Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

Kompensasiya tələbi həbslə nəticələndi


Sentyabrın 1-də Saatlı rayon İcra Hakimiyyətinə şikayətə gedənlərin 4 nəfəri həbs olunub. Bu barədə AzadlıqRadiosuna məlumat verən rayonun Dəllər kəndinin sakini Azər Mansurovun sözlərinə görə, sel və daşqınlar nəticəsində zərər çəkmiş Nərimankənd, Dəllər və Bursalı kəndlərinin 200-ə yaxın sakini hökumətin ayırdığı kompensasiyanın onlara ödənilməməsiylə bağlı rayon icra hakimiyyətinə şikayətə gediblər. Amma rayon icra hakimiyyətinin rəhbərliyi onların şikayətinə qulaq asmaq əvəzinə yumruq davasına çıxıb.

Azər Mansurov deyir ki, şikayətçilərdən 4 nəfər həbs olunub.

Rayon icra hakimiyyətindən belə bir hadisənin baş verməsini təkzib etdilər, amma Saatlı polis idarəsinin növbətçisi bildirdi ki, bu gün onlara dörd nəfər gətirilib və hazırda onların məhkəməsi gedir.

Növbətçi dörd nəfərin şəxsi ərizə əsasında saxlandığını, amma şikayətin motivindən xəbərsiz olduğunu söylədi.

Sentyabrın 1-də Sabirabad rayonunda da polis kompensasiya problemiylə yerli icra hakimiyyətinə şikayət etmiş sakinlərdən 5 nəfərini saxlayıb və onlara xəbərdarlıq etdikdən sonra buraxıb.

Prezident İlham Əliyevin sərəncamıyla sel və daşqınla üzləşmiş bölgələrə dəymiş ziyanın aradan qaldırılması üçün 300 milyon manat vəsait ayrılıb.
XS
SM
MD
LG