Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:47

«İlkin kapital həmişə çirkli yollarla yığılır»


Musa Qasımlı
Musa Qasımlı
«2003-cü ildə İlham Əliyevin baş nazir seçilməsi tam konstitusiyaya uyğun həyata keçirilib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında tarixçi alim, 2003-cü il prezident seçkilərində İlham Əliyevin vəkillərindən biri olmuş Musa Qasımlı deyib. Onun sözlərinə görə, bunu hakimiyyətin nəsildən-nəslə ötürülməsi kimi qələmə vermək düzgün deyil.

«2003-cü ildə İlham Əliyevin baş nazir seçilməsi tam konstitusiyaya uyğun həyata keçirilib. Bu, qətiyyən hakimiyyətin ötürülməsi demək deyildi. Bu, bütün tələblərlə qanuna uyğun şəkildə dövlətçilik ənənələrinin davam etdirilməsi idi».

Milli Məclisin deputatı, «Ümid» Partiyasının sədri İqbal Ağazadə isə bunu demokratik addım və Azərbaycan cəmiyyətinin qazancı kimi dəyərləndirmir. O hesab edir ki, bu, Azərbaycan Konstitusiyasına zidd addım idi.
İqbal Ağazadə

«Azərbaycan Konstitusiyasında və qanunvericilikdə yaxın qohumların tabeliyində işləməmək məsələsi var. İkinci tərəfdən isə Azərbaycan demokratikləşmədə və hakimiyyətin formalaşmasında bu tipli prinsiplərdən gələcəkdə də yararlanmamalıdır. Dünyanın heç bir inkişaf etmiş ölkəsində bu cür yanaşmalar olmur. Hakimiyyətin ötürülməsinin bu cür mexanizmləri olmur. Hakimiyyət xalqın səsi ilə ötürülür».

Müsavat Partiyasının İcra aparatının rəhbəri Arif Hacılı isə deyib ki, İlham Əliyev üçün hakimiyyətin legitimliyi məsələsi dövri məsələlərdən biri idi.

«Əgər doğrudan da Heydər Əliyev İlham Əliyevi baş nazir təyin etmişdisə, hökmən bunun görüntüləri ictimaiyyətə təqdim olunacaqdı. Yəni bu ictimaiyyətə təqdim olunmaya bilməzdi. Əslində İlham Əliyevin 4 avqustda Heydər Əliyev tərəfindən Azərbaycan respublikasının baş naziri təyin edilməməsi və faktiki olaraq hakimiyyətin anti-konstitusion yolla atadan oğula ötürülməsinin həqiqət olduğu mənə elə gəlir ki bu məsələ ilə maraqlanan hər bir adama məlumdur».

İlham Əliyevin 2003-cü il prezident seçkilərində vəkili olmuş tarixçi alim Musa Qasımlı isə bu fikirlə razılaşmır.

«Heç bir yerdə yazılmayıb ki, kimsə atası prezident olduğu üçün prezident olmamalıdır. Kimsə kimsəyə bunu qadağan edə bilməz. Əsas odur ki, dövlət üçün məsuliyyət daşıyan şəxs özündən sonra kimi məsləhət görür».

Musa Qasımlı deyir ki, İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın inkişafı üçün pozitiv bir hadisədir. O, korrupsiya ilə bağlı ittihamları arqument kimi qəbul etməkdən imtina edib:

«Azərbaycanda milyonçular nə qədər çox olsa o qədər yaxşı olar. İlkin kapital həmişə çirkli yollarla yığılar, siz Marksın «Kapital» əsərini də oxumamısınız. Azərbaycanda imkanlı adamlar nə qədər çox olsa, yaxşıdır. Burjuaziyanın millətçiliyi öyrəndiyi yer bazardır».



MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG