Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

Prokurorluq sel yardımında fırıldaq iddiasını araşdırır


Sabirabad rayonun bir qrup sakini Prezident Administrasiyasının qarşısında, 31 avqust 2010
Sabirabad rayonun bir qrup sakini Prezident Administrasiyasının qarşısında, 31 avqust 2010
POLİS ŞİKAYƏTƏ GEDƏNLƏRİ TUTUB

Sabirabad rayonun bu yaz Kürün daşmasından ziyan çəkən bir neçə kəndinin sakini sentyabrın 1-də onlara hökumətin verdiyi yardımın oğurlanması şikayəti ilə rayon icra hakimiyyətinə üz tutub. Amma burada onlardan beş nəfərini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna Sabirabadın Xankeçən kəndinin sakini Şahbaz Hacıyev məlumat verib.

Sabirabad rayon polis idarəsindən AzadlıqRadiosuna xəbəri təsdiqləyiblər və bildiriblər ki, saxlananlara xəbərdarlıq olunaraq azad ediliblər. Polis sakinlərin qanunsuz piket keçirmək istədikləri üçün saxlandıqlarını bildirir.

ZƏRƏÇƏKƏN SAKİNLƏRƏ VERİLƏN HƏR İKİ MANATDAN CƏMİ BİRİ ONA ÇATIB?
Seldən zəzərçəkənlər Prezident Administrasiyasında, 31 avqust 2010


Təbii fəlakətdən ziyan çəkmiş bölgələrdə vəziyyətin monitorinqini aparan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı isə verilən məlumata görə isə, sabirabadlılardan ibarət nümayəndə heyətinin dünən – avqustun 31-də Fövqəladə Hallar Nazirliyinə müraciəti zamanı pul kompensasiyalarının verilməsi ilə bağlı yerli məmurların fırıldağı üzə çıxıb.

Belə ki, sakinlər onlara verilmiş kompensasiyaların məbləği ilə hökumətin sənədlərindəki məbləğ arasında iki dəfəyə qədər fərq aşkar ediblər. Məlum olub ki, ziyan çəkən sakinlərə hökumətin verdiyi pul yardımının yalnız yarısı onlara çatıb.

Bundan sonra şikayətçilər Baş Prokurorluğa müraciət ediblər. Baş Prokurorluq da Sabirabadın Azadkənd, Xankeçən, Poladduqay, Çığırqan kəndlərində yoxlamaya başlayıb. Qaragüney kənd polis şöbəsinin rəisi Eminağa Zeynalov “Turan” informasiya agentliyinə bildirib ki, hazırda prokurorluq adı çəkilən kəndlərdə yoxlama aparır.

Qərargahdan verilən məlumata görə, dünən axşam yerli məmurlar aldadılmış vətəndaşların evlərinə gedərək onları şikayətlərini geri götürməyə razı salmağa çalışıblar və əvəzində kəsilmiş pulları geri verəcəklərini deyiblər. Lakin aldadılmış sakinlər bundan imtina ediblər. Onlar dələduzların cəzalandırılmasını tələb edirlər.
Evi sel altında qalmış Sabirabad sakini, may 2010

KİM NƏ QƏDƏR YARDIM ALMALIDIR?

Sabirabad rayonun bir neçə kəndinin kompensasiyalardan narazı sakinləri avqustun 31-də Bakıda prezident Administrasiyasında da olub. Orada kəndlilərə problemlərinin həll ediləcəyinə söz verilib.

Sabirabadın dörd kəndini birləşdirən Azadkənd icra nümayəndəsi Amil Vəlişov isə AzadlıqRadiosuna deyib ki, yerli icra nümayəndələri yarasız hala düşən evlərin qiymətləndirilməsi və kompensasiyaların verilməsində iştirak etməyib. Bunu 11 Nazirliyin nümayəndələrindən ibarət komissiya müəyyən edib.

Amil Vəlişov bildirir ki, pul yardımı sakinlərə onların istədikləri kimi evlərdəki adam sayına görə yox, sakinlərin ölçüsünə görə verilir. Yəni 40 kvadratmetrə sahəsi olana 400, 80 kvadratmetrə qədər 800, 100 kvadratmetr və ondan artıq evlərə isə 1000 manat kompensasiya nəzərdə tutulub. Əkin sahələrinin zərəri də hesablanıb. Amma onun verilməsinə prosesin 2-ci mərhələsində başlanacaq.

Sabirabadda daşqın altında ev, 23 may 2010
PREZİDENTİN 300 MİLYON MANATI... MÜBAHİSƏ SƏNGİMİR


Bu ilin aprel-may aylarında Kür çayının daşması Azərbaycanın bir neçə rayonunda daşqına səbəb olmuş, kəndlər evlərindən çıxarılmış, əkin sahələri yarasız hala düşmüşdü. O zaman prezident İlham Əliyev bildirmişdi ki, zərəçəkən əhaliyə yardım, evlərin təmiri və yeni evlərin tikintisi üçün 300 milyon manat pul ayrılıb. İndi yardımın bölüşdürlməsi, üstündə kənd sakinləri ilə məmurlar arasında mübahisələr səngimək bilmir.

Sentyabrın 1-də daşqından ziyan çəkmiş Saatlı rayonun da verilən yardımlardan narazı olan bir qrup sakini rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçirib. Bu rayonda da polis kəndlilərdən bir neçəsini saxlayıb.
XS
SM
MD
LG