Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42

"Qaraqanın "A" romanında bütün obrazlar yarımçıqdır"


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Ədəbi tənqidçi Elnarə Tofiqqızı bu yazısı ilə Milli Kitab Müsabiqəsinin qalibi olmuş Elxan Qaraqanın "A" romanı ilə bağlı Azadlıq Radiosunun "Oxu zalı"nda gedən diskussiyaya qoşulur.

«A» - Əlifbanın ilk hərfi


Bu roman haqqında ədəbi tənqid hələ də susur. Və bu susqunluq heç də birmənalı qarşılanmır.

Ən azı ona görə ki, kitab hətta xalq yazıçısının və bir çox istedadlı qələm sahiblərinin qatıldığı yarışmadan qalib çıxıb, ölkənin tanınmış ziyalılarının münsifliyi ilə 264 əsər içərisindən seçilib, ali ədəbi mükafat qazanıb.

Münsiflərin çağdaş Azərbaycan ədəbiyyatının siması olaraq təqdim etdiyi bu roman ədəbi tənqidin diqqətindən necə yayına bilər?

Təbii ki, bir-iki həvəskar yazıçı və ya peşəkarın belə qeyri-ciddi yanaşması tənqidin reaksiyası sayıla bilməz.

Əslində, Elxan Qaraqanın «A» romanını oxumaq kifayətdir ki, ədəbi tənqidin hazırki mövqeyinə haqq qazandırasan. Çünki əsər ədəbi tənqidin predmeti olmadığını açıq-aşkar göstərir.

Ancaq romanın statusu ona tənqidi yanaşmanı labüd edir – ötəri olsa belə…

«A»-nın qayəsi

«Başlanğıc»la başlayan əsərdə simvollardan minimum istfadə edilib.

Yalnız qəhrəmanların – HOST-çuların adının «a» hərfiylə başlaması, a hərfinin dini-mistik və fəlsəfi tutumu rəmzləşdirilib ki, müəllif bu simvolları əsərdə dönə-dönə, yeri gəldi-gəlmədi açıqlamaqla oxucuya düşünmək və əsərin ideyasını fərdi təfəkkürünə uyğunlaşdırmaq üçün heç bir fürsət qoymayıb.

Roman həyatın qanunauyğunluqlarını qəbul etməyən və dünyaya fərqli baxışlarıyla seçilən bir qrup gəncin ədalətli cəmiyyət naminə sivilizasiyanı məhv etmə istəyi üzərində qurulub.

Mövzu yeni deyil – dünya ədəbiyyatının böyük simaları müxtəlif dövrlərdə tərəqqinin mənəvi-psixoloji aşınmaya səbəb olduğu qayəsini özündə əks etdirən nümunələr yaratmışlar.

E.Qaraqan da məkan və təfəkkür fərqiylə mövzunu ayrı rakursdan işləməyə cəhd göstərib.

Ancaq hiss olunur ki, bu ideya müəllifin özünə tam aydın deyil.

Bəşəri təkamülü başlanğıc nöqtəsinə qaytarıb bərabərliyi tam təmin etmək istəyən gənclər yığışdıqları təşkilatda bərabərhüquqlu deyillər; «oğrudan oğruya halaldır» («A», Bakı-2008, s., 117) prinsipi ilə topladıqları vəsait, söylədikləri kimi «Afrikada aclıqdan ölən insanların» xilasına yox, öz güclərinin artırılmasına sərf olunur; azad dünyanın konturlarını müəyyənləşdirməyiblər; «fərqlilərin birliyi» («A», Bakı-2008, s., 70) kimi cəmləşən qrup əsərdə kütlə olaraq səciyyələndirilir («Yol verin, yol verin, zibilə qalasınız sizi» - «A», Bakı-2008, s., 207); sistemsizlik yaratmaq amacıyla fetişləşdirdikləri liderin diqtəsi altında daha sərt sistem qururlar və s.

Əsərdəki çoxsaylı təzadlar, əlbəttə ki, belə xaotik süjetin məntiqi nəticəsidir. Başqa sözlə, ideyanın dinamik inkişafından söhbət gedə bilməz.

Təhkiyə və obrazlar

Müəllif heç bir tipikləşmə və ya ümumiləşmə aparmayıb. Bu çatışmazlığı «fərqlilərin birliyi» təsəvvürünü canlandırmaq istəyi kimi isə yozmaq olmur.

Çünki obrazların hamısı yarımçıq işlənilib.

HOST-da keçmişini danışan gənclərin həyatı reallıq yox, qeyri-real, xəyali düşüncənin məhsulu təsəvvürü yaradır: «ağ atlı oğlan» təxəyyülünə alternativ olaraq «qara ata» mindirilən Anarla Ayseldən tutmuş, namusunu qorumaq istəyən Aynura qədər.

E.Qaraqanın fərdi üslub və təhkiyəsinin formalaşdığını söyləmək də çox tezdir.

Əksinə,

a) eyni abzasda hər hansı təhkiyənin nəqli və şühudi keçmiş zamanlarla aparılıb gözlənilmədən indiki davamedici zamanla əvəzlənməsi,

b) bir sözdən sadə cümlələrdə ardıcıl olaraq tez-tez istifadə edilməsi,

c) keçidlərin uzlaşmaması, ümumiyyətlə, müəllifin özünüifadə çətinliklərinin mövcudluğu şübhəsi yaradır.

Məsələn:

a) «Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakultəsində oxuyurdu…» («A», Bakı-2008, s., 187);

b) «Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda gözəl bir varlanmaq üsulu var» ((«A», Bakı-2008, s., 73);

c) «Yəqin onda da Birləşmiş Millətlər Təşkilatının sədr müavini olmaq istəyəcəklər. Həyatımda hər şey zibil kimi gedirdi» («A», Bakı-2008, s., 11) və s.

Mətndə məntiqi ardıcıllığın pozulması, zaman-məkan qarışıqlığı ilə də «A» romanında tez-tez rastlaşırıq.

Məsələn, Anarla Aysel «Rusiyanınmı, ya Gürcüstanınmı» sərhədində həbs olunur.

Əvvəlcə sərhədçilərin hansı dövləti təmsil etməsi bilinmir (təsvirə görə onlar sərhədi keçirlər və oxucu sövq-təbii sərhədçilərin kimliyini aydınlaşdırmaq istəyir, «A», Bakı-2008, s., 33-34), sonra isə sərhəddə həbs olunan Anarın Bakı türməsidən qaçdığını müşahidə edirik…

Əsərin dili

Hər bir ədəbi nümunənin çəkisi həm də mənsub olduğu dilin daxili potensialından maksimum istifadə və dilin imkanlarını genişləndirmə cəhdi ilə ölçülür.

Ədəbi dilin canlı dilə uyğun inkişaf etdirilməsi ədəbiyyatın əsas missiyalarından biridir.

«A» romanında Azərbaycan dilinin potensialıdan nəinki istfadə olunub və zənginləşdirilib, hətta dilin daxili qanunauyğunluqlarına yad olan söz və ifadələr işlədilib.

Məsələn, «yeşik», «zibilçə», «priyom», «kolonka», «kapüşon», «brat», «roqatka», «kapriz», «paranoik», «lavina», «aparatura» və s.

Həmçinin romanda alınma sözlərin ədəbi dil qanunlarına uyğun olmayan surətdə yazılışının da şahidi oluruq: «Rock», «Rap», «Mayn Kampf», «Skinhead»…

Elxan Qaraqan
Ümumiyyətlə, son vaxtlar yaranan ədəbi nümunələrdə rastlaşdığımız bu hal artıq problemləşib və yeri gəlmişkən, qısaca olaraq bildirək ki, Azərbaycan ədəbi dili və onun normaları var: bu prinsiplər mütləq şəkildə qorunmalıdır!

Hər bir müəllifin istədiyi kimi yazması qətiyyən fərdi üslub deyil, dil normalarının pozulması, dağıdılmasıdır.

O ki qaldı əsərdəki mənanı, məzmunu dəyişəcək səviyyədə olan saysız-hesabsız orfoqrafiq yanlışlıqlara, texniki səhv hesab etdiyimizdən, onlara toxunmamağı məqsədəuyğun sayırıq.

«Pis kitab yoxdur»

Romanda pozitiv hesab edilən məqamlardan biri əfsanə, rəvayət və ya uydurulmuş mətn parçalarının yer almasıdır.

Montenin məntiqi ilə desək, «pis kitab yoxdur, hər kitabda öyrənilməli nəsə tapmaq mümkündür».

E.Qaraqan da süjetə yardımçı olan əfsanə və rəvayətlərdən istifadə etməklə romanın informasiya yükünü artırmağa, əsəri oxunaqlı etməyə çalışıb.

Ancaq hazır və ya təxəyyül məhsullarından yararlanan müəllifin dünyagörüşü oxucuda rəğbət doğursa da, mifoloji yaddaşımıza, o cümlədən yaradılış dastanı səviyyəsində olan abidəmizə münasibəti qənaətbəxş sayıla bilməz.

Ona görə ki:

1) dünya ədəbiyyatında müxtəlif müəlliflərin toxunduğu bu mövzuya mili prizmadan yanaşan E.Qaraqanın işlətdiyi sözügedən mətn parçalarının heç birində millilik yoxdur;

2) yeganə Dədə Qorqud və Qıpçaq Məlik qarşılaşdırılmasıdır ki, bu uğursuz bənzətmədə də «Kitabi-Dədə Qorqud» dastanından yox, Anarın ssenarisi əsasında çəkilən «Dədə Qorqud» filmindən alınmış bilginin təsiri görsənir.

Bu tip məlumatsızlıq təsəvvürü yaradan yanlışlıqlar yazıçı üçün bağışlanmaz səhvdir.

«A» - əlifbanın ilk hərfidir

Verilən bu xırda qeydlərin özü bir daha təsdiqləyir ki, roman janrının minimal tələblərinə cavab verməyən sözügedən kitab ədəbi tənqidin predmetinə çevrilə bilməz.

Yeri gəlmişkən, «a» həm də əlifbanın ilk hərfidir və lüğət tərkibi həddən artıq kasad olan «A»-nı da ədəbiyyata yenicə gələn gəncin öyrəndiyi ilk hərf kimi qəbul etmək olar.

Qarşıda E.Qaraqanı hələ böyük bir elm gözləyir və ümid edək ki, onun təcrübəsizliyi, ən azı bu romanda olduğu qədər, cəsarətinə mane olmayacaq.

Son olaraq: qazandığı statusa baxmayaraq, əsərin Azərbaycan ədəbiyyatının siması kimi təqdim edilməyəcəyinə inanmaq istərdik.

Bu, ədəbiyyatımızla bərabər Elxan Qaraqanın gələcək karyerası üçün də lazımdır.

Bu mövzuda həmçinin oxu
Tehran Əlişanoğlu. Ekspertlərin səhvi
Elxan Qaraqan: "Kim istəyir əsərimi plagiat saysın, kim istəyir saymasın"
Rəşad Məcid: "Plagiat iddiası mənasızdır - Qaraqana paxıllıqdan irəli gəlir"
Cavid Ramazanov: "Müsabiqədə birinci olan "A" romanı plagiatdır"
XS
SM
MD
LG