Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:02

Seçkidə polis olsun, olmasın?


«Azərbaycan polisi bu günə qədər bilmir ki, onların vəzifəsi nədir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Azad İsgəndərli «Polis və seçki» mövzusunda danışarkən deyib. Ötən seçkilərin polisin seçkiyə müdaxiləsi ilə bağlı danışan hüquq müdafiəçisi belə əməllərin cəzasız qalmasından təəssüflənib. Azad İsgəndərli deyir ki, hətta onun əlində belə faktlar olmasına baxmayaraq, bu faktlar qanun çərçivəsində həllini tapmayıb.

«Son seçkilərdə, bələdiyyə seçkilərində Sabirabad rayonunda Morallı, Həşimxanlı, Şəhriyar məntəqələrində belə bir hadisə olmuşdu. Hətta polislər müdaxilə etmişdilər seçkiyə və orada məndə çəkilmiş kasetlər də var. Onlar hücum çəkmişdilər, orada seçki qutusunu götürmüşdülər gecə yarısı. Məndə bu dəqiqə də onun çəkilişləri durur. Dəhşətlisi burasıdır ki, Azərbaycan polisi bu günə qədər bilmir ki, onların vəzifəsi nədir».

Hüquq müdafiəçisi deyib ki, ümumiyyətlə polisin seçki dairələrinin, seçki məntəqələrinin ətrafında dayanması düzgün deyil, polisin orada dayanması müdaxilədir, insanlarda xof yaradır.
Mahmud Hacıyev

Onun sözlərinə görə, hələlik regionlarda seçkiqabağı proseslərdə müdaxilələrə rast gəlinməsə də, bu, gələcəkdə belə şeylərin olmayacağı anlamına gəlməz.

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev də o fikirdədir ki, texnikanın operativliyə imkan verdiyi bir şəraitdə polislərin seçki məntəqələrinin ətrafında dayanması yolverilməzdir.

«Ümumiyyətlə seçki vaxtı polisi məntəqələrin, dairələrin ətrafından yığışdırmaq lazımdır. Kifayət qədər aparatura var, telefon əlaqələri var, fəallar var. Əgər hər hansı bir ictimai asayişin pozulması baş verərsə, ərazi polis idarələrinə həmin seçki məntəqəsindən zəng olunur və operativ surətdə polis ora müdaxilə edir. Polisin seçki məntəqəsinin, seçki dairəsinin kənarda dayanmağı insanlar arasında xof yaradır, insanların fəallığını azaldır və insanlar seçkidə fəal iştirak
Eyyub Karimov
edə bilmir. Bu nə metr məsələsidir ortaya qoyurlar. Bəyəm gedib metrləyib ölçürlər?»

Hüquqşünas Eyyub Kərimov isə deyib ki, seçkiyə müdaxilə ilə bağlı istintaq orqanlarına hər hansı bir müraciət olarsa, o, dərhal araşdırmalıdır.

«Bu məsələ ciddi formada araşdırılmalıdır və cinayət məcəlləsində seçkiyə müdaxilə ilə əlaqədar müvafiq maddələr var: seçkiyə müdaxilə, seçkinin pozulmasına müdaxilə. Yəni onu artıq istintaq orqanı qiymətləndirir ki, fakt varsa fakt üzrə cinayət işi başlanmalıdır».

Hüquqşünas deyib ki, seçkilərdə seçki məntəqəsinin qapısı ağzında dayanan polis bəzən seçkiyə gələn vətəndaşların şəxsiyyət vəsiqəsini yoxlayır. O, bunu müdaxilə hesab edir və polisin belə yoxlama aparmağa haqqı olmadığını deyir.

XS
SM
MD
LG