Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:01

Post-Ramazan düşüncələri


Seymur Baycan

Mən bütün dinləri puç və əfsanə sayıram.

M.F.Axundov


Tutaq ki, Ziya Məmmədov oruc tutdu və gördülər ki, aclıq çox pis şeydir.

Adamı əsəbiləşdirir, halsızlaşdırır, dönər yeyənə qəzəblə, həsədlə baxmaya bilmirsən. Ziya Məmmədovun oruc tuması nəyi dəyişə bilər? Yolların çala-çuxurunun düzəlmə ehtimalı yoxdur.

Əksinə, nisbətən hamar yollarda yeni çalaların peyda olması ehtimalı daha böyükdür.

Necə ki, metroda, avtobusda qadına yer verən polislər mitinqlərdə qadınları təpikləyirlər. Birinci hərəkət ətrafdakılar üçündür, ikinci hərəkət isə poqonların diktəsidir.

Təsadüfi deyil ki, Həcc ziyarətinə gedənlərin arasında prokurorluq, məhkəmə işçiləri, polislər çoxluq təşkil edir.

Ölkədə hacıların sayı artdıqca rüşvətin, ədalətsizliyin, zülmün artması heç də təsadüfi deyil.

Qəribə sual yaranır. Əgər ölkədə bu qədər hacı, məşədi, dindar, namazqılan, oructutan, qurbankəsən varsa, bəs görəsən, rüşvəti kim alır, süpürgəpulunu kim yığır, büdcəni kim talayır, rüşvəti kim verir?

Ramazan ayında polislərin xurma və qaynanmış suyla iftar açdıqlarını çox görmüşəm.

Balakəndə gördüyüm mənzərə lap qəribə idi. Balakəndə YAP-ın binasıyla məscidin arasında çox qısa məsafə var. Qonşudurlar. Yəni, bütpərəstliklə təkallahlıq demək olar ki, birləşib. Azan verildi.

YAP-çılar binadan çıxıb, məscidə namaz qılmağa getdilər. Həqiqətən çox dərin məzmunlu, bir çox mesajları açıqcasına ötürən bir mənəzərə idi. O zaman bu mənzərəni seyr edərkən başa düşdüm ki, həqiqətən də Azərbaycan çox tolerant ölkədir.

Bütpərəstlər rahatca məscidə girib namaz qıla bilirlərsə, bu tolerantlığa heç kim şübhə etməməlidir. Amma bir məsələ də var.

Ölkədə baş verən hadisələrlə, ölkənin mənzərəsi ilə haqq yolunda olanların sayı arasında tərs mütənasiblik müşahidə olunmaqdadır. Əgər ölkədə bu qədər mömin, hacı, məşədi varsa, vəziyyət bir az yaxşılığa doğru düzəlməli idi. Amma düzəlmir.

Əksinə, daha da pisləşir. Gedirsən harasa analiz verməyə, dindar həkim sənə səhv nəticələr verir və özü kimi bir dindar həkimin yanına göndərir.

Həmin dindar həkim də öz növbəsində sahibi dindar olan bir aptekə göndərir. Əlbəttə, reseptdə xeyli əlavə dərman adı yazmaq öz yerində. Deməli, cənnət sevdası, cəhənnəm qorxusu hələ heç bir tayfanı, xalqı, qövmü ağ günə çıxartmayıbdır.

Biz bu prosesləri keçən birinci və sonuncu xalq deyilik. Tarix var. Hətta Avropanın ateist ölkələri (Skandinaviya ölkələri), qatı dindar ölkələrə nisbətən (İspaniya, İtaliya) insan haqları, rifah baxımından daha güclü inkişaf ediblər.

Cəhənnəm qorxusu, cənnət sevgisi heç vaxt xalqları, adamları ağ günə çıxara bilməz. Mümkünsüzdür. Əgər cəhənnəm qorxusu ciddi şəkildə işləsəydi, ölkədə bu qədər saxta dərman satan, süpürgəpulu yığan, xəstəyə lazımsız dərman yazan həkimlər və müəllimlər olmazdı.

Bakıda sahibləri hacı olan şadlıq evləri var. Həmin şadlıq evlərində araq vermirlər. Arağı toy sahibləri gətirirlər.

Beləliklə, adam həm pul qazanır, həm də yoluna sadiqliyini nümayiş etdirir. Əgər cənnət sevdası ciddi şəkildə işləsəydi, bu yazını yazmağa heç bir ehtiyac hiss etməzdim.

Əcəb işdir, il boyu adamları incit, maaşını kəs, sonra da bir qoyunu qurban kəsməklə özünü rahat hiss et. Özü də kəsilən həmin qoyunun ətini kasıb ailələrə yox, qohum-qardaşa paylayırlar.

Əgər cənənt sevdası, cəhənnəm qorxusu adamları, xalqları, ölkələri xoşbəxt etməyə qadirdirsə, müsəlman ölkələri niyə bərbad vəziyyətdədir? Əksərində cəhalət, antisanitariya, despotizm hökm sürür. İran, Pakistan, Yəmən, Fələstin, Banqladeş, Özbəkistan, Türkmənistan...

Əlavə şərhə ehtiyac yoxdur. Adlar özü hər şeyi deyir. Babatı Türkiyədir, orada da 20 milyon adam adını yaza bilmir.

Bu yaxınlarda keçirilən sorğunun nəticələrinə görə, qadınların 60 faizi ginekoloqun kim olduğunu, nəylə məşğul olduğunu bilmir.

Heç anlayışları yoxdur. Türkiyəni Atatürkün reformaları bir balaca digər müsəlman ölkələrindən fərqləndirirdi. Hazırda Molla Ərdoğan çox böyük ustalıqla Türkiyəni cəhalətin ağuşuna itələməkdədir.

Hər bir normal insan adi suallara cavab verməyə çalışmalıdır.

Məsələn, nəyə görə müsəlman ölkələrində cəhalət, elmsizlik, despotizm, zülm tüğyan etdiyi halda, ateist ölkələrdə insanlar rifah içində, təmin olunmuş halda yaşayırlar?

Niyə mobil telefonu, radionu, televizoru, maşını, təyyarəni, tibbi avadanlıqlarını elə hey "başqaları" kəşf edib və təkmilləşdirməkdədirlər?

Gəncliyin iki cəhəti

Gündən-günə sayı artmaqda olan aktiv gənclərdə iki çox gözəl cəhət müşahidə olunmaqdadır. Onlar fərqli geyinməyi, fərqli düşünməyi bacarır, elmə, kitaba, təhsil almağa can atırlar. Kədərdən, yalançı romantikadan, uzunburun qara ayaqqabıdan uzaqdırlar.

Bu gənclərdə müşahidə olunan iki gözəl cəhəti qeyd etmək istərdim:

1. Yerlibazlıqdan uzaq olmaları.

Həqiqətən yerlibazlıq çox iyrəncdir. Bəlkə də hissdir. Adama doğulduğu yerə görə qiymət vermək ibtidailikdir.

Tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq, əgər bir insan başqa bir insanı doğulduğu yerə görə qiymətləndirirsə, özünə yaxın, doğma hesab edirsə, deməli, onun təfəkküründə problem var. Yerlibazlıq hissi insanı kiçildir, cılızlaşdırır, onu gülməli vəziyyətə salır.

Əlbəttə, insan doğulduğu kəndi, qəsəbəni, şəhəri, küçəni sevməkdə azaddır. Özü bilər.

Amma həmin məkanı sevməklə bərabər, həmin məkanda doğulanları başqalarından üstün tutmaq, başqalarından qorxmaq, onlara inanmamaq ibtidailikdir.

Çox gözəl haldır ki, aktiv gənclər öz aralarında yerlibazlıq hissini tamam öldürüblər.

Onları bir-birilərinə düşüncə, fikir, ölkəni dəyişmək istəyi bağlayır, hansısa məhəllədə siqaret çəkməkləri, futbol oynamaqları, bir eşşəyi minməkləri, bir bulaqdan su içməkləri yox.

Özünü ziyalı adlandıran şəxs yerliçilik hissini içində tamam öldürməlidir. Eyni məkanda doğulduğuna görə birini başqasından üstün tutmaq cahillikdir. İnsanı yalnız öz seçiminə görə qınamaq olar.

Ata, ana, bacı, qardaş, doğulduğu məkan insanın seçimi deyil. İnsanı əyninə geyindiyi şalvara, aldığı ata, aldığı maşına, aldığı arvada görə haradasa qınamaq mümkündür.

Amma dövlət, doğulduğu məkan, valideynlər insanın öz seçimi olmadığı üçün buna görə onu qınamaq yersizdir.

Çünki doğulduğu məkanı, valideynlərini özü seçməyib. İnsanı yalnız və yalnız öz seçiminə görə qınaya bilərlər. Bu mənada aktiv gənclərin yerlibazlıqdan uzaq olmaları çox xoş mənzərədir.

2. Dindən uzaq olmaları.

Çox sevindirici haldır ki, aktiv gənclər arasında ateizmə meyl artmaqdadır. Ateizm dəbə çevrilmişdir. Bu proses günü-gündən daha da sürət götürür.

Dəbə çevrilən prosesin qarşısını almaq çətindir. Bu gənclər sosial şəbəkələrdə, forumlarda dindarları asanlıqla dolaşdırır, onları asanlıqla məğlub edirlər.

Konkret olaraq, "Facebook" sosial şəbəkəsində dindarlar ateist gənclərə məğlub olaraq, şəbəkəni tərk etdilər. Ateist gənclər daha hazırlıqlı görünürlər.

Azərbaycan mətbuatında oxunan, fikir yeridən yazarların böyük əksəriyyəti ateistdirlər. Ateist gənclərin ortaya çıxmasında yazıların böyük rolu oldu.

Daima mütaliə edən, dünyanın gedişatını anlayan bu gənclərə cavab vermək asan deyil. Onlar həm savadları, həm görünüşləri, həm də danışıq tərzləri ilə dindar gəncləri asanlıqla məğlub edirlər. Sayları artmaqdadır. Çünki onlar daha parlaq, daha maraqlı, daha cəlbedici görünürlər.

Bu prosesi sürətləndirən üç səbəb var. İkisini qoyaq kənara. Sonra yazarıq. Səbəblərdən birini yazmaqla yazını bitirmək istəyirəm. İntellekt öz sözünü bu prosesdə deyir.

Əlbəttə, Harun Yəhyanın əsərlərini oxuyan dindar, bəşəri ideyalara sığınan, adi misallar gətirən, sadə, təmkinli, savadlı ateist gəncə asanlıqla məğlub olacaqdır.

Bu, təbiidir. Ateist gənclərlə dindarların mübahisəsində bir ateist gənc qızın yazdığı fikir çox mükəmməl idi: "Mən sizə adını yaza bilməyən yüzlərlə savadsız dindar göstərə bilərəm, amma siz mənə bir savadsız ateist göstərə bilməzsiniz".

www.axar.az
XS
SM
MD
LG