Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:43

Sabir Əhmədlinin son kitabından parçalar


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.

...”Azərbaycan” jurnalının baş redaktoru Cəlal Məmmədov həm də tənqidçi kimi tanınırdı. MK-da, başqa təşkilatlarda nüfuzu vardı. Hətta deyirdilər o, KQB polkovnikidir.

Mənimlə arası pis deyildi. “Doroqoy, necəsən?” deyib yoğun, qart səsilə əhvalımı soruşurdu.

Onun mənim redaksiyada yatan “Dünyanın arşını” romanıma bir sıra qeydləri vardı. Əksəri “partiya mövqeyindən” söylənən iradlardı.

Əlbəttə, Stalin əyyamı keçsə də, hələ Qlavlit qalırdı, Kommunist Partiyası yaşayırdı. Bütünlükdə Sovet dövləti, onun varlığının təsdiqi başlıca mövqe idi.

Bu baxımdan Cəlal Məmmədov “partiya tənqidçisi” idi.

Atası 37-ci ilin bəlasına gəlmiş, güllələnmişdi. O sayaq məhv edilmiş insanların əksərinin törəmələrini, qohum-əqrəbalarını KQB qarmağa keçirmiş, atalarını öldürdükləri halda övladlarını “öz adamları” eləmişdilər.

Baş redaktorun qeydlərinə görə romana bir də baxdım.

Onun irad tutduqlarının bir qismini düzəltdim, bir qismini kəsdim, atdım. Bu romanın “dosyo”su ilə yaxşı tanış olmaqdan ötrü onun ilk variantını oxumaq düz olar.

Əlbəttə orada artıq yerləri çıxarla. Bir parçanı çıxdığıma indi də heyfsilənirəm. Xudafərinə gedirlər. Orada Arif - çoban görür.

Bu çoban otardığı heyvanlardan seçilmir. Geri, evə qayıdanda qardaşı-birinci katib ondan səfərin necə keçdiyini soruşur. Kiçik qardaş danışır və deyir: “Mən Qumlaxda bir çoban gördüm.

Onu muzeydə qoyasan qəfəsə, altından yazasan: “Insanın meymunlaşmağında əməyin rolu”.

Belə bir söhbət olmuşdu qardaşlar arasında. Baş redaktor qalın qaşlarını dartıb qınaq dolu səsilə ucadan demişdi:

“Nu doroqoy!” Bunun Engelsin – inqilab dahisinin müddəasına büsbütün sarğı olduğunu anlamağa nə vardı! “Meymunun insanlaşmağında əməyin rolu” adlı məlum əsərin əks yoxumu idi.

Sovetlər İttifaqı belə çevrilmənin, tərsinə təkamülün düpdüz mənzərəsiydi.

“Dünyanın arşını” jurnalda çap olundu. Cəlal onu parça-parça, beş sayda verdi. Bəlkə diqqətdən yayınsın, çox adam jurnalda qırıq-qırıq çıxan romanı izləməkdən yorulub ardınca düşməsin.

Mən bu əsəri kitab da çıxarmaq istəyirdim. Onun bir üzünü vermişdim “Azərnəşr”ə.

Onda Cəlal Məmmədovu böyütmüşdülər, keçmişdi Mətbuat Komitəsinə müavin.

Azərnəşrin direktoru Qılman müəllim, ədəbiyyat şöbəsinin müdiri Həsən Mehdiyev, nəşriyyatın baş redaktoru isə İlyas Əfəndiyevin qardaşı Mustafa Əfəndiyev idi.

Əlyazmasını şöbə müdiri mənimlə birlikdə redaktə etməyə başladı. “Azərbaycan” jurnalında bir xeyli ixtisar edilmişdi. İndi, hansı yeri vacib bilirəmsə, jurnal çapından sonra əlyazmasında o parçaları qaytarıb qoymuşdum yerinə.

Görünür jurnalla nəşriyyatın buraxacağında fərq olacaqdı. Həsən Mehdiyev də oralara daha artıq diqqət yetirirdi.

Jurnal çapındakılardan xeyli yeri çıxmaqla qalmayıb özü də üstəlik pozur, sıxır, götürür və mənə təsəlli verirdi: “Bura da qoy getməsin.

Bura da yaxşı səslənmir”. Kəsib tökürdü. Axırda da dedi: “Harasından çıxsan da, bu əsər elədir ki, qalan qalır”.

Bir aya qədər nəşriyyatda bu işi görüb qurtardıq. Redaktə bitdikdən sonra mən şöbə müdirinə dedim: “İxtisar etdiyin varaqları qaytar mənə”.

Əlyazmasından çıxılmış varaqları yığmışdı masasının siyirməsinə, saxlayırdı özündə.

O məni başa saldı: “Bizim nə qədər iş gördüyümüzü, əsər üzərində necə çalışdığımızı sübut üçün o əlyazmada pozub-çıxdığımızı varaqlar qoy qalsın məndə. Lazım gəlsə, göstərərəm”. Ağla batan dəlildi.

Şöbədən sonra əlyazması keçdi baş redaktor Mustafa Əfəndiyevə.

Romanı mətbəəyə, yığılmağa göndərməzdən qabaq baş redaktor da qol çəkməliydi.

Dedim bəs o eləcə şöbə müdirinin redaktəsilə kifayətlənib qol çəkəcək.

Oxumağa başladı. Burada da əsl çarpışma başladı. Baş redaktor əsəri oxuyandan sonra şöbəyə və mənə bildirdi, o, bu şəkildə əsərin nəşrinə qol qoymur. Onun otağında mübahisəmiz düşdü.

Demişdim bəs bunca zəhmət çəkmiş şöbə müdiri qolunun arxasında duracaq, müdafiə edəcək. O susdu, Mustafa Əfəndiyevsə axır sözünü belə bitirdi: “Mən əlimi kəsərəm, belə əsərin nəşr olunmağına qol qoymaram”.

Belə çıxırdı ki, bu, xalis antisovet əsərdir. İş böyüdü, Mətbuat Komitəsi qarışdı. Bayram Bayramov göstəriş verdi.

Daha kimsə əlyazmasını oxumağa başladı. Nəşriyyat bir yana, mən Komitə ilə vuruşmalı oldum. İş bunda idi ki, nəşriyyatla Komitə arasında çəkişmə düşmüşdü.

Bayram Bayramov bir yanda – dəstəsi Mustafa Əfəndiyev, Həsən Mehdiyev nəşriyyatın direktoru Qılman Musayev-İlkini təkləmək, işdən çıxartmaq istəyirdilər.

Belə antisovet əsəri Qılman Musayev nəşriyyatın planına salmaqda ciddi səhvə yol vermişdi.

Bu əsər Mustafa Əfəndiyev, Bayram Bayramovun əlində Qılman İlkinə qarşı tutalqa oldu. Arada əlyazması yoxa çıxdı. Mən Bayram Bayramovdan əsərin əlyazmasını tələb etdim.

Onunla sözləşdik. Dedi: “Nə qədər ki, mən burdayam, Mətbuat Komitəsinin sədr müaviniyəm, sənin bir əsərin işıq görməyəcək”.

“Yaxşı olsun. Qaytarın əlyazmasını!” Əlyazmasını hardasa it-bata salmaq istədilər.

Onda mən söylədim: “Əgər bu gün işin axırınacan mənim əlyazmamı özümə çatdırmasanız, onda baxarsız”.

Əlyazmasını guya Mərdəkanda yaşayan bir əməkdaşdan alıb gətirdilər. İxtisara salınmış, şöbə müdirinin götürdüyü varaqlar yoxdu. Onu tələb etdim, vermədilər.

Sonra eşitdim, onların hamısını şöbə müdiri “sübut” təki toplayıb, göndəriblər KQB-yə. Azərnəşrin şöbə müdiri Həsən Mehdiyev Dövlət Təhlükəsizlik Komitəsinə geniş bir izahat yazıb.

1972-ci ilin avqustunda Azərbaycan Mərkəzi Komitəsinin plenumu çağrıldı. Plenum ideoloji işə həsr edilmişdi. Azərbaycanın başçısı MK-nın birinci katibi, ondan qabaqsa DTK-nın sədri olmuş H.Əliyev cəmi iki ildi işə başlamışdı.

Bu iki ildə ilk dəfə idi ki, ideoloji işə belə yaxından yanaşırdılar. H.Əliyevin bu plenumdakı məruzəsində ədəbiyyata xeyli yer ayrılmışdı. İdeoloji işdə tarix, ədəbiyyat, mədəniyyət sahələrində buraxılmış səhvlər, qüsurlar adbaad göstərilmişdi.

Orada mənim “Dünyanın arşını” adlı romanım da qara siyahıya düşmüşdü.

Göstərilmişdi: “Bu romanda ciddi ideoloji sapıntılara yol verilmişdir”.

Məndən başqa Ziya Bünyadov da tənqid edilmişdi. Əsər hələ nəşr olunmayıb, kitab çıxmayıb, amma onu bunca yuxarıdan, MK – birinci katibi tənqid atəşinə tuturdu.

Orası da vardı, siftə bu əsər “Azərbaycan” jurnalında çıxmışdı. İndi jurnalın baş redaktoru Cəlal Məmmədov Mətbuat Komitəsində birinci müavindi.

O heç cür qoymazdı onun vaxtında, onun baş redaktorluğu ilə çıxmış bir jurnalda buraxdığı əsər bunca ağır ittihama tutulsun. Belə çıxırdı romanın jurnal variantı deyil, kitab üçün hazırlanmışı tənqid olmuşdu...

Bunu mən sezdim və sonra eşitdim, jurnalın o vaxtkı baş redaktoru Cəlal Məmmədov bildirib: “MK-nın plenumunda tənqid olunan onun buraxdığı əsər deyil. Biz onu təmizləmişdik.

Bu, nəşriyyat variantıdır”. Belə isə bəs necə olmuşdu kitab nəşr edilməmiş, əsərdən hətta misallar çəkilir, o sayaq atəşə tutulurdu?

Aydındı, bu, nəşriyyatın qurmasıydı. YB də, ədəbi mühit də harda düşdü orda başlamışdılar “partiya tənqidini” üzə vurmağa, hallandırmağa.

Əli Vəliyev hər yerdə dönə-dönə deyirmiş: “Mən qoymaram Sabir Əhmədov mənim qurduğum kolxozu dağıtsın”.

Düşünürdüm. Bu kimin işidir? Necə olub bu romanın və mənim adım gedib çıxıb oraya?

Düşüb MK-nın birinci katibinin məruzəsinə? Hələ bu əhvalat başlanmazdan, əsər jurnalda çıxdıqdan sonra Əli Qasımov məni təbrik etmişdi.

O indi Mətbuat Komitəsində işləyirdi. Dedi, romanın Ukraynanın nəşriyyatında çıxacaq, plana salınmışdır.

Onda sovet vaxtı bütün ölkədə, ayrı-ayrı respublikalarda nəşr olunası kitabların siyahısı, nəşr planları bir ayrıca məcmuədə bildirilirdi.

Bütün ölkəyə göndərilirdi. Beləliklə hamı soraq tuturdu, ölkənin nəşriyyatlarında bu il, gələn il hansı kitablar çıxasıdır. Əlfi oradan, həmin məcmuədən oxumuş, görmüş və mənə də göstərmişdi.

Bundan başqa, roman “Drujba narodov” jurnalında çap olunacaq, “Sovetski pisatel”də ayrıca kitab çıxacaqdı. Beləliklə, əsər dörd yerdə - Azərbaycanda da kitab halında çıxmalıydı.

Azərbaycan Mərkəzi Komitəsinin işə qarışmağı ilə bütün bu nəşrlərin üstündən qələm çəkildi. Mənə Ukraynadan soraq çatmışdı ki, tərcüməçi əsəri Ukrayncaya çevirib.

Moskvada romanın tərcüməsi “Drujba narodov” junalında və nəşriyyatda idi. Onları da qoydular qırağa. Azərbaycanın özündəsə əməllicə bir həşir qatmışdılar.

MK-nın mədəniyyət şöbəsi müdiri Azad Şərifov işə girişmişdi. Xeyrulla Əliyev – şöbənin işçisi istəyirdi mən yüksək partiya tənqidinə cavab verim.

Cavab belə olmalıydı: Mən partiya tənqidinin doğru olduğunu, göstərilən nöqsanları boynuma almalıydım.

Qayda vardı, yüksək partiya tənqidindən sonra bu tənqidin hədəfi gərək etiraf edə idi səhvlərini. Onu tənqid edənlərə minnətdarlığını bildirə idi. Partiya tənqidi yalnız müsbət qarşılanmalı, etiraf edilməliydi.

İş bunda idi, H.Əliyevin məruzəsində tənqid olunan ədiblər, alimlər elə də tərpənmiş, yuxarı partiya məmurlarının sıxışdırmağı ilə etiraf etmişdilər yoldaş Əliyevin məruzəsindəki iradları.

Qalırdım mən. Məni ram etməkdən ötrü üstümə adam da salmışdılar. Bunu məndən Mərkəzi Komitənin şöbələri, Xeyrulla Əliyev, Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov da istəyir, vadar edirdilər.

Bir kərə görüşdə dostum Altay Məmmədov da çıtızdı. “Formal olsa da, mən haqlı tənqid olunduğumu mətbuatda söyləyim”.

Qardaşım Vaqif raykom katibi idi, onun vasitəsilə də məni döndərməyə çalışırdılar. O da mənə andırdı: “Tənqidin haqlı olduğunu söyləyim”.

Mənimsə içimdə bir “Yox!” nidası vardı və enilməzdi o. Mən indi də əmin deyiləm: Heydər Əliyev o əsəri oxumuşdumu: Yoxsa bədxahlar mənim adımı salmışdılar onun məruzəsinə?

Bununla həm məni vurmuş, həm də Azərnəşrin direktorunu pis ayaqda qoymuşdular. Sonra üstdən keçdikcə, mən baisləri aradıqca, başqa-başqa gümanlar gəldi ağlıma.

Bir kərə məni Mərkəzi Komitəyə çağırdılar, mətbuat şöbəsinin inspektoru Xeyrulla Əliyevin yanına. Onun bir xırdaca otağı vardı, eləcə tualet boyda idi. Burada onunla üzbəüz əyləşdik.

Bir pəncərəsi vardı, Çəmbərəkəndə baxırdı. O deyir, məni başa salırdı: “Sovet hökuməti misilsiz işlər görmüşdür. Kənd təsərrüfatımız, sənayemiz böyük nailiyyətlər əldə etmişdir.

Quruculuq işlərimiz vüsət tapmışdır. Bunları tərənnüm etmək əvəzinə, gözdən salmaq vicdansızlıqdır”. O deyir, mənim qulağım onda, gözüm pəncərədən eşikdə idi. Pəncərədən yamac görünürdü.

Onda hələ Çəmbərəkənd sökülməmişdi. Miskin daxmalar, uçuq-sökük evlər, dar, köntöy dalanlar qalırdı. Sovet hökuməti elə bil qurulmamışdı, buraya əl də dəyməmişdi.

Xeyrulla Əliyev döşəyir, sovet hökumətinin nəhəng quruculuq işlərini tərifləyir, məni başa salır, mənsə gözümü onun pəncərəsindən görünən mağmun mənzərəyə dikib durmuşdum.

Bir ara o baxdı mən gözümü haraya dikmişəm. O da mən baxan mənzərəni gördü. Dərhal işi anlayıb susdu. Daha bir söz deyə bilmədi. Qalxıb onun otaqçasını tərk etdim...

Mərkəzi Komitənin yüksək məmurları hərdən Yazıçılar İttifaqına gəlirdilər. Orada qarşılaşırdıq, onlar məni görəndə elə bil qutuda ilan görürdülər. Salam vermək istəmirdilər, aralı dolanırdılar.

Yazıçılar İttifaqı daha da qabağa gedib bir səyyar yığıncaq keçirmək istədi. Bu yığıncaq rayonda, Cəlilabadda olacaqdı.

Hamımızı dəvət etmişdilər oraya. Ayının yüz oyunu bir armudun başındadır. Soraq tutdum, yenə məni, “Dünyanın arşını”nı suçlandıracaqdılar.

Yollandıq Cəlilabada. Orada Əli Vəliyev, başqa ağsaqqallar da mənimlə soyuq görüşür, çıxışa hazırlaşırdılar. İttifaqın sədri Mirzə İbrahimovdu. İclas başladı, məruzəçi Kamal Talıbzadə idi.

Sonralar mənə açdı: O birinci növbədə mənim barəmdə söz deməli, kəskin iradlar söyləməliydi. O, ədəbiyyatdan, bədii nəsrimizdən söz açdı. Mənim barəmdə onlarım öyrətdiyi kimi yox, insafla danışdı.

Yığıncaqdan sonra ortaya oradaca yemək verildi. Mən Rəsul Rza ilə qabaq qarşı əyləşmişdim. Söz aldım, sağlıq deyəm. Söylədim: “İçək bütün nəsillərin vicdanlı nümayəndələrinin sağlığına!”

Məsud Əli oğlu şaqqanaq çəkib ləzzətlə güldü. Mirzə İbrahimovdu masabəyi. O da özünü saxlaya bilməyib söylədi: “Hansı köpəyoğlu boynuna alar ki, vicdansız odur” – buna bənzıər bir söz dedi.

Qalxıb iki avtobusdan birinə mindim, qalanlar hələ əyləşmişdilər. Mən minən avtobusda beş-altı adam vardı.

Kamal müəllim də təkcə oturmuşdu bu avtobusda. Mənə baxdı, elə bil söylədi: “Sənin üstündə mənim də aşımın suyunu verdilər”.

Görürdüm, bunlar mənimlə düşmənçilikdən əl çəkmirlər. Bir təsəlli o idi ki, işləyirdim. Yazırdım.

Bu idi məni bədbinlikdən, düşgünlükdən qoruyan. Moskvaya, SSRİ Yazıçılar İttifaqının sədri Georgi Markova bir məktub yazdım.

Başıma gətirilənləri orada açıb göstərdim. İmran Qasımov məni çağırdı. Söylədi, Georgi Maksimoviç sənin məktubunu oxuyub, çox mütəəssir olub.

Hansı əsərini istəyirsən, Moskvada çap edəcəklər. “Dünyanın arşını”dan başqa.

Bu arada Bakıda İttifaq əhəmiyyətli bir yığıncaq oldu. Moskvadan SSRİ Yazıçılar İttifaqının sədri Markov özü gəlmişdi.

O, yığıncaqda çıxış etdi. Dörd nəfər Azərbaycan yazıçısının adını çəkdi, biri də məndim.

Sağ olsun. Bu kişi bütünlükdə xeyrixah insandı. Mənim ona yazdığım məktub barədə İmran Qasımova deyibmiş: “Bu, adi məktub deyil. İttihamdır. Yazıçının acı taleyidir”.

O vaxtlar belə köməyə, təsəlliyə ehtiyacım çoxdu. Moskva ilə hamısı, hətta məni istəməyənlər də hesablaşmalıydılar...

(ardı var)
XS
SM
MD
LG