Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:07

Zərdüşt Şəfi "Günəşdə bayram" (Hekayə)


“Başqa adamlar” kitabından

Günəşdə bayram
(hekayə)

Yaylamağa gəldiyi dosdoğmaca kəndlərinin daşlı yollarıyla mərkəzə doğru gedərkən,“Bu gün günəşdə bayramdı.”-deyə düşünmüşdü.

Onda hələ nə ruhla qarşılaşmışdı, nə də onu bir zaman yaşadığı evlərinə ötürmüşdü.

Ümumiyyətlə, onda xəbəri yox idi ki, başına qəribə əhvalat gələcək və nə vaxtsa bir qızmar yay günü, öz əliylə əkdiyi əncir ağacının altında, gözü önündəki balaca yarpaqlara sığa biləcək Adəmlə Həvvanı təsəvvür edərək özünün də xəbəri olmadan Əzrailə can verəcəyi günə kimi bu haqda susacaq, sonra da elə ordaca ətrafına yığışıb ağızlarını açaraq ona qulaq asan nəvələrini dünyanın ən qorxulu təbii hadisəsi olan ölümlə qorxudacaq.

“Bu gün günəşdə bayramdı.”- deyə düşünüb gözlərini qıyaraq günəşə baxmış, orda əl-ələ verib tonqalın ətrafında fırlananları görməyə çalışmış, görə bilməmişdi.

Ancaq bir qədər sonra ondan da heyrətlisini görmüş, “kaş elə günəşdə ələ-ələ tutaraq rəqs edən sümükdən adamlar görərdim, ancaq Onu görməzdim”- deyə düşünmüşdü.

Başını qızdıran isti artıq həddini aşaraq ona ləzzət verməyə başlamışdı. İstidən belə ləzzət ala biləcəyini heç vaxt ağıl eləməmişdi.

O istini heç vaxt sevməmişdi. Ondan sonra, ta əncir ağacının altında Əzrailin saqqalından yapışana kimi də istidən qaçmışdı.

Addımlarını kəndin mərkəzinə gedən daşlı yolda aramla ataraq ayağının altının qızdığını hiss eləmişdi.

Hətta bu da onda maraqlı hisslər oyatmışdı. Sanki dabanlarının yandığını hiss etmək xoşuna gəlmişdi.

Sonra da lap atası kimi televiziyanı söymüşdü, sinoptikləri söymüşdü: köpək uşağı hər dəfə 10 dərəcə əksik deyir istiliyi.

Onsuz da hamı televizordan istinin dərəcəsini eşidən kimi üstünə 10 gəlir. Niyə düzünü demirlər görəsən?

Bunu uzun-uzun düşünmüşdü. Düşünüb bir yana çıxara bilməmişdi.

Bu istidə quşların necə oxuduğuna fikir verib təəccüblənmişdi, “bunların boğazı necə də qurumur”- demişdi öz-özünə.

Sonra quşların boğazını təsəvvür eləmişdi- gözlə görünməyəcək qədər bapbalaca, ancaq cəhcəh vuran səs telləri. Sonra Quş Əli düşmüşdü yadına.

Bu Quş Əli əlində sapand kənddə bir quş qoymamışdı.

Bir daşı da əyri getməzdi Əlinin, onda hamısı yığışıb Əlidən daş atmaq öyrənərdilər.

Əli gördüyü və səsini eşitdiyi quşların hamısını vurub yerə salar, sonra da boğazlarını üzüb böyük şalvarının yekə ciblərinə yığardı.

Ondan başqa bu kənddə heç kim heç nə tapmasa da quş əti yeməzdi, “böyük günahdı” -deyərdi Suriyya nənə.

Quş Əlinin o quşları necə yediyini düşünmüşdü.

Quş Əli ölməzdən qabaq bir həftə qışqırmış, səsini kəndə salmışdı.

Deyirdilər quşların ahı tutdu Əlini. Deyirdilər, nadir bir quş növü vurubmuş axırıncı dəfə, yaşıla çalırmış quşun tükləri, göstəribmiş hamıya. “Quşun əti zəhərliymiş,”-deyib həkim, ancaq zəhərin dərmanını tapa bilməyibmiş.

O yaşıl rəngli qəribə quşu kənddə bir də heç kim görməmişdi.

Bir həftə bütün kənd Əlinin qışqırığına qulaq asmışdı. “Rəhmətlik, yava uşaq idi.”-deyirlər o Əli haqqında hələ də, bir yumruğa yekə kişiləri aşırırmış Quş Əli.

Sonra Quş Əlinin ölümünü, bir həftəyə necə can verdiyini düşünmüşdü. Niyə qışqırdığını təsəvvür eləməyə çalışmışdı. Suriyya nənə belə izah eləmişdi olanları: “öldürdüyü hər quş ruhundan bir dimdik alırmış, ona görə qışqırır yetim.”

“Yaman gopçu arvaddı bu Suryə nənə- deyə düşünmüşdü- heç elə şey ola bilər?”

O bunları düşünəndə ruhun cəmi 58 addımlığındaymış. Desəydilər inanmazdı.

Bunu əsərimizin qəhrəmanı oxusaydı, yəqin mənim bu qaralamama gülərdi. Ancaq o əncir ağacının altında “ölülər kitabı”nı oxuyana kimi heç bir kitab oxumamış, heç vaxt da qonşu olmağımıza baxmayaraq mənim nə vaxtsa ondan yazacağımı bilməmişdi.

Quş Əlinin necə can verdiyini düşündükcə tükləri biz-biz olmuş, qorxmuşdu. Anlamışdı ki, bütün bunlar istidəndi, istinin təsirindəndi. Isti beynini gic eləmişdi.
Beyni sanki əriyirdi. Saçlarını qırxdırdığına peşman olub addımlarını saymağa başlamışdı. Onun fikrincə bu, axmaq fikirləri dağıtmağın ən gözəl yolu olmalıydı. Ancaq adam saya-saya da düşünərmiş, bunu hesaba almamışdı.

Bir vaxtlar bu döngdə bir yekə qoz ağacı varmış, Pıça Qoz deyərlərmiş adına. Ağacın gövdəsi o qədər enliymiş ki, ağacı qucaqlamağa dörd adam lazımmış. Kəndin adlı-sanlı ağaclarından biriymiş bu qoz, yaşlılar da gözlərini açıb onu belə gördüklərini danışırlar.

Hələ də hamı bu döngəni onun adıyla anır.

O qozun meyvəsi də boş olarmış, içini də qurd yeyib-bitiribmiş.

Ancaq qoz yıxıldım demirmiş, elə o əzəmətində, bir tək qabıqlarının gücünə dayanarmış ayaq üstə, hələ içi boş meyvələrini də əsirgəməzmiş.

O ağacı yıxan Səlim kövrəlib ağlayıbmış, “elə bil babamı kəsirəm”- deyirmiş. O qozu yıxanda yeddi ölü qonşunun həyətinin çəpəri dağılıb, eşiyinin qırağı açılmalı olubmuş.

“Belə qozmuş pıça qoz.”-deyə düşünmüşdü bir vaxtlar Pıça Qoz ucalan yerdən keçəndə. 49-cu addımı saymışdı onda.

Ancaq indi kənddə bir dənə də elə qocaman ağac qalmamışdı, zaman-zaman hamısını kəsib yandırmış, kötüyündən taxta çəkib evlər tikmiş, pəncərə qapı düzəltmişdilər.

Ancaq bir vaxtlar bir topa uşaq bu kəndin ən böyük ağacı kimin həyətindədi deyə axtarar, mübahisə edər və hətta dava da edərdilər.

Indi göz işlədikcə bütün ətrafda bir dənə də qocaman ağac görməzsən.

Başını qaldırıb baxanda isə həyatında ilk və son dəfə ruh görmüşdü.

Qocanın qızmar gün işığında parıldayan iki azı dişlini görən kimi evin açarları düşmüşdü yadına. Axı rayondakı evlərinə gedirdi, ancaq açarlar stolun üstündə qalmışdı. Bu istidə bir də dala necə qayıdacağının dərdini çəkmişdi.

Qayıtmaq istəməmişdi. Ancaq açarsız da getməyin mənası yoxuydu. Yolun ortasında dayanıb səndəlinin altının get-gedə istini necə içinə çəkdiyini hiss etmişdi.

Evə qayıtmalıydı. Ancaq xəbəri yoxuydu ki, nə o gün, nə ondan sonra, ta əncir ağacının altında içinə ölüm dolana kimi, nəinki rayondakı evə gedə bilməyəcək, heç vaxt evdən çıxa bilməyəcək, ömrünün sonuna kimi, eşiklərində, dünya elə səkkiz sotdan ibarətmiş kimi yaşayacaqdı.

Qoca ağzını açaraq dərindən-dərindən nəfəs alırdı.

Onun iki azı dişindən başqa bütün dişləri tökülmüş, sanki kişinin ağzını qapqara bir boşluq dolmuşdu. Yerə qoyduğu sunkalardan birində çörək və şəkər tozu, digərində yekə bir yemiş vardı. Deyəsən sunkalar qocaya ağırlıq eləmişdi.

Yaxşılıq eləmək keçmişdi ürəyindən. Ömründə bəlkə də birinci dəfə içindən kiminsə əlindən tutmaq, kiməsə dayaq durmaq, yaxınlaşmaq, tanış olmaq gəlmişdi.

Hardansa İsa düşmüşdü yadına: İsa peyğəmbər, onun mənasız görünən yaxşılıq ehtirasını və o dəqiqə də heç gecikmədən, onunla eyni çarmıxa keçdiyindən Nəsimi gəlmişdi ağlına. İnsanların onlara etdikləri pisliklər, sonradan yenidən peşman olub onları sevmələri bir saniyənin içində fırlanmışdı beynində. “Geydirmə dünyadı”- deyə fikirləşmişdi.

Onlar haqqında ordan-burdan eşitdiyi məlumatlar beynində yaranan qarışıq suallara cavab verməkdə aciz idi.

Qocanın yanına kimi beyni 9 addım da saymışdı. Cəmi olmuşdu 58 addım. “Dayı, gəl kömək edim”- demişdi kişiyə. “Yox, bala, sağ ol, özüm gedə bilərəm”- demişdi qoca. “Yox ey, geri dönməli oldum -demişdi qocaya- açarlar qaldı evdə.”

“Gəl, gəl, qalxıram da yuxarı, kömək edim”-demişdi qocaya. Cavab gözləmədən sunkanın birini yerdən götürmüşdü. Sunkadakı çörək və duz imiş. O duzu şəkər tozu bilibmiş. “Ancaq burda görmüşdüm axı- deyə düşünmüşdü- burda, balaca salafanlarda pesok dənələri parıldayırdı, bu necə ola bilər ki, indi burda tamam başqa cürə, rəngli bir salafanın içində duz olsun?”

“Istidəndi”- demişdi qoca onun fikirlərinə cavab kimi. ”Nə?”-soruşmuşdu o təəccüblə. Qoca onun fikirlərini eşidə bilməzdi axı.

Kişi gülmüşdü. “Yəqin açarları unutmağımı deyir”- deyə düşünmüşdü.

“A bala sən kimlərdənsən?”-soruşmuşdu ruh. Demişdi. Sonra da bu kəndin uşaqlarının özlərini kiməsə təqdim etmələri düşmüşdü yadına- bu kənddə bütün analar uşaqlarına bunu möhkəm-möhkəm tapşırırlar, deyirlər: “ soruşan olsa, atanın adının yanına müəllim sözü qoşub deməmiş eşiyə gəlmə, canını alaram.” Onu da anası elə beləcə qorxuzardı. Ancaq heç onun atası da müəllim deyildi.

“Hə bala hə, bildim, -demişdi qoca- yaxşı adamdı sənin atan, bala, düzgün adamdı.”

O da qürrələnmişdi. “Ancaq düzgünlərə bu dünyada yer yoxdu” -demişdi qoca. Sonra qoca həyatda düzgünlüyün necə gözəl, ancaq necə də bəlalı olduğundan danışmışdı.

O isə ayaqlarının altında dəm verən daşlara baxa-baxa qocayla yanaşı yerimişdi. Sonra əlindəki zənbildəki metamorfozu hiss eləmişdi- əlindəki zənbildə yenə çörək və kiçik salafanlarda şəkər tozu vardı.
O əvvəllər də belə diqqətsiz olmuşdu. Buna görə də zənbildəki dəyişikliyi görən kimi özünü söymüşdü, istini söymüşdü,

Günəşdə tonqal qalayıb fırlananları söymüşdü. Ağlına da gəlməmişdi ki, bir gün əncir ağcının altında o söyüşləri bütün bədənində puçur-puçur tər tökərək hiss edəcək.

Qoca hələ danışırdı. Deyirdi: “hələ o kişinin, bir pis sözünü, bir toyuğa kiş dediyini eşitməmişəm.. Allah onun canını sağ eləsin..” O da cavabında sevimli alqışını demişdi: “Allah ürəyinizə görə versin...” Kişi gülmüşdü.

Kişi gülərkən həmişə belə anlarda insanın adını və sifətini unutduğunu xatırlamışdı, həmişə o belə işlərdə çətiniyə düşürdü, yaddaşı zəif idi. “Dayı mən də sizi tanımadım...”- demişdi qocaya.

“Vəlyəddinəm mən, bax bu qarşıdakı tində yaşamışam..” demişdi qoca, işlətdiyin feilin keçmiş zamanda olması ona çatmamışdı, sonradan xatırlamışdı kişinin məhz o cür dediyini. “Vəlyəddin”- deyə təkrar eləmişdi beynində kişinin adını, unutmasın deyə, yaşadığı döngəyə baxmışdı, sonra da kişinin üzünə.

Diqqətlə baxmışdı ki, bir də hardasa görsə xatırlasın, tanıyıb salam versin, adını təkrarlamışdı yenə.

Ancaq üç dəqiqə sonra evə çatanda anlamışdı ki, heç biri yadında qalmayıb. Anasına olanları danışıb kişinin hansı səmtə döndüyünü demişdi, hansı darvazanı göstərdiyini demişdi.

Darvazanın üstündə rəqəm də vardı, neçənci ildə asıldığını göstərən- 1976. Yaşıl darvaza idi.

Bunu eşidəndə anası duruxmuşdu. “Hansı darvaza?” deyə soruşmuşdu. “Pıça qozdan bir az yuxarı, üstünə rəqəm yazılan, dibdə, koların arasında.” Anası əlindəki bıçağı yerə salıb onun yanında stolun arxasına oturmuşdu.

“A bala indi orda elə darvaza yoxdu. O darvazanı iki il qabaq götürüblər -demişdi anası- Kişinin adı nə idi?” “ ...nə bilim yadımdan çıxıb- demişdi anasına, -qəribə ad idi...”

Anası oralardakı bütün adları saymışdı, heç biri alınmayanda oğlu o rəqəmli darvazanın sahibinin adını soruşmuşdu. “Vəlyəddin”- demişdi anası.

“Hə bax o -demişdi oğlu,- o kişi idi, özü dedi adını, prostu yadımdan çıxdı. Görürsən deyirsən darvaza götürülüb...”- demişdi anasına, anasın rəngi qaçmışdı bunu eşidəndə, “əstəğfurullah, bısımmıllah- demişdi anası,- Allah sən saxla” -deyib ağlamağa başlamışdı.

O heç nə başa düşməmişdi hələ.

“Vəlyəddin dayı iki ay bundan qabaq ölüb” -demişdi anası.

O ancaq: “Allah rəhmət eləsin”-deyə bilmişdi, sonra da uzun illər susmuşdu.
XS
SM
MD
LG