Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

«Kotanımız üçün şumlamağa yer yoxdur»


1935 –ci il zərbəçi kolxozçuların ikinci qurultayında 17 fevral tarixində təsdiq edilmiş Kənd Təsərrüfatı ustavının ildönümü ilə əlaqədar «Kommunist» qəzetinin 1937 –ci il 17 fevral tarixli sayında məqalə dərc edilib.

Varlı və şən həyat ustavı


«8.584.000 hektar sahəni, qalın meşələri, sərin yaylaqları, yaşıl qışlaqları və bütün su sərvətini bir ovuc xan, bəylər və çar kolonizatorları qəsb etmişlərdi. Xalq; torpağı əkən, qan təri ilə becərən, məhsulunu toplayıb feodalların anbarına yığan xalq – ac- yalavac yaşayırdı.
Vaxtilə Koroğluları vəhşicəsinə təqib edilən, qiyamları od və qılıncla yatırdılan, rəhbərləri dar ağacına çəkilən xalq inləyir... və bəlkə bir yardım oldu deyə, çar satrapı – sərdara müraciət edərək yalvarır:

«Kotanımız üçün şumlamağa yer yoxdur»


« ...Vəziyyətimiz həqiqətən lap ümidsizdir, güclü və ağalıq edən bəylər – Xanlarovlar və Sultanovlar əzəl – qədimdən mülkümüz və ixtiyarımızda olan torpaqlara, ata – babalarımızın qanı və təri ilə suvarılmış torpaqlara yiyələniblər. Torpaqla bərabər bizim dədə - baba bulaqlarımız da bəylərin əlinə keçmişdir, indi biz susuz və torpaqsız qalmışıq, mal-heyvanımız su çatışmamazlığından qırılıb gedir, arvad- uşaqlarımız, ata-anamız ac yalavacdırlar, çünki kotanımız üçün şumlamağa yer yoxdur» deyirdi.

Bu bütün dünya zalimlərini titrədən, bütün dünya məzlumlarına ruh verən, Böyük Oktyabr revolusiyasından əvvəlki qara bir dövrdə idi. Oktyabr günəşi öz həyat saçan şüaları ilə Azərbaycanın məzlum xalqına da ruh vermiş və revolusion kəndlilər, qaniçən Zülqədərovları, Zilibəyləri, İbrahim ağaları qanlarına qəltan edərək, öz ata-baba yerlərini qaytarmağa başlamışlardı.

Müsavatçı banditlər...


«Millət» adı ilə ortaya atılan müsavatçı banditlər xalqın bu revolusion hərəkatına sədd çəkir və əməkçi kəndliləri yenə feodal xanların və parazit bəylərin əsiri edirlərdi.

Azərbaycanın tarixində silinməz bir ləkə kimi yer tutab bu mənhus dövr çox çəkmədi. Azərbaycanın işçi və kəndliləri, Lenin – Stalin partiyasının şanlı bayrağı altına toplaşaraq, Stalin yoldaşın silahdaşları Serqo Orconikidze, Sergey Mironoviç Kirov və Anastas Mikoyan yoldaşların bilavasitə iştirakı ilə gözəl vətənlərini müsavat həşaratından təmizlədilər. Azad həyat, xoşbəxt günlər başlandı.

Öz sevimli atalarına, qələbəmizin ilhamçısı ulu Stalinə tükənməz məhəbbət və sədaqət bəsləyən Azərbaycan kolxozçuları: bu varlı və şən həyat ustavına qəsd etməyə çalışan bütün xalq düşmənlərinə, casus, ziyançı, diversant, trotskiçi – zinovyeçi banditlərin qontrrevolusion müsavat və daşnak partiyalarının alçaq qırıntılarına aman verməyəcəklər. Onlar bu ustavla və Azərbaycan bolşeviklərinin sınanmış rəhbəri, stalinçi M.C.Bağırov yoldaşın rəhbərliyi ilə ikinci staxanov ili olan 1937 –ci ilin qələbələrini də təmin edəcəklər».
XS
SM
MD
LG