Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:47

Məscidlərin qeydiyyatı niyə yubanır?


İlahiyyat məscidi
İlahiyyat məscidi
Bakıda türk məscidləri kimi tanınan İlahiyyat və Şəhidlik məscidləri dövlət qeydiyyatından keçmək üçün sənədlərini toplasalar da, həmin sənədlər hələ Dini Qurumlar üzrə Dövlət Komitəsinə çatmayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin deyir ki, Şəhidlik məscidinin açarı onlarda olsa da, məscidin fəaliyyəti hələlik dayandırılıb:

MƏSCİD BAĞLANMAYIB

«Məscid bağlanmayıb. Fəaliyyəti bir müddət dayandırılıb. Bu məsələ üzrə səfirlik səviyyəsində lazım olan danışıqlar aparılıb və hələ davam edir».
O ki qaldı İlahiyyat məscidinə, Müzəffər Şahin deyir ki, sənədlər Yasamal rayon İcra Hakimiyyətindədir, ona görə də hələ Dini Qurumlar üzrə Dövlət Komitəsinə göndərilməyib:

İCRA HAKİMİYYƏTİNİ GÖZLƏYİRLƏR


«Dini icmanın qurulması üçün hansı sənədlər tələb olunursa, İlahiyyat məscidi həmin sənədləri hazırlayıb. Sənədlər Yasamal icra hakimiyyətindədir. Ona görə də sənədlər hələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilməyib. İcra hakimiyyətinin sənədləri nə vaxt imzalanacağını gözləyirik».

Yasamal rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Vaqif Məmmədov isə bildirdi ki, sözügedən sənədlərin icra hakimiyyətində qalması, hələ də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilməməsi barədə deyilənlər doğru deyil:

DİN DÖVLƏTDƏN AYRIDIR, BİZ MÜDAXİLƏ ETMİRİK

«Biz heç vaxt heç yerə sənəd göndərmirik. İcma özü aparıb sənədlərini verir. Bizim elə bir funksiyamız yoxdur. Biz onlardan heç bir sənəd almırıq. Dini qurumların qeydiyyatı ilə məşğul olan dövlət komitəsi var. Dini etiqad azadlığı haqqında da qanun var. Din dövlətdən ayrıdır, biz də onların işinə müdaxilə etmirik».

İlahiyyat məscidinin imamı Ağalar Seyidov isə bildirdi ki, Yasamal rayon icra hakimiyyəti məscidin sənədlərini Komitəyə əsas bir sənədə görə göndərmir:

BU, ÇƏTİN MƏSƏLƏDİR

«Yasamal rayon icra hakimiyyəti bizdən məscid tikilərkən hazırlanan köhnə sənədləri istəyir. O sənəd də Bakı şəhər icra hakimiyyətinin memarlıq və şəhərsalma idarəsindədir. Memarlıq şöbəsinə rəsmi məktub yazdım. Çağırdılar və üzümə dedilər ki, bu çətin məsələdir, verə bilmərik. Bilmədim niyə çətin məsələdir».

Gün ərzində Bakı şəhər icra hakimiyyətinin memarlıq və şəhərsalma idarəsi ilə əlaqə saxlasaq da, telefonlara cavab verən tapılmadı.

Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin mətbuat xidmətindən də bildirdilər ki, nə İlahiyyat, nə də Şəhidlər məscidindən qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər hələ komitəyə göndərməyib.

İlahiyyat məscidi Bakıda 1996-cı ildən fəaliyyət göstərir. Bu vaxta qədər qeydiyyatı olmayıb. Şəhidlik məscidi də həmin dövrdə açılıb. Ötən ilin aprelində təmir adı ilə bağlanıb.

İndiyə qədər qeydiyyatdan keçmək üçün Dini Qurumlarla İş üzə Dövlət Komitəsinə 800-dən atıq dini icma müraciət edib. Onlardan 450-i qeydiyyatdan keçib.
XS
SM
MD
LG