Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Əli Əhmədovun xəbərdarlığı


23 dekabr bələdiyyə seçkiləri
23 dekabr bələdiyyə seçkiləri
İLAN VURAN ALA ÇATIDAN QORXAR

«Bələdiyyədə o cür elədilərsə, parlament seçkilərində namizəd olsaq, əzib suyumuzu çıxardıb sürgün edərlər buradan. Onsuz da onu da saxtalaşdıracaqlar. Başqa nüanslar var ey burada. Qohum-əqrəbaya təzyiq edirlər, adam respublikadan qaçmaq istəyir. Halbuki, mən özüm də YAP-ın üzvüyəm. Amma əvvəldən siyahıda kimlərin adı vardısa onlar da seçildi. Baxmayaraq ki, faktiki olaraq səsi biz toplamışdıq. Saxtalaşdırıb öz bildikləri kimi elədilər».

2009-cu il bələdiyyə seçkilərində Salyan rayonu 59 saylı seçki dairəsindən namizəd olmuş Natiq İsayev belə deyir. Onun sözlərinə görə, bələdiyyə seçkilərində fərdi qaydada iştirak etdiyi üçün rayon polisindən tutmuş, icra nümayəndəsi, YAP-ın rayon şöbəsinin sədrinə qədər hamı birbaşa və ya dolayısı ilə ona təzyiq ediblər ki, namizədliyini geri götürsün.

Bir sözlə, bələdiyyə seçkilərində başına elə oyun gətiriblər ki, parlament seçkilərində iştirak etməyi ağlına da gətirmir. Halbuki, bu, onun da haqqıdır. Bununla belə, Natiq İsayev yenə də YAP-ın üzvüdür və bu partiyaya Salyanda seçkiləri saxtalaşdıran, ona və qohum-əqrəbasına təzyiq edən YAP-cılara görə yox, öz əqidəsinə görə üzv olduğunu bildirir.

2005-ci ilin parlament və 2009-cu ilin bələdiyyə seçkilərində hakim Yeni Azərbaycan Partiyasının rəsmi namizədləri ilə yanaşı, bu siyasi təşkilatdan fərdi qaydada da öz namizədliyini irəli sürənlər olmuşdu. Əlbəttə ki, onların bu hərəkəti partiya tərəfindən yumşaq desək, müsbət qarşılanmamışdı. Bu seçkilərə partiyanın iradəsindən kənarda gedənlərin bir qismi namizədliklərini geri götürmədikləri üçün onlara
Əli Əhmədov
təzyiqlər barədə AzadlıqRadiosuna da danışmışdılar. Bu ilin noyabrında keçiriləcək parlament seçkilərində də YAP daxilində belə halların baş verəcəyini heç kim istisna etmir.

ƏLİ ƏHMƏDOV: SÖHBƏTİMİZ ÇOX CİDDİ OLACAQ


YAP sədrinin müavini, deputat Əli Əhmədov isə «Azərbaycan» qəzetində iyulun 20-də dərc olunan müsahibəsində deyir ki, 2005-ci il parlament seçkiləri ilə müqayisədə 2009-cu ilin bələdiyyə seçkilərində bu şəkildə hərəkət edən partiya üzvlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu ondan xəbər verir ki, YAP üzvləri özlərinin partiya vəzifələrini və missiyalarını seçkidən-seçkiyə daha aydın şəkildə dərk edirlər. Bu dinamikadan çıxış edərək cənab Əhmədov ümidlidir ki, belə hallara noyabr ayında keçiriləcək seçkidə, demək olar ki, rast gəlinməyəcək:

«Amma əgər kimsə fərdi qaydada partiyanın üzvü olaraq namizədliyini irəli sürmək istəsə, təbii ki, onunla söhbətimiz çox ciddi olacaq. YAP-ın heç bir üzvü öz partiyası tərəfindən irəliyə sürülən namizədin rəqibi ola bilməz! Onun buna ən azından mənəvi baxımdan haqqı çatmır! Belə olan halda o, dərk etməlidir ki, öz partiya yoldaşına rəqib olmaqdan daha çox bütövlükdə partiyaya rəqib olur. Güman etmirəm ki, partiyanın hər hansı bir üzvü seçki kampaniyasında YAP-ın rəqibi olmaq kimi düşünülməmiş addım atsın».

Əli Əhmədov qarşıdakı seçkilərdə ümumiyyətlə YAP üçün çətinliklər yarada biləcək rəqib görmür.

ULTİMATUM...


Arif Hacılı
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, əslində, bu, sərbəst hərəkət etmək istəyən YAP–çılara indidən ultimatum verməkdir. Onun sözlərinə görə, Müsavat Partiyasından da qarşıdakı parlament seçkilərində bir dairədən namizədliyini vermək istəyənlərin sayı 1-dən artıqdır. Ancaq onlar çalışacaqlar ki, məsələni ciddi xəbərdarlıq, ultimativ yolla yox, sadəcə nizamnamənin imkan verdiyi üsullarla - danışıqlar, müzakirələr, gizli səsvermə və digər yollarla həll edib hər dairədə bir namizəd müəyyənləşdirsinlər:

«YAP prosesi nəzarət altına almaq istədiyi üçün belə ultimativ çıxışlar edir. Yəqin ki, onlar əvvəlcədən Prezident Administrasiyası rəhbərliyinin razılığını aldıqları üçün belə fikirlər səsləndirirlər. Ancaq bütövlükdə bu cür halın yaranması YAP daxilində çox ciddi fikir ayrılıqlarının hətta adminstrativ güc hesabına boğulmasının qeyri-mümkünlüyünün nəticəsidir».

Arif Hacılıya görə, Əli Əhmədovun bu xəbərdarlığı bir daha onu göstərir ki, Azərbaycanda demokratik müzakirələri, azad seçkini qəbul etməyən təşkilat və insanlar hakimiyyətdədir.

SEÇKİ KAMPANİYASININ TƏZYİQLƏRİ GÖRÜNÜR?

Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, partiyasının iradəsindən kənar namizədliyini irəli sürənlər təkcə YAP-da yox, digər partiyalarda da var.
Rauf Mirqədirov
Belələrinin partiyadan kənarlaşdırılması halları da az müşahidə edilməyib. O cümlədən müxalifət partiyalarında. Və bu normal haldır. Əslində, bu cür məsələlər partiyadaxili nizamnamə ilə həll edilməlidir. Ancaq əgər namizədə polisin, icra strukturunun vasitəsilə təzyiqlər olunursa, bu ilk növbədə seçki prosesində inzibati resurslardan istifadə etmək deməkdir. Qanuna əsasən isə seçki prosesində inzibati resurslardan istifadə yolverilməzdir:

«Bu resurslardan hakim, ya qeyri-hakim partiyanın üzvlərinə qarşı istifadə edilməsində elə bir fərq yoxdur. Seçkilər haqqında qanun var. Əgər söhbət icra hakimiyyəti və ya digər inzibati orqanların təsirindən gedirsə, bu, qanuna ziddir və onu tətbiq edənlər qanuna müvafiq qaydada cəzalandırılmalıdırlar. Ancaq Azərbaycan reallığında təəssüf ki, qanunlardan çox, mövcud hakimiyyətin iradəsi önəmlidir».

Rauf Mirqədirov deyir ki, hansı partiya olursa-olsun, onun nizamnaməsindən və partiyadaxili demokratiya normalarından kənar hər hansı təzyiq yolverilməzdir. Azərbaycan reallığında isə belə təzyiqlər hələ seçki kampaniyasına start verilməmişdən görünməyə başlayır.
XS
SM
MD
LG