Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Ibrahimbəyova məktub yoxdur


“Ölkə ziyalıları adından prezident İlham Əliyevə ünvanlanan müraciətə hələ cavab verilməyib”. “Media forum” saytına açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı Rüstəm İbrahimbəyov belə deyib.

Jurnalist Eynulla Fətullayev, bloqçular Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması xahişi yer alan həmin müraciət prezident İlham Əliyevə iyulun ilk günlərində göndərilib.

Məktubu ölkənin tanınmış ziyalıları adından yazıçı Rüstəm İbrahimbəyov imzalayıb.

Prezidentə belə bir müraciət göndərilməsi iyunun 30-u “İbrus” Teatrında keçirilmiş “Azərbaycan ziyalıları və müstəqil demokratik dövlətçiliyin qurulması: tarixi təcrübə və müasir dövr” adlı ictimai dinləmələrdə razılaşdırılmışdı.

Dinləmələrdə iştirak edən ziyalılar adından memorandum hazırlanır. Memorandumda ziyalıları narahat edən bir çox məsələlər, ictimai dinləmələrdə irəli sürülən bir çox təkliflər özünə yer tapacaq.

Rüstəm İbrahimbəyovun sözlərinə görə, memorandumda müraciətin cavabsız qalması da qeyd olunacaq:

“Müraciətdən kifayət qədər vaxt ötməsinə baxmayaraq Prezident Administrasiyasından, yaxud də hər hansı instansiyadan heç bir formada reaksiya almamışıq. İndi ziyalılar adından geniş memorandum hazırlayırıq.

Memorandumda ziyalıları narahat edən bir çox məsələlərlə yanaşı bu müraciətimizə dövlət başçısının və rəsmi instansiyaların heç bir reaksiya verməməsi də qeyd olunacaq.

Bu axı prezidentin adına yazılmış müraciət idi, istənilən halda müraciətə hər hansı formada reaksiya bildirilməlidir.

İki ay bundan öncə başqa bir məsələylə bağlı da prezidentə müraciətim olmuşdu, Kinematoqrafçılar İttifaqı adından prezidentə böyük məktub yazmışdım. Həmin məktuba da bir cavab gəlmədi, görünür, bu da artıq ənənəyə çevrilib.

Ziyalıların müraciətinə dövlət rəsmiləri heç bir cavab vermirlər.

Mən özüm şəxsi kanallarla soruşuram ki, prezident məktubu alıb və yaxud almayıb. Görünür, prezident məktubu oxuyub, amma hələ ki, rəsmi cavab yoxdur”.
XS
SM
MD
LG