Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:12

«Kabus» əcnəbilər Azərbaycanda


3-cü mikrorayon dairəsində, körpünün altında dayanan Azərbaycan sakinləri hər gün qul bazarı deyilən yerdə iş tapmaq üçün növbə çəkir. Günə 10-15 manat qazanc axtarışında…

Onlar körpü altında iş gözlədikləri vaxt isə Bakıdakı yeni tikililərdə minlərlə əcnəbi daşı daş üstə qoyur. Azərbaycan hökuməti yeni tikilən göydələnləri iqtisadi inkişafın nümunəsi kimi görür. Amma az adam bilir ki, milyonlarla pul xərclənən bu göydələnlərin inşasında qeyri leqal miqrantların - əcnəbilərin əməyindən istifadə olunub.

NÖMRƏSİZ AVTOBUSLAR, ÜNVANSIZ EVLƏR…

«Paşa İnşaat»ın «Port Baku Residence» layihəsində əcnəbilərin ölkəyə gəlişi rəsmiləşdirilmir. Elə ölkənin içində də kabus kimi hərəkət edirlər – nömrəsiz avtobuslardan istifadə edir, ünvansız evlərdə yaşayırlar.

Onlar hər gün iki növbə ilə - nömrəli və nömrəsiz avtobuslarda işə gəlir. Yol polisinin reyd keçirdiyi vaxtda belə, nömrəsiz avtobuslar yolda rahatlıqla şütüyə bilir.

«Yol hərəkəti haqqında» qanuna istinadən isə dövlət və tranzit nömrə nişanı olmadan istənilən nəqliyyat vasitəsinin yolda hərəkəti yolverilməzdir.

«Port Baku»da çalışan əcnəbilər Zığ şosesində yerləşən üçmərtəbəli villada yaşayır. Evin ünvanı heç yerdə qeyd edilməyib və mühafizə xidməti kənar şəxsləri içəri buraxmır.

Villanın qarşısındakı avtobusa minərkən əcnəbilərlə dialoq:

- Haradan gəlmisiniz?

- Özbəkistandan

Villanın yaxınlığında, marketdə işləyən satıcı Xatirə Bayramova deyir ki, əcnəbi qonşularının da adı nisyə dəftərinə düşüb:

«Onlar Paşa İnşaat var, orda işləyirlər. Min nəfərdirlər, burda iki «smen» işləyirlər. Onlar əsasən özbəkdirlər, türkməndirlər, bir də ki, türkdürlər».

Qonşuların dediyinə görə, özbəklərin arasında xarratı da var, rəngsazı da, fəhləsi də.

Hər gün iş axtaran və körpü altında səhərdən – axşama kimi gözləyən rəngsaz Əziz Əliyev deyir ki, bu işi o da görə bilərdi:

«Bu qədər xarici təşkilatlarda kim gəldi işləyir, bu cür sənətkarlar qalmışıq ortada, qiymət verən yox…»

YÜZLƏRLƏ ÖZBƏK İNŞAATÇIDAN 57-Sİ RƏSMİLƏŞDİRİLİB

Əziz Əliyevin əmək bazarında yerini qorumaq üçün qanunlar da var. «Dövlət rüsumu haqqında» Qanununa əsasən, Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin alınmasına və müddətinin uzadılmasına görə, işəgötürən hüquqi və ya fiziki şəxs hər bir əcnəbiyə görə 1000 manat rüsum ödəməlidir.

Amma Paşa İnşaat bu qanuna məhəl qoymayıb. Ən azı bu şirkətin işə götürdüyü minlərlə miqrantı rəsmi statistikada tapmaq mümkün deyil.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Miqrasiya Xidmətindən bildirdilər ki, son 8 ayda 5712 əcnəbiyə ölkə ərazisində çalışmağa icazə verilib. Onlardan yalnız 57-si Özbəkistan vətəndaşıdır.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Miqrasiya xidmətinin rəhbəri Rauf Tağıyevin sözlərinə görə, Paşa İnşaatın özünün cəlb etdiyi əcnəbilər yoxdur:

«Paşa İnşaatın subpodratçısı tərəfindən cəlb olunanlar var. «İlk Tam» şirkəti var, o cəlb edib. Bunlar Paşa İnşaatın tərkibi deyil, onunla bağlanmış müqavilə əsasında müəyyən layihəni yerinə yetirən şirkətlərdir. «İlk Tam» şirkəti birgə müəssisədir».

Özbəklər deyir ki, 6 aya yaxındır «Port Baku»da çalışırlar. Aldıqları əmək haqqı 500-600 dollardır. Şirkət yemək və qalmaq xərclərini ödədiyi üçün pulun çox qismini ailələrinə yollayırlar. Mühafizəçinin yanında danışan miqrant əmək müqaviləsi ilə çalışdığını deyib.

ÖZBƏKLƏRİN HAQQI POZULSA, ŞİKAYƏT EDƏ BİLMƏYƏCƏKLƏR

Təxminən 2 həftə əvvəl Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinə Özbəkistan vətəndaşı olduğunu bildirən anonim şəxs zəng edib. Bildirib ki, Paşa İnşaatda əmək müqaviləsiz işləyirlər, pasportları isə əllərindən alınıb.

Əlövsət Əliyev
Mərkəzin rəhbəri Əlövsət Əliyev isə deyir ki, fərqi yoxdur, müqavilə var, ya yox. Özbək inşaatçıların haqqı pozulsa, onsuz da heç yerə şikayət edə bilməyəcəklər çünki qanunsuz əmək miqrantlarıdırlar. Lap elə Miqrasiya Mərkəzinin və AzadlıqRadiosunun ötən il aşkara çıxardığı bosniyalı və serb fəhlələr kimi. Onlar bir neçə aylıq maaşları kəsiləndə, qeyri-insani şəraitdə yaşamağa məcbur ediləndə də susmuşdular:

«Biz hesab etdik ki, yaranmış bu vəziyyətdə hüquq mühafizə orqanlarının müdaxiləsi zəruridir. Çünki işə götürən hər bir əcnəbiyə fərdi icazə almalıdır», Əlövsət Əliyev deyir.

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib. Daxili İşlər Nazirliyindən deyiblər ki, bu məsələ onların səlahiyyətində deyil. Baş prokurorluqdan isə cavab alınmayıb.

Miqrasiya mərkəzinə Zəng edən Özbəkistan vətəndaşının sözlərinə görə, onların bir qismi Paşa İnşaat tərəfindən Akkord şirkətinə satılıb.

AzadlıqRadiosunun apardığı araşdırmalardan məlum oldu ki, Qazaxda tikilən sement zavodunda da özbək və digər əcnəbi vətəndaşlar çalışır. Bu zavod isə Akkord tərəfindən tikilir.
XS
SM
MD
LG