Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Məktəbli formasının dərsqabağı yaratdığı «formasızlıq»


Valideynlərlə uşaqların növbəsi
Valideynlərlə uşaqların növbəsi
Bakı Tikiş Fabrikinin qarşısında neçə gündür məktəbli forması almaq üçün valideynlərlə məktəbə gedəcək uşaqların uzun-uzadı və hay-küylü növbəsi davam edir.

Adamlar həm növbələrdən, həm qiymətlərin bahalığından, həm də istədikləri ölçüləri tapa bilməmələrindən narazıdırlar. Necə deyərlər, aləm bir-birinə qarışıb. Birinci sinifə gedəcək qızıyla fabrikin qarşısındakı satış mərkəzinin önündə dayanan Südabə Qəhrəmanova evə əliböş qayıdırdı:

«Deyirlər «razmer» yoxdur, sabah gəlin. Dünən də burda qadınlara demişdilər ki, bu gün gəlin. Onlar da gəlib səhər səkkizdən dayanıblar heç bir şey yoxdur».

«40 MANATA FORMA OLAR?!»

Oğlunun əlindən tutub növbədə dayanan Mübariz Tağıyev isə həm inhisarçılıqdan, həm də qiymətlərin çox baha olmasından narazıdır. Onun sözlərinə görə, fabrikin tikdiyi məktəbli formasının maya dəyəri 12-15 manatdan yuxarı olmamalıdır:

«Bir əldə cəmləşdiriblər. Adamların imkanlarına uyğun olmayan qiymətlər qoyublar, halbuki həmin formaların qiyməti maksimum 12-15 manat arasıdır. Amma bunlar 30-40 manata satırlar».

MƏKTƏBLİ FORMASININ İSTEHSALI DAYANDIRILA BİLƏR


Bakı Tikiş Fabriki
Fabrikin üç satış mərkəzinin qarşısında uzun-uzadı növbələrin, hay-küylərin davam etdiyi bir vaxtda bu müəssisədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamalara başlayıb. Komitənin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, sentyabrın 13-dən başlayan yoxlamalar fabrikin sertifikatsız və kütləvi şəkildə məktəbli forması istehsal etməsi ilə bağlıdır. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, 44 ölçüyə qədər uşaq alt və üst geyimləri məcburi qaydada sertifikatlaşdırılmalıdır. Amma Bakı Tikiş Fabriki buna əməl etməyib:

«Məktəbli formasının tikilməsi kimi nəcib bir işə imza atan fabrik təəssüf ki, bu cür qanun pozuntusuna yol verib. Tikiş fabriki sertifikatsız məktəbli forması istehsal etdiyinə görə cərimə olunacaq».

Fazil Talıbov deyir ki, onlar məktəbli formasının parçasından nümunələri analiz üçün laboratoriyaya təqdim edəcəklər. Nəticələrdən sonra Komitə öz mövqeyini açıqlayacaq. Xidmət rəhbərinin dediyinə görə, nəticələr standartlara uyğun gəlməsə, onda Bakı Tikiş Fabrikində məktəbli formasının tikilişi dayandırılacaq.

Fazil Talıbovun sözlərinə görə, bu gün Azərbaycanda bir dənə də olsun qanuni əsasda məktəbli forması istehsal edən müəssisə yoxdur.

«120 MİN ŞAGİRDİN 80 FAİZİ ARTIQ STANDARTLARA UYĞUN OLMAYAN MƏKTƏBLİ FORMASI ALIB»

Zəminə Əliqızı
Ölkədə qanuni şəkildə məktəbli forması istehsal olunmasa da, artıq Bakıda 1-ci və 4-cü siniflərə gedəcək 120 minə yaxın şagirdin 80 faizi məktəbli forması ilə təmin olunub.

Bunu AzadlıqRadiosuna Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, onları formanın harda tikildiyi və standartlara uyğun olub-olmadığı maraqlandırmır. Zəminə Əliqızı deyir ki, Bakı Təhsil İdarəsi xeyli əvvəl 1-ci və 4-cü sinif şagirdlərin hamısının məktəbli formasında olması ilə bağlı müraciət edib. Bu baxımdan da idarə həmin müraciətə əməl olunmasında və göstərilən nümunəyə uyğunluğunda maraqlıdır.

Zəminə Əliqızı deyir ki, təxminən 20 faizə qədər şagird hələ də məktəbli forması ala bilmədiyi üçün Bakı məktəblərinin tam formaya keçməsilə bağlı müddət uzadılıb və belə qərara alınıb ki, bu, tədricən həyata keçirilsin.

BAKI TİKİŞ EVİ HƏR ŞEY YAXŞIDIR DEYİR

Bakı Tikiş Evi Açıq Səhmdar Cəmiyyətin sədri Fədail Rəhimov isə istehsal elədikləri məhsulla bağlı hər hansı problemin olmasını təkzib edir. Fabrik direktoru Komitənin lisenziya ilə bağlı iradları ilə razılaşmayaraq deyir ki, lisenziya əslində ilk dəfə fəaliyyətə başlayan müəssisələrə verilir.

Fədail Rəhimovun sözlərinə görə, hazırda aparılan yoxlama tikilən malların standartlara uyğunluğu ilə bağlıdır. Fabrik direktoruna görə,
Fədail Rəhimov
əgər onlar qanunsuz bir iş görsəydilər, yoxlama gedə-gedə işi davam etdirə bilməzdilər.

Qiymətlərin bahalığı ilə bağlı valideynlərin narazılığını da fabrik direktoru qəbul eləmir. Direktor deyir ki, Türkiyədən alıb gətirdikləri parça ilə indikindən ucuz forma tikmək qeyri-mümkündür.

Fabrik qarşısındakı növbəyə gəldikdə isə Fədail Rəhimov hesab edir ki, bu valideynlərin öz seçimidir, fabrikin bu məsələdə hər hansı günahı yoxdur:

«Mən valideynlərə deyirəm ki, gedin müxtəlif yerlərdə eynilə bizim tikdiyimiz formalara oxşayan formalar var ordan alın, əslində mən bunu deməməliyəm, istəmirəm növbə olsun. Ola bilər valideynlər hesab edirlər ki, bu fabrikin tikdiyi forma daha yaxşıdır».

Kiçik ölçülü paltarların azlığına gəlincə isə Fədail Rəhmanov deyir ki, əslində onların kütləvi forma tikmək fikri olmayıb, sadəcə birdən-birə yaranan təlabat onları kütləvi forma tikməyə məcbur edib. İndiyə qədər tikdikləri də yuxarı siniflər üçün nəzərdə tutulduğundan indi 1-ci siniflər üçün forma qıtlığı yaranıb. Amma fabrik direktoru bu məsələnin da həll olunacağını deyir. Təbii ki, hər şey Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yoxlamalarından asılı olacaq.

NAZİRLİK BU İŞİ GƏRƏK İLİN ƏVVƏLİNDƏN HƏYATA KEÇİRƏYDİ

Etibar Əliyev
«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev vətəndaşların məktəbli formasına görə, belə əziyyət çəkməsini yolverilməz addım sayır. Onun sözlərinə görə, məktəblərin vahid formaya keçməsini elan edən nazirlik bu işi gərək ilin əvvəlindən həyata keçirəydi ki, dərs başlayan ərəfədə belə problemlər yaranmasın.

Etibar Əliyev hesab edir ki, nəyə görəsə Təhsil Nazirliyinin başladığı işlərin əksəriyyəti problemlərlə müşayiət olunur.

Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə yeni başlanan işlərdə problemlərin olmasını mümkün sayır.
XS
SM
MD
LG