- Burda nə hakim, nə prokuror var. Gözləyirlər, Prezident Administrasiyasından nə göstəriş gəlir, onu da yerinə yetirirlər. Nə qədər saxlayırlar, qoy saxlasınlar.

Vəkil İsaxan Aşurov çıxarılan hökmə münasibətini bir cümlə ilə bildirdi:

- Hökmün qanunsuz və əsassız olması qənaətindəyəm.

Məhbus-jurnalistin digər vəkili Elçin Sadıqov isə deyir ki, qanunvericilikdə bir şəxs barəsində iki hökmün olması yolverilməzdir. Eynulla Fətullayev cəza çəkən şəxs olduğu üçün onun barəsində hökmlər birləşdirilməli, ümumi bir cəza təyin olunmalı və cəzası 2007-ci ildən hesablanmalıdır. Ancaq görünür ki, bu oyunu ona görə qurublar ki, Eynulla Fətullayevi təzədən 2 il 6 ay həbsxanada saxlasınlar. Vəkil deyir ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb edib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir. Hazırki məhkəmə prosesi də bu ittihamla bağlı idi.
XS
SM
MD
LG