Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:53

İlyas İsmayılov əvvəllər kommunist olmasından peşman deyil


Ilyas Ismayilov
Ilyas Ismayilov
«Proporsional seçki sistemi bərpa olunmalıdır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, «Ədalət» Partiyasının sədri İlyas İsmayılov dinləyicilərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu, siyasi partiyaların fəaliyyətini artıracaq:

MƏCƏLLƏYƏ DƏYİŞİKLİK FACİƏ DEYİL

«Partiyaların siyasi fəaliyyətinin artması üçün seçki sistemi dəyişdirilməlidir. Proporsional seçki sistemi bərpa olunmalıdır. Əgər proporsional seçki sistemi bərpa olunarsa, onda partiyalar vaxtaşırı xalqın içinə gedər, öz məramlarını xalqa izah edər, inkişaf edə bilərlər. Majoritar seçki siyasi partiyaların fəaliyyətinin bir növ aşağı salınması deməkdir».

Deputat seçki məcəlləsinə edilən əlavə və dəyişikliklər haqqında deyib ki, bu faciə deyil.

«Yeni seçki məcəlləsində faciə görmürəm. Qətiyyən orada faciə görmürəm. Bu dəyişikliklərlə bir yerdə də seçkiləri keçirmək olar. Çox şəffaf, demokratik, bircə siyasi istək lazımdır. Siyasi istək olmayanda ən demokratik məcəllə ilə də seçki keçirmək olmaz. Bunu biz artıq öz təcrübəmizdən bilirik. Hesab edirəm ki orada bir faciə yoxdur».

Partiya sədri parlament seçkilərinin ədalətli keçiriləcəyinə ümid etdiyini deyib.

HEÇ VAXT HEÇ KİMİN HAQQINI YEMƏMİŞƏM


«Seçkilərin şəffaf keçəcəyinə ümid edirəm. Əvvəlcədən nə deyə bilərəm. Arzu edirəm şəffaf keçsin. Hakimiyyət də buna getməlidir. Elə etməliyik ki, seçkilər yaxşı keçsin və heç bir beynəlxalq təşkilat bizə irad tuta bilməsin».

İlyas İsmayılov deyib ki, o keçmiş fəaliyyətindən razıdır. Hətta Kommunist partiyasının üzvü olmasından da peşman deyil.

«İlyas müəllim vaxtilə kommunist olub. Kommunist olmağımdan peşman deyiləm. Heç vaxt heç kimin haqqını yeməmişəm. Çalışmışam həmişə ədalətli olum. Kommunistlərin fəaliyyətinin birbaşa üstündən xətt çəkmək də düzgün deyil. Bizim elə kommunistlərimiz olub ki, xalqa başucalığı gətirib».

İlyas İsmayılov bildirib ki, onun şəxsi həyatında belə, siyasi fəaliyyətinə mane olan qüsur yoxdur. Oğlunun Rusiyada həbsdə olmasını da deputat qüsur hesab etmir. Çünki deyir ki, oğlunun günahı olmadığına əmindir.

OĞLUMUN CİNAYƏTİ YOXDUR


«Mənim oğlumun heç bir cinayəti yoxdur. Əgər mənim oğlum cinayət etmiş olsaydı, mən özüm ondan üz döndərərdim. Mənim oğlumu Rusiyada haqsız olaraq həbs ediblər. Ona 40 milyon pul borcludurlar. Arbitraj məhkəməsinin bu haqda qərarı var. Qərarı icraya göndərəndə maraqlı adamdan bir ərizə alıblar ki, guya o müqaviləni mənim oğlumla bağlayıblar taxıl verməyə vaxt keçib nə taxıl verirlər, nə pulu qaytarırlar. Onda neynəmək lazımdır? Mənim oğlum verib məhkəməyə. Yəni sivil yolla gedib. 2 il yarım məhkəmə çəkişməsi gedib. Nəhayət qələbə çalıb. Arbitraj məhkəməsinin qərarını Çelyabinsk vilayətinə icraya göndərəndə orada maraqlı adamdan FTB bir dənə ərizə alıb, mənim oğlumu həbs edib. Heç bir sübut olmadan. Yəni ümumiyyətlə mənim siyasi fəaliyyətlə məşğul olmağa şəxsi həyatımda heç bir qüsur yoxdur».

Deputat özünün başçılıq etdiyi partiyanın mövqeyinin yarandığı gündən dəyişmədiyini əminliklə dilə gətirib.

İLYAS İSMAYILOV MÜXALİFƏTDƏDİR

«İlyas İsmayılov müxalifətdir. Bəzən görürsən ki bizi istəməyən bədxahlarımız da deyirlər ki, bəzi partiyalar iqtidaryönlü partiyalardır. Nədə ifadə olunur iqtidaryönlü partiyada olmağımız? Müxalifət iqtidarın qeyri-qanuni hərəkətini tənqid etməlidir. İqtidar da müxalifətin fikirlərinə qulaq asmalıdır. Və nöqsanları aradan qaldırmalıdır. Biz kifayət qədər tənqidimizi edirik».

Partiya sədri əlində dəqiq məlumatı olduğu təqdirdə hakimiyyəti tənqid etdiyini deyib. Bu səbəbdən də deputat bir çox məsələlərə o cümlədən «Vaşinqton Post» qəzetinin yazdığı Dubay mülklərinə münasibət bildirmək istəməyib.

DUBAYDAKI MÜLKLƏRDƏN XƏBƏRİM YOXDUR


«Əvvəla məndə elə məlumat yoxdur ki, Azərbaycan prezidenti Dubayda mülk alıb. Qəzetlərin yazdıqları həmişə düzgün deyil. O sualın cavabını mən verə bilmərəm. Çünki mənim məlumatım yoxdur. Yəqin ki, o sual ünvanlı adamlara verilsə daha yaxşı olar».

İlyas İsmayılov AzadlıqRadiosunun «Prezidentın qızı banka necə sahib oldu?» başlıqlı araşdırmasını da şübhə altına qoyub. O, bu suala da cavab verməyib.

«Siz də elə təəssürat yaranmasın ki, İlyas İsmayılov cavab verməyə çəkinir . Xeyr. Bu mənim ixtisasıma uyğun, xarakterimə uyğun məsələdir. Yəni mən bir hüquqşünas kimi bir şeyi araşdırıb ona əmin olmasam, münasibət bildirə bilmərəm».

«Bunlara əmin olmaq üçün deputat sorğusu göndərərsizmi» sualına cavabında isə deputat buna ehtiyac olmadığını deyib.

Partiya sədri çalışdığı parlamentin fəaliyyətini və parlamentdə özünün fəaliyyətini yüksək qiymətləndirib.

PARLAMENTİN İŞİNƏ MÜSBƏT QİYMƏT VERMƏK LAZIMDIR

«Mən parlamentdə olan fəaliyyətimdən razıyam, çünki onun funksiyalarını həyata keçirməkdə vicdanla iştirak etməyə çalışmışam. Parlamentin fəaliyyətinə mənim qiymət verməyim düzgün çıxmazdı. Mən parlamentin bir hissəsiyəm. Ümumiyyətlə, hesab edirəm ki, parlamentin fəaliyyətinə də müsbət qiymət vermək lazımdır».

«Ədalət» partiyasının sədri «Böyük Quruluş» və «BAXCP» ilə birgə yeni seçki bloku yaratmaq barədə fikirlərindən də danışıb.

«Hələ saziş imzalamamışıq, müzakirələr gedir. Dairələrdə namizədləri müzakirə edirik. Ancaq seçkilərdə birgə iştirak etmək üçün ciddi niyyətimiz var».

BİZİM PARTİYAYA GƏLƏNLƏR HƏLƏ DƏ VAR


İlyas İsmayılov müttəfiqi Qüdrət Həsənquliyevin parlamentdə səsləndirdiyi Rusiya bazalarının Azərbaycanda yerləşdirilməsi barədə istəyinə də münasibət bildirib. O deyib ki, Qarabağ münaqişəsi bununla həll olunacaqsa, bunu etməyə dəyər.

«Qüdrət Həsənquliyev demişdi ki, Qarabağın azad olunması üçün nə lazımdısa, edək. O cümlədən baza lazımdısa, yaradaq. Mən də elə düşünürəm ki, Qarabağın azadlığı üçün hər şeyə getməyə dəyər. Əgər Qarabağ azad olunursa, olsun bazası. Amma prinsip etibarı ilə mən Azərbaycanda hansısa bir xarici ölkənin bazasının olmasının tərəfdarı deyiləm».

Partiya sədri «Ədalət» partiyasının üzvlərinin sayının tez-tez dəyişildiyini bildirib. Amma partiyaya gələnlərin olduğunu da istisna etməyib.

«Biz qeydiyyata alınanda 12 min üzv vermişdik. Sonra çoxalmışdı. Lap 25 minə qədər qalxmışdı. İndi, yəqin ki, azalıb. Bu da təbiidir. Mən çox şadam ki hələlik bizim partiyaya gələnlər var».

XS
SM
MD
LG