Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:50

«Hər il məktəbli geyimi almaq olar?»


Vahid məktəbli geyimi təxminən 40 manata başa gəlir
Paytaxt məktəblərinin ibtidai sinif şagirdləri yeni dərs ilinə yeni, vahid məktəbli formasında gedəcəklər. Bakı şəhər Təhsil İdarəsinin əmriylə hələ ötən ildən eskizlər bəyənilib və Bakı Tikiş Fabrikinə sifariş verilib. Hər məktəbin loqosu isə formanın döşünə taxılacaq.

Artıq bəzi valideynlər üçün suallar yaranıb. Məsələn, məktəbyaşlı iki uşağı olan Leyla Quliyeva deyir ki, o, ötən il oğlu üçün məktəbin eskizi əsasında kostyum tikdirib, özü də uşaq bu paltarı bir neçə il geyinsin deyə əməlli-başlı xərc çəkib.

«İndi də deyiblər ki, gedib Bakı Tikiş Fabrikinin yanındakı mağazadan almalısız. Keçən il mən 120 manat verib uşağa kostyum aldım ki, bir neçə il geyinsin. Əyninə bir az böyük götürmüşdüm. Türkiyə istehsalıydı».

«HƏR İL MƏKTƏBLİ GEYİMİ ALMAQ OLAR?»

Leyla Quliyeva yerli məhsula niyə üstünük vermədiyini onun keyfiyyətiylə izah edir:

«Deyirlər ki, indi paltar 40 manata olacaq. Bizdə bir məsəl var, ucuz ətin şorbası olmaz. Ötən il biri 8 manatdan «poliver» almışdım. Bir dəfə yuyan kimi tiftikləndi».

O, iki-üç dəfə xərcə düşə biləcəyindən narahatdır, üstəlik 5-ci sinfə keçən qızı üçün də məktəbli forması almalıdır. İndi qalıb belə, çünki gələn il də yuxarı siniflər üçün vahid forma tətbiq olunacaq, Leyla Quliyeva da hər il məktəbli geyimi almağı mümkünsüz sayır, deyir, imkansız valideynlər uşağa bir ölçü böyük alır ki, növbəti ili də ötürə bilsin.

Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev «vahid forma» məsələsini təqdir edir, hətta gecikmiş addım sayır, ancaq deyir ki, «məktəbli forma»sıyla bağlı qərarlar yüz ölçülüb bir biçilməliydi.

«İki-üç ildən bir qərar dəyişmək olmaz. Valideynlər xərc çəkirlər».

«UŞAQLAR SEÇİLMƏK İSTƏMİRLƏR»

Zəminə Əliqızı
Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı valideynlərin narazılığını anlamır, deyir ki, onlar bu qərarı məktəblilər arasında keçirdikləri sorğu əsasında veriblər:

«Məktəblilər dedilər ki, küçədə bir-birlərindən seçilmək istəmirlər. Onlar vahid forma məsələsini bəyəniblər. Valideynlər ilboyu bir neçə paltar alırdılar uşaqlarına, amma biz indi imkan yaratmışıq ki, yalnız il boyu bir geyim ala bilsinlər. Özü də elə bir parça seçilib ki, onu il boyu, həm sentyabrda, həm də dekabrda geyinmək mümkün olacaq. Artıq fabrikə sifariş verilib».

«YALNIZ HƏMİN PARÇADAN MƏQBULDUR»


Bəs valideynlərin seçilmiş eskizlər əsasında özləri parça alıb tikdirə bilərlərmi? Zəminə Əliqızı deyir ki, əgər eyni parçanı tapa bilsələr, olar, amma Bakı bazarında bu parçanı tapmaq çətin olacaq, çünki fabrik parçanı Türkiyədən xüsusi sifarişlə gətirdib:

«Kim orijinal parçanı taparsa, tikdirsin. Yetər ki, həmin formada və həmin parçada, həmin rəngdə olsun».

«TENDER OLUBMU?»

«Turan» İnofrmasiya Agentliyinin eksperti Samir Əliyev isə Bakı Tikiş Fabrikinə hansı şərtlər əsasında üstünlük verildiyinin ona aydın olmadığını söyləyir. Onun fikrincə, sifarişin yalnız bir fabrikə verilməsi həm keyfiyyət, həm də qiymət məsələsində problemlər yaradacaq:

Samir Əliyev
«Tender elan olunmalıdır, bazarda bir dəyərləndirilmə aparılsın, hansı imkanlar var, qiymət neçədi, keyfiyyət nədir? Bunların heç birini eləmədən, hansısa firmaya gözüyumulu sifariş vermək bunun arxasında başqa maraqların durduğundan xəbər verir. Mən niyə öz uşağıma məhz Bakı Tikiş fabrikinin tikdiyi paltarı almalıyam? Qoy bir neçə şirkətə sifariş verilsin ki, mən də üçündən, ya ikisindən birini seçim. Nəyə görə Bakı Tikiş fabrikinin məhsuluna möhtac qalmalıyam? Mən hələ bu fabrikin gözəl məhsulunu görməmişəm».

SUSAN TELEFONLAR


Zəminə Əliqızıdan Bakı Tikiş fabrikinə niyə üstünlük verilməsini, tender keçirilib-keçirilməməsini öyrənmək istədik, amma o, bu suallara cavab verə bilməyəcəyini söylədi. Yalnız onu dedi ki, valideynlər keyfiyyət məsələsindən narahat olmasınlar, problemlə üzləşərlərsə, Bakı şəhər təhsil idarəsinin 441 06 99 nömrəli telefonuna zəng eləyə bilərlər.

Bakı Tikiş Fabrikinin isə 109 məlumat xidmətindən aldığımız beş-altı nömrəsinə gün ərzində zəng vursaq da, telefonlara cavab verən olmadı.

Bu il birinci-dördüncü siniflərdə təxminən 130 min şagird təhsil alacaq. Vahid məktəbli geyimi isə təxminən 40 manata başa gəlir.
XS
SM
MD
LG