Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Əlil arabasında oxumaq həsrəti


«Deyir ki, mən oxumaq istəyirəm. Bacısı tələbədir, üstümə düşüb ki, vaxtilə qızı ali məktəbə hazırlaşdıran müəllimi evə çağırım, onu da öyrətsin».
1-ci qrup əlil olan oğlu Turalın yenidən həyata bağlanması üçün indiyə kimi var gücü ilə mübarizə aparan Nərgiz xanım indi onun bu istəyi qarşısında aciz qalıb:

«Müəllim gəlib dərs keçər, Turalın biliyinə də arxayınam, məktəbə girər. Bəs sonra necə olsun? Evdə özünə bir stəkan su töküb içə bilmir, universitetə necə gedib-gələcək? Kim aparıb-gətirəcək? Yenə atası sağ olsaydı, bir əlac tapardı. Mən qadın xeylağı, təkbaşına əlimdən nə gəlir?»

İMƏCİLİK ŞİKƏST ELƏDİ


Tural Mövlayevin 21 yaşı var. 2004-cü il, aprel ayının 18-ə kimi Nərimanov rayonundakı 222 saylı orta məktəbdə təhsil alıb. 8-ci sinifdə oxuyan Turalı həmin gün məktəbə iməciliyə çağırıblarmış. Bazar günü olmasına baxmayaraq, məktəbin hər bir işində həvəslə iştirak edən əlaçı şagird bu dəfə də qaça-qaça məktəbə gedirmiş. Amma elə məktəbin qarşısındakı avtomobil yolunu keçəndə qəzaya uğrayıb, sərnişin avtobusunun altında qalıb. Qəza vaxtı kəllə-beyin travması alan Turalın bud-çanaq sümüyü də qırılıb. Nəticədə isə həm dili tutulub, həm də hərəkət qabiliyyətini itirib.

«ATA ÜRƏYİ BU DƏRDƏ DÖZMƏDİ…»


Nərgiz xanım deyir ki, həyat yoldaşı Qurban Mövlayev oğlunu bu vəziyyətdə görməyə davam gətirməyib, vəfat edib:

«Turalın atası həkim idi, oğluna kömək eləyə bilmədiyini görəndə çox pis olurdu. Ürəyi bu dərdə dözmədi...»

Uzunmüddətli müalicədən sonra Turalın nitq qabiliyyəti bərpa olunub, qoltuq ağaclarına dayanaraq, çətinliklə də olsa, yeriməyə başlayıb. Vaxtilə əla qiymətlərlə oxuyan Tural ingilis dili fənni üzrə məktəbin ən qabaqcıl şagirdlərindən biri olub. Dəfələrlə fəxri fərman və diplomlara layiq görülüb. İngilis dilini hələ də yaddan çıxartmayıb. Deyir ki, Sankt-Peterburq şəhərində müalicə olunduğu vaxt bu dili bilməyi yaman karına gəlib:

İNGİLİS DİLİ BİLMƏYİ KARINA GƏLİB

Tural Mövlayev

«Həkim ingiliscə danışırdı, yaxşı ki, vaxtında bu dili öyrənmişəm, yoxsa nə dediyini başa düşməzdim».

Təhsilini evdə davam etdirən Tural 11 illik orta təhsil kursunu bitirib, attestat alıb. İndi tələbə olmaq istəyir. Biliyinə də güvənir, ali məktəbə qəbul olunacağına əmindir, amma...

QEYRİ-BƏRABƏR MÜBARİZƏ

Azərbaycan qanunları əlil gənclərin ali təhsil almasını əngəlləməsə də, onların qarşısında duran başqa əngəlləri saymaqla bitməz. «Təhsil Haqqında» qanunun 5-ci maddəsində göstərilir ki, dövlət cinsindən, irqindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, iqtisadi və sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Amma sağlamlıq imkanı məhdud gənclərin çoxu özlərindən asılı olmayan səbəblər üzündən ali təhsil almaq hüququndan istifadə edə bilmirlər. Bu yolda əlillərin qarşısına çıxan maneələrin sayı o qədər çoxdur ki, hətta onların təsnifatını aparmaq da mümkündür. Bunu Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov deyir. Onun sözlərinə görə, əlil gənclərin ali təhsil almasını əngəlləyən maneələri iki əsas qrupa bölmək olar:

«BƏZƏN MÜƏLLİMLƏR BELƏ, ƏLİL GƏNCƏ DƏRS DEMƏK İSTƏMİRLƏR…»

«Psixoloji və fiziki. Bəzən əlil gəncin özü sağlam həmyaşıdları ilə bir auditoriyada olmaqdan utanır. Və yaxud valideyn əlil uşağını cəmiyyət içinə çıxartmaq istəmir. Hətta belə hallar da olur ki, əlil uşaqla bir kursda təhsil alan tələbənin valideyni onların bir yerdə oxumasını istəmir. Deyir ki, bu uşağıma pis təsir eləyir, ürəyi sıxılır. Bəzən müəllimlər belə, əlil gəncə dərs demək istəmirlər. Odur ki, ilk növbədə cəmiyyəti, müəllimdən ,tələbədən tutmuş, yol polisinə kimi, hər kəs buna hazırlamaq lazımdır».

Amma əlil gənc psixoloji əngəlləri aşmağa nail olsa belə, ali təhsil almaq yolunda onun qarşısına daha böyük problemlər çıxır. D. Rəhimov deyir ki, hazırda Bakı şəhərində hərəkət çətinliyi olan insanın təkbaşına evdən çıxıb, hər hansı bir ünvana yetişməsi mümkün deyil. Şəhərin infrastrukturu buna imkan vermir:

«Bizdə şəhər infrastrukturu əlillərin hərəkətinə uyğun deyil».

«Halbuki dünyanın əksər ölkələrində binalar, yollar, liftlər, hətta ayaqyolları belə inşa olunanda əlillər nəzərə alınır, yerli və beynəlxalq standartlara əməl olunur. Bakıda yeni keçidlər tikiləndə prezidentə müraciət etdik ki, tikinti zamanı əlillər də nəzərə alınsın. Amma həmin keçidlərdə əlillər üçün quraşdırılan qurğu və pilləkənlər standartlara uyğun deyil. Əlil ordan keçməli olsa, yıxılıb, əlavə travma alacaq. Ümumiyyətlə, bizdə şəhər infrastrukturu əlillərin hərəkətinə qətiyyən uyğun deyil. Odur ki, görmə qabiliyyətindən məhrum, əlil arabasında olan və ya qoltuq ağacı ilə hərəkət edən insan evdən çıxıb harasa, məsələn, elə ali məktəbə getməli olsa, onu kimsə müşayiət etməlidir».
Teymur Rzayev

Uşaq problemləri üzrə mütəxəssis Teymur Rzayev isə deyir ki, hazırda Azərbaycanda hərəkət çətinliyi olan gənc ali təhsil almaq istəsə, mütləq ailəsinin imkanları ilə hesablaşmalıdır:

«Ailə onun dərsə gedib-gəlməsini təmin edə, nəqliyyat problemini həllə edə biləcəksə, bu uşaqlar oxuyacaq, əks halda tələbə həmyaşıdlarının arxasınca həsədlə baxmaqdan başqa çarələri yoxdur. Aydın məsələdir ki, hər ailə uşağına bu şəraiti yaratmaq imkanında deyil».

T. Rzayevin sözlərinə görə, bu işdə bütün məsuliyyəti ailələrin üstünə atmaq olmaz:

«Dövlət bu məsələdə ailələrə dəstək olmalıdır. Bu gün əlillərin sosial-psixoloji reabilitasiyasından söhbət gedir. Ən yaxşı reabilitasiya elə budur. Ali təhsil almaq imkanı onların cəmiyyətə inteqrasiyası üçün gözəl fürsətdir».

BİR İLƏ İKİ TƏLƏBƏ


Rəqəmlər isə əlil gənclərin çoxunun bu fürsətdən yararlana bilmədiyini göstərir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Nağızadə hər il qəbul imtahanları zamanı onlara sağlamlıq imkanları məhdud olan məzunlardan cəmi 15-20 müraciətin daxil olduğunu bildirdi:

«İldə hər ixtisas qrupu üzrə 4-5 belə məzun imtahan verir. Onların valideynləri imtahana bir həftə qalmış TQDK-ya müraciət etməlidirlər ki, bu uşaqlara əlavə nəzarətçi ayrılsın. TQDK-da hansı binada hərəkət çətinliyi olan məzunun imtahan verdiyi haqda məlumat olur. Biz bütün müraciətlərə müsbət cavab veririk».

TQDK imtahan verib, tələbə adını qazanan əlil gənclərin ayrıca statistikasını aparmır. Amma sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 219 saylı «Evdə Məktəb»də bu göstəricilər saxlanılır. Məktəbin direktoru Sədaqət Məmmədovanın sözlərinə görə, bu il hərəkət çətinliyi olan məzunlardan heç biri ali məktəbə qəbul olunmayıb:

«Builki məzunlarımızın 50 faizi çox ağır xəstələr idi. Yəni, onların ali təhsil almasından söhbət gedə bilməz. Yerdə qalan uşaqların 58 faizi ali məktəblərə qəbul olunub. Amma bir məsələ də var ki, bizim məktəbdə yalnız çətin hərəkət edən uşaqlar oxumur. Uşaqların arasında talassemiya, hemofiliya, ürək qüsuru, şəkərli diabet kimi zahirən özünü büruzə verməyə xəstəliklərdən əziyyət çəkənlər var. Konkret hərəkət çətinliyi olan məzunlardan bu il ali məktəbə qəbul olunan yoxdur. Keçən il isə əlil arabasında olan 2 məzunumuz tələbə adını qazanmışdı. Onlardan biri İqtisad Universitetinə, digəri isə Neft Akademiyasına qəbul olunmuşdu».

Direktor hər iki tələbənin qiyabi oxuduğunu və ali məktəbə valideynləri tərəfindən aparılıb-gətirildiyini bildirdi.
Hadı Rəcəbli


DİSTANT, YOXSA, İNTEQRASIYALI TƏHSİL?


Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov bizimlə söhbətində onu da dedi ki, 1991-ci ildə o vaxtkı təhsil naziri Lidiya Rəsulovanın şəxsi təşəbbüsü ilə Neft Akademiyasında əlillər üçün ayrıca «mühəndis proqramçı» fakültəsi açılıb. Özünün də həmin fakültədən məzunu olduğunu deyən D. Rəhimovun sözlərinə görə, əlillərin hərəkəti üçün uyğunlaşdırılmış xüsusi korpusda yerləşən fakültədə tələbələrə hər bir şərait yaradılıbmış. Amma fəaliyyəti effektsiz hesab olunduğundan, fakültə birinci buraxılışdan sonra qapadılıb:

«Əslində, əlillərin sağlam gənclərdən ayrı təhsil alması ideyasını uğurlu hesab etmək olmaz. İndi bəzən bu problemdən çıxış yolunu distant təhsildə görürlər. Halbuki əlilləri məsafəli tədrisə cəlb edib, insanlardan uzaqlaşdırmaq yox, cəmiyyəti onların varlığına alışdırmaq lazımdır»

ÇEXİYA TƏCRÜBƏSİ


Bunun yolunu isə məsələn, çexlərdən öyrənmək olar. Hazırda Praqa Ali Dövlət İdarəçiliyi və Beynəlxalq Əlaqələr Məktəbində təhsil almaq istəyən əlil gənclər üçün xüsusi layihə həyata keçirilir. Həmin layihəyə qoşulan əlillər fərdi assistentlə təmin olunurlar. Belə assistent rolunda isə əlil gəncin tələbə yoldaşları çıxış edir. Təbii ki, könüllülük prinsipi əsasında. Amma bundan öncə könüllülərə əlillərlə bağlı xüsusi kurs keçilir ki, bu işin əziyyətini də yerli QHT-lərdən biri öz üzərinə götürüb.

ŞÜUR, PUL VƏ ZAMAN


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli isə bu fikirdədir ki, Azərbaycanda əlillərin ali təhsil almaq arzularının gözlərində qalmaması üçün şüura, pula və zamana ehtiyac var:

«Həqiqətən də indi bizdə əlil arabasında olan bir gəncin təkbaşına gedib universitetin qapısından içəri girə bilməsi mümkün deyil. Amma Azərbaycan 2008-ci ilin oktyabrında «Əlillərin hüquqları haqqında» beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiya isə iştirakçı dövlətlərin qarşısına çox sərt tələblər qoyur. Odur ki, bundan sonra hər bir sferada, o cümlədən, ali təhsil sahəsində də əlillər mütləq nəzərə alınmalıdır».

«NƏ QƏDƏR Kİ GEC DEYİL, TƏLƏBƏ OLMAQ İSTƏYİRƏM!»


Deməli, sağlamlıq imkanı məhdud gənclər ali təhsil almaq üçün hələ bir müddət gözləməli olacaqlar. Amma Tural kimi gənclər üçün qoltuq ağacına, əlil arabasına sığınıb, dörd divar arasında gözləmək də çox çətindir:

«Qəzaya düşməsəydim, 2007-ci ildə ali məktəbə sənəd verməli idim, indi 4-cü kursda oxuyacaqdım... Nə qədər ki, gec deyil tələbə olmaq istəyirəm! Həyatda ən böyük arzum budu...»
XS
SM
MD
LG