Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Sabirabadlıları Bakıda necə qarşıladılar?


Balahəşimxanlı kənd sakini Nail Fərəcov
Balahəşimxanlı kənd sakini Nail Fərəcov
«Sel bizi aparsaydı, bundan yaxşı olardı. Canımız bu əzab-əziyyətdən qurtarardı. Bu millətə, insanlara zülm etməkdir».

Bu, Sabirabad rayon Balahəşimxanlı kənd sakini Nail Fərəcovdur. O və Balahəşimxanlı kəndindən gələn 10-dan yuxarı şikayətçi sentyabrın 7-də Bakıda sözlərini deməyə bir dövlət qurumu belə tapa bilmədilər. Onlar səhər tezdən Prezident Administrasiyasının qarşısına toplaşaraq şikayətlərini çatdırmaq istəyirdilər. Ancaq Prezident Administrasiyasından onlara Fövqəladə Hallar Nazirliyinə getməyi məsləhət bildilər. Şikayətçilər ordan payi-piyada Fövqəladə Hallar Nazirliyinin qarşısına gəlsələr də, orada da onları dinləyən tapılmadı.

HAQQINI ARAYAN ŞİKAYƏTÇİLƏR, YOXSA CÜZAMLI XƏSTƏLƏR?

Əksinə, nazirliyin mühafizə xidməti cüzamlı xəstələrlə davranırlarmış kimi heç şikayətçiləri binanın daxilinə də buraxmadılar. Şikayətçilərin deməsinə görə, kənddə bəzi ailələrə kompensasiya verilsə də, çoxları kimi onlar hələ də yada düşmürlər. Üstəlik, kompensasiyaların təqribən yarısını məmurlar özlərinə saxlayıblar. Ancaq prokurorluq yoxlamalara başladıqdan sonra yerli məmurlarda az da olsa çəkingənlik yaranıb:

Şikayətçilər payı-piyada Fövqəladə Hallar Nazirliyinin qarşısına gəlsələr də, orada da onları dinləyən tapılmadı
YEYİNTİYƏ YOL VERİLİB

«Əvvəl bəzi adamlara 800, bəzilərinə min manat vermişdilər. İndi onlardan kimisinə 600, kimisinə 200 manat əlavə veriblər. Bəs bunu əvvəl niyə vermirdilər? Çünki yeyintiyə yol verilirdi».

Balahəşimxanlı kəndindən gələn şikayətçilər deyirdilər ki, sel daşqınlarından keçən bu 4 ayda cəmi bir dəfə ərzaq yardımı alıblar, indi buna da həsrət qalıblar. Əkin sahələri də su altında qaldığından təsərrüfatla da məşğul ola bilmirlər. Üstəlik, qarşıdan yeni dərs ili gəlir, uşaqları məktəbə necə hazırlayacaqlarını da bilmirlər:

«Bizdə mağazalar var. Qış aylarında bu mağazalara borc edirik, yazda biçin vaxtı borclarımızı qaytarırıq. Bu il əkin-biçin olmadığından borclarımızı qaytara bilmədik.
Mağaza müdirlərindən utandığımızdan kəndin içinə də çıxa bilmirik…»

ŞİKAYƏTÇİLƏRİN QOVULMASI

Balahəşimxanlı kəndindən gələn şikayətçilərlə söhbətin yarısında, xəbər gəldi ki, onları Fövqəladə Hallar Nazirliyində qəbul edəcəklər. Şikayətçilər bizə getməyi məsləhət bildi və dedilər ki, qəbulun təfərrüatı ilə bağlı telefonla məlumat verəcəklər. Ancaq sonradan öyrəndik ki, bizi yola saldıqdan sonra onları da nazirliyin
Sabirabad, 8 may 2010
qarşısından qovub uzaqlaşdırıblar.

İCTİMAİ, YOXSA RƏSMİ DİNLƏMƏ?

Sentyabrın 6-da Saatlı Rayon İcra Hakimiyyətinin qarşısına toplaşan selin fəsadlarından əziyyət çəkən şikayətçilər də eyni aqibətlə üzləşiblər. Onlar isə daşqın bölgəsində ictimai dinləmə keçirən ombudsman Elmira Süleymanovla görüşmək istəyiblər. Şikayətçilərdən Lazım Umudov deyir ki, Elmira Süleymanova icra başçısının maşınına oturub getdiyindən ombudsmanla görüşmək onlara müyəssər olmayıb:

«Başçının özünün mühafizə polisi var, mənə dedilər ki, «rədd ol burdan». Mən orada çox gözlədim, ancaq ombudsman başçının maşınına oturub getdi».

Şikayətçilərin deməsinə görə, ombudsmanın fəlakət zonasında keçirdiyi ictimai dinləmələrdə sadə insanlar yox, bir qayda olaraq icra hakimiyyətinin əməkdaşları iştirak edir.

Ancaq ombudsman Elmira Süleymanovanın özü isə AzadlıqRadiosuna müsahibəsində şikayətçilərin iradları ilə razılaşmayıb. Elmira Süleymanova deyib ki, onun heç bir dinləməsinə məhdudiyyətlər qoyulmayıb. Üstəlik, o, yataqxanalara gedərək sel qaçqınları ilə də görüşlər keçirib. Bununla belə, Elmira Süleymanova deyib ki, o istənilən şikayəti araşdırmağa hazırdır, o cümlədən Lazım Umudovun.
XS
SM
MD
LG