Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Kəndlinin 20 qəpiyə verdiyi pomidor Bakıda niyə 2.5 manata satılır?



EYNİ POMİDOR ASTARDA 20 QƏPİK, BAKIDA 2.5 MANAT


Sən demə Bakıda camaatın 2.5 manata aldığı pomidoru məsələn, Astara rayonunda fermer al-verçiyə cəmi 20 qəpiyə satıbmış. Bu rayonda olan fermer Zakir Axundov deyir ki, 20 qəpiyin içində pomidorun becərilməsi, daşınması, digər xərclərin hamısı daxildir:

- Mən becərdiyim pomidoru özüm bazarda satsam onun qiyməti 20 qəpik olar. Əkmə, suvarma, becərmə, dörd-beş dəfə dərmanlama xərcləri də daxil olmaqla 20 qəpik. Mən pomidoru 20 qəpiyə satsam orda mənim xeyrim də olar.

Sahibkarlar bildirirlər ki, hətta konserv zavodları bir az xarab olmuş pomidoru onlardan 9 qəpiyə alırlar.
Bakı bazarlarında isə pomidorun qiyməti 20 qəpik yox, heç 60 qəpik də yox, 2 manat 50 qəpikdir. Həmsöhbətim olan bu Bakı sakini deyir ki, Bakıda vaxtilə yayın ən yayğın xörəyi olmuş pomidor-yumurta əməlli-başlı bahalı bir şeyə çevrilib:

- Avqust ayında belə bahalıq olmaz. Göyərtinin bir dəstəsi 30, 50 qəpikdir. Bu bu dəhşətdir. 2 manat 50 qəpiyə avqust ayında pomidor olmaz. Mən təkəm indi alaram bir iki kilo, bəs böyük ailələr var onlar neyləsin. Camaat pomidor yumurta da bişirib yeməsin, bəs, neyləsin?!

YOL POLİSİ POMİDORUN QİYMƏTİNİ NECƏ QALDIRIR?


Kəndlinin 20 qəpiyə verdiyi pomidorun kilosu necə 2 manat 50 qəpiyə çıxıb? Bu suala pomidoru Bakıya gətirənlərdən – paytaxtdakı Təzə Bazardakı satıcılardan cavab xahiş etmişik:

- Yolda nə qədər yol polisi postu var, o deyir, pul ver, department gəlir ki, pul ver. O biri gəlir, beş manat ver. Ona görə də belə bahalıq yaranır.

Amma satıcılar özləri də bahalıqdan narazıdılar. Deyirlər hər şey baha olduğu halda bazara çıxardıqları malı necə ucuz sata bilırlər ki?

- Şəkər tozu ötən il 50 qəpik idi, indi 1 manatdır. Üç gündə unun qiymətində üç manat bahalaşma olub, biz dərdimizi kimə deməliyik. Satıcılar bildirir ki, onlar malların maya dəyərinin üstünə ən çox aoyanda 20-30 qəpik qoya bilirlər. Bu maya dəyər isə təbii ki, təkcə kəndlinin qoyduğu qiymət və yanacaq pulu deyil, rüşvətlə daha da yuxarı qalxır.


Satıcıların bəziləri bahalığın əsas səbəblərindən birini də ölkədə məhsul qıtlığı ilə əlaqələndirirdi.

HÖKUMƏT RƏSMİSİ BAHALIĞI İNHİSARÇILARIN MIHSULU SAYIR


Kənd Təsərrüfatı Nazirliyində isə hesab edirlər ki, bahalıq məhsul qıtlığı ilə bağlı deyil. Nazirliyin idarə rəisi Sabir Vəliyev bahalığın əsas səbəbini monopoliya və qayda-qanunun olmamasında görür:

- Qayda-qanun yoxdur, Lənkərənda, Quba-Xaçmazda, Dəvəçidə ucuz qiymətə mer-meyvə doludur, amma inhisarçılar onu bazara buraxmırlar. Nə qıtlıq, Azərbaycanda təlabatdan qat-qat artıq meyvə-tərəvəz məhsulları istehsal olunur. Sadəcə alverçilər bazara ucuz mal buraxmırlar ki, özləri baha satsınlar. Söhbət bundan gedir. Lənkərənda xiyar, pomidor 10 qəpikdir, heç alan yoxdur, Bakıda isə iki manatdır.

Sabir Vəliyev təmsil etdiyi Nazirliyin vəziyyətə təsir edə bilmədiyini, bu inhisarçılarla İqtisadi İnkişaf Nazirliyinin mübarizə aparmalı olduğunu deyir.

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ İNDİ POMİDORLA YOX, UNLA MƏŞĞULDUR


İqtisadi İnkişaf Nazirliyi isə hələki çörək və unun bahalaşması ilə əlaqədar bazarlarda monitorinqlə məşğuldur. Nazirlikdən bildirdilər ki, hələlik bazarlarda tərəvəzin qiyməti ilə bağlı işə başlamayıblar.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev hazırda Bakı bazarlarında tərəvəzin bahalığının iki səbəbi olduğunu düşünür: birincisi, havaların isti keçməsinə görə rayonlarda məhsulun yığılıb daşınmasında çətinliklər yaradıb.

İkincisi, rəsmilərin özlərinin də etiraf etdikləri inhisarçılıq. Onun fikrincə, inhisarçılıq və küçələrdə, məhlələrdə meyvə-tərəvəz satışının qadağan edilməsi və kənd təsərrüfatı yarmarkalarının olmaması inhisarçılara qiymətləri öz istədikləri həddə qaldırmağa imkan verib.

Reportajı dinləyin:

XS
SM
MD
LG