Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:20

Seçki finişə yaxınlaşdıqca...


«Seçkilər finiş aldıqca pozuntuların xarakteri genişlənir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov deyib. seçki üzrə ekspert hələ ki kütləvi pozuntulara rast gəlinmədiyini desə də, bildirib ki, bu, pozuntuların olmamağı demək deyil.

«Seçkilər finiş aldıqca, müəyyən mərhələyə çatdıqca pozuntuların xarakteri də genişlənir, kütləviləşir və bu tip hallar olur. Namizədlərin irəli sürülməsi prosesində seçki bülletenlərinin sənədlərinin təqdim oluması prosesində bir sıra namizədlərin bildirişlərinin verilməsində müəyyən əlavə sənədlər təqdim olunub. Hansı ki, o sənədləri sadəcə təqdim etməyə ehtiyac yox idi. bu tip pozuntular qeydə alınıb. Problem ondan ibarətdir ki, seçki prosesinin iştirakçısı öz hüququnu yaxşı biləndə bu problemin aradan qaldırılmasına mühüm təsir göstərir».

Ekspert namizədlərin daha çox imza vərəqələrinin az verilməsindən şikayətləndiklərini və vətəndaşların vaxtı ötmüş şəxsiyyət vəsiqələrinin problem yaratdığını bildirib.

NOTARİUSLAR ELEKTRON İMZANI TƏSDİQLƏMİR
Bəxtiyar Hacıyev


Seçki pozuntusu ilə üzləşdiyini deyən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyini irəli sürən müstəqil namizəd Bəxtiyar Hacıyev bütün lazımi sənədləri toplayaraq seçki komissiyasına təqdim etsə də, sonradan problemlə üzləşdiyini bildirib. O, əsasən gəlirlər barədə məlumat sənədi elektron imza ilə imzalandığından notariuslar onu təsdiq etmir və təsdiq olunmamış sənədləri isə seçki komissiyası qəbul etmir. Bəxtiyar Hacıyev dairə seçki komissiyasından sonra Mərkəzi Seçki Komissiyasına müraciət etsə də, onu MSK-dan yenidən DSK-ya, DSK-dan isə Ədliyyə Nazirliyinə göndəriblər. Ədliyyə Nazirliyindən isə konkret cavab ala bilməyib.

MSK-nın mətbuat katibi Azər Sarıyev bu məsələnin tez bir zamanda araşdırılacağını bildirib.

«Mən məsələnin mahiyyətindən, sonrakı proseslərdən məlumatlı deyiləm. Mən araşdıraram, sizə deyərəm».

Hafiz Həsənov isə bu barədə bir razılığa gəlməyin mümkün olduğunu bildirib.

MƏSƏLƏNİN HÜQUQİ YOLU

«Bu, Bəxtiyar bəyin günahı deyil. Bu prosesin bir hüquqi yolunu tapıb, məsələni həll eləmək lazımdır. Mən təklif edərdim qarşılıqlı hüquqi yardım daxilində bu məsələni birgə həll edək».

Azər Sarıyev
Dairə Seçki Komissiyalarında imza vərəqələrinin 10 dənədən artıq verilməməsinə gəldikdə MSK-nın mətbuat katibi deyib ki, idarənin bu barədə tövsiyyəsi olub.

«Bizim tövsiyəmiz olub ki, dairə seçki komissiyalarına ilkin olaraq 10 dənə imza vərəqi verilsin. İmperativ şəkildə deməmişik ki, 10 dənədən artıq vermək olmaz. Kimsə istəyir 1 dənə artıq, 2 dənə artıq vermək olar. Biz 500 imzalıq vərəqlər veririk. Bu da artıqlaması ilə bəs edir».

MSK-NIN QAYNAR XƏTTİNƏ MÜRACİƏT EDİLMƏLİDİR


Azər Sarıyev deyib ki, 10-dan artıq imza vərəqi verməyənlər barədə MSK-ya müraciət etsinlər, təcili tədbir görülsün. Vaxtı bitmiş şəxsiyyət vəsiqəsi məsləsinə gəldikdə isə MSK rəsmisi bunu vətəndaşın şəxsi məsuliyyəti ilə bağlı olan məsələ adlandırıb. O deyib ki, bundan əvvəlki seçkilərdə MSK seçki gününə bir neçə gün qalmış Daxili İşlər Nazirliyinə müraciət edib və bu məsələ həllini tapıb. Onun sözlərinə görə, hələ ki, seçkiyə vaxt var. Vətəndaşlar vəsiqələrini dəyişsələr, yaxşı olar. MSK sözçüsü bununla bağlı maarifləndirmə işi aparacaqlarını da bildirib.

Namizədin sənədlərini dairə seçki komissiyasının sədri olmadan komissiya üzvlərinin qəbul etməsindən imtina etməsi kimi faktlara gəldikdə və ümumiyyətlə, digər pozuntularla rastlaşdıqda Azər Sarıyev dərhal MSK-nın qaynar xəttinə müraciət etməyi məsləhət görüb.

XS
SM
MD
LG