Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:45

«Türkiyə Azərbaycanın futbol oynadığını öyrəndi»


2012-ci il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan yığma komandasının oktyabrın 12-də Türkiyə millisini məğlub etməsinə Türkiyə və dünya mətbuatı geniş yer ayırıb.

Türkiyənin “Hürriyet” qəzeti Türkiyənin heç vaxt məğlub olmadığı Azərbaycan yığmasına uduzmasını “böyük acı” adlandırıb.

Qolu Türkiyənin “Eskişehirspor” komandasında oynayan Rəşad Sadıqovun vurması haqqında isə qəzet yazır ki, “Türkiyə millisini çox yaxşı tanıyan təcrübəli Sadıqov 38-ci dəqiqədə Türkiyə millisini yıxdı”.

2 B Berlin-Bakı darmadağını

Qəzet Türkiyə yığmasının Azərbaycandan əvvəl Almaniyaya məğlub olmasına belə bir başlıq qoyub – “2 B Berlin-Bakı darmadağını”.

“Milliyet”qəzeti isə yazır ki, Türkiyə Futbol Federasiyası baş məşqçi Guus Hiddinkin illik maaşının 4 milyon avro olduğunu bildirsə də, bu rəqəmin 11 milyon avro olduğu haqqında danışılmağa başlanılıb. Hiddink isə Almaniyaya məğlub olmaqla Azərbaycana məğlub olmaq haqqında bunları deyib:

“Almaniya Dünya Çempionatında 3-cü oldu. Ən böyük zərbə isə dünya reytinq cədvəlində 102-ci olan, dəyəri 7 milyon avro edən, son iki oyunda isə 9 qol yeyən Azərbaycandan gəldi”.

Neçə ildir Türkiyədə deyirəm ki, gəlin bu üsuldan istifadə edək...

Azərbaycanın qələbə qolunu vuran Rəşad Sadıqov “Kanaltürk”ə bildirib ki, vurduğu qolun üsulu üzərində Azərbaycanda 10 ildir işləyir:

“Neçə ildir Türkiyədə deyirəm ki, gəlin bu üsuldan istifadə edək, ancaq heç cürə sözüm keçmirdi. Axırda, bu üsuldan Türkiyəyə qarşı istifadə etmək qərarına gəldik. Qələbə qazandıq. Ancaq həm sevinirik, həm də kədərlənirik. Çünki Türkiyənin qrupdan çıxmasını istəyirik. Bizim üçün nümunə olan yığıma Türkiyə idi”.

Qazandığımızın 20-də birini qazanmayan rəqibimiz qarşısında gərək bu vəziyyətə düşməyəydik

Türkiyə yığmasının oyunçusu Emre Belezoğlu isə bu məğlubiyyətdən sonra yığmadan gedəcəyini deyib:

“Bu qol mənim səhvim üzündən vuruldu Qolu qapımıza mənim tutduğum adam vurdu. Biz bəlkə çox pul qazanırıq. Qazandığımızın 20-də birini qazanmayan rəqibimiz qarşısında gərək bu vəziyyətə düşməyəydik. 20012-ci ildən sonra yığmadan getmək haqqında düşünəcəyəm”.

Tarixi qələbə

Azərbaycan mətbuatı isə bu qələbəni inamlı qələbə kimi qiymətləndirib. “Azerisport” saytı millinin qələbəsini “tarixi qələbə” adlandırıb. “Milli.az” saytı isə yazıb ki, “Azərbaycan ilk xalını qardaş Türkiyədən aldı. Türkiyə isə ikinci məğlubiyyəti ilə vəziyyətini daha da ağırlaşdırdı”.

“Trend” agentliyi isə “Rəşad Sadıqovun vurduğu qol Azərbaycan yığmasına qələbə qazandırdı” yazıb.

“Frans-Press” Agentliyi: “Azərbaycanlılar türkləri şoka saldı”

Türkiyə yığmasının sürpriz məğlubiyyəti dünya mətbuatında da yer alıb. “Frans-Press” Agentliyi “Azərbaycanlılar türkləri şoka saldı” xəbərində yazır ki, sürpriz məğlubiyyətdən sonra Türkiyənin Avro-2012-də qalması ümidləri şübhə altına düşüb:

“Avro 2008-də əla oyun göstərən Türkiyə yığması Azərbaycanı udmaqla Almaniyaya çatmaq istəyirdi. Ancaq Rəşad Sadıqovun vurduğu qolla Azərbaycana məğlub olan Türkiyə komandasının ümidləri puç oldu. Almaniya qrupdakı liderliyini möhkəmləndirdi”.

“Associated Press”: “Azərbaycan Türkiyəni məğlub etməklə çaşdırdı”

“Associated Press” isə yazır ki, Azərbaycan Türkiyəni 1-0 hesabı ilə məğlub etməklə hamını çaşdırdı: “Oyunda topa daha çox sahib olan Türkiyə millisi çoxlu qol epizodu yaratsa da, Kamran Ağayevin qapısına qol vura bilmədi. Sürpriz qələbə isə Azərbaycana A qrupunda ilk xalı qazandırdı”.

“Reuters”: “Azərbaycan Hiddinkin Türkiyəsini çaşdırdı”

“Reuters” isə yazır ki, Türkiyə Azərbaycana uduzmaqla Avropa Çempionatında iştirak etmək ümidlərini zərbə altında qoydu: “Almaniyaya 3-0 məğlub olandan sonra Türkiyə qalib gəlmək istəyirdi. Ancaq Türkiyə müdafiəni yaxşı qurmadı və Azərbaycana uduzdu”.

ZDF kanalı: “Türkiyəyə şok”

Almaniyanın ZDF kanalı isə bildirib ki, “Qrupun zəif komandası olan Azərbaycana məğlub olmaqla Türkiyə 4 gün içində qrupdakı şansını azaltdı”.

Kahn: “Türkiyə Azərbaycanın futbol oynadığını öyrəndi”

Almaniyanın məşhur qapıçılarından olan Oliver Kahn isə deyib ki, “hər bir rəqib ciddi qəbul olunmalıdır. Kiçik və zəif komandalar güclü rəqibləri ilə oynayanda bütün qüvvələrini sərf edirlər və uğur qazana bilirlər. Türklər Azərbaycanın da futbol oynadığını başa düşdü. Ancaq çox gec başa düşdülər”.

Joachim Löw: “Türkiyənin Azərbaycana məğlub olması məni çox çaşdırdı”

Almaniya yığmasının baş məşqçisi Joachim Löw isə deyib ki, “Türkiyənin Azərbaycana məğlub olması məni çox çaşdırdı”. Löw Türkiyənin Azərbaycana məğlub olmasının Almaniyanın da xeyrinə olduğunu deyib.

Qrupunda ilk dəfə 3 xalla tanış olan...

RLT TV isə matçla bağlı xəbərini belə verib: “Şok, şok, şok. Türkiyə biabır oldu. Qrupunda ilk dəfə 3 xal qazanan və ilk dəfə Türkiyəni udan Azərbaycan Almaniyanın çörəyinin üstünə yağ çəkdi”.

Sport1 isə “Almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması böyük qardaşı Türkiyəni məğlub etməklə böyük sürprizə imza atdı. Azərbaycanda böyük sevinc var” xəbərini verib.

“Berti Foqts hollandiyalı Hiddinkin türklərini stadiondan süpürdü”.

Almaniya qəzeti “Bild” isə belə yazıb: “Berti Foqts hollandiyalı Hiddinkin türklərini stadiondan süpürdü”.

UEFA-nın saytı: “Sadıqov Azərbaycana unudulmaz qələbə qazandırdı”

UEFA isə Rəşad Sadıqovun qolu haqqında rəsmi saytında bunları yazıb: “Sadıqov Azərbaycana unudulmaz qələbə qazandırdı”.

FİFA: “Dünənki gecənin böyük sürprizi”

FİFA-nın saytında isə Azərbaycanın Türkiyəni məğlub etməsi dünənki gecənin böyük sürprizi adlandırılıb. Sayt yazıb ki, “Türkiyənin hücumlarının qarşısını alan Azərbaycan yığması əllərinə düşən şansları qiymətləndirə bilsəydi, daha fərqli qələbə qazana bilərdi”.

/Sayta hazlırladı: Kəbiran Dilavərli/
XS
SM
MD
LG