Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:42

Etibar Məmmədov: «Bu, Heydər Əliyevin ideyasına xəyanətdir»


Etibar Məmmədov
Etibar Məmmədov
“Mən başa düşə bilmirəm, bunlar müstəqillik gününə niyə düşməncəsinə münasibət göstərirlər?”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” verilişində Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov deyib. Həmin dövrdə iştirak etdiyi, şahidi olduğu proseslərdən danışan siyasətçi müstəqilliyi əldə etməyin asan olmadığını bildirib. Amma Etibar Məmmədov deyir ki, müstəqilliyini göydəndüşmə kimi qazanmış bəzi xalqlar həmin günün qiymətini indi Azərbaycandan yaxşı bilirlər:

“BU PROSESLƏRİN NƏTİCƏSİNDƏ SSRİ DAĞILDI”

“Azərbaycanda həmin hadisələrin baş verməsi uzun bir prosesin məntiqi nəticəsi idi. Bu proseslərin nəticəsində SSRİ dağıldı. Əlbəttə ki, Orta Asiya respublikaları, başqaları göydəndüşmə müstəqilliyi əldə etdilər. Və mənə də təsir edən odur ki, onlar bu göydəndüşmə müstəqilliyin qiymətini bu gün bizdən daha çox bilirlər. Bu yaxınlarda mən Özbəkistanda müstəqillik gününün qeyd olunmasına tamaşa edirdim. İslam Kərimov həmin şənliklərdə özü stadionda iştirak edirdi. Və o yaşda adamın nə cür dingildəyə-dingildəyə oynamağının şahidi oldum. Sakit dayanmırdı. Təxminən yarım saatdan çox o rəqs elədi”.

Etibar Məmmədovun sözlərinə görə, müstəqillik əldə olunsa da, Azərbaycandakı siyasi quruluş dəyişməz qaldı:

“BUNLAR NİYƏ DÜŞMƏNCƏSİNƏ MÜNASİBƏT BƏSLƏYİRLƏR BU BAYRAMA”

“Təəssüf ki, bizdə müstəqillik əldə olundu, ancaq siyasi quruluşun dəyişməsi prosesi öz məntiqi nəticəsini tapa bilmədi. Və ona görə də həmin siyasi quruluş, mənim fikrimcə, kommunist siyasi quruluşu yenə də davam edir. O vaxtkı kommunist nomenklaturası indi başqa nomenklatura adı altında yenə də idarəçilikdədir, idarəçilik metodlarını da dəyişməyiblər. Ancaq mən bir şeyə təəccüb edirəm ki, bunlar nəyə görə bu cür laqeyd, bəzi hallarda qısqanc, bəzi hallarda isə hətta düşməncəsinə münasibət göstərirlər bu müstəqillik gününə. Əslində, onlar bunu bayram etməlidirlər. Çünki indi hamıdan çox onlar faydalanırlar Azərbaycanın sərvətlərindən də, imkanlarından da və buna şükür etmək əvəzinə bir az naşükürlük edirlər. Və bu bayramı sanki silməyə çalışırlar”.

E.Məmmədov deyir ki, həmin vaxt müstəqillik aktının əleyhinə səs verənlərin adlarını əzbərdən bilir.

Etibar Məmmədov deyir ki, Heydər Əliyev həmin dövrdə müstəqillik aktını dəstəkləyənlərdən biri olsa da, bu gün özlərini onun davamçısı adlandıranlar onun zəhmətini sanki yerə vururlar:

“XƏYANƏTDİR BU”


“Onların özlərinə rəhbər, ümummilli lider hesab etdikləri insanın ideyasına xəyanətdir bu. Onun da zəhmət çəkdiyi, iştirak etdiyi prosesi bu gün qara xəttlə qaralamaq və tarixdən silmək cəhdidir. Ona görə mən onların məntiqini başa düşə bilmirəm”

Canlı efirdə dinləyicilərin suallarına da cavab verən E.Məmmədov Heydər Əliyevin Bakıya qayıtmasında onun rolunun olmadığını birmənalı şəkildə bildirib:

HEYDƏR ƏLİYEVİ BAKIYA KİM DƏVƏT EDİB?

“Heydər Əliyevi Bakıya Əbülfəz Elçibəy prezident kimi, Ali Sovetin sədri İsa Qəmbər və baş nazir Pənah Hüseynov dəvət edib. Və Heydər Əliyev də bunu dəfələrlə rəsmən bildirib və ona da heç kəs etiraz etməyib ki, Heydər Əliyev düz demir, biz onu dəvət etməmişik. Ancaq siz bir yerdə bir dəfə Heydər Əliyevdən və ya başqasından eşitməmisiniz ki, desin ki, məni Bakıya Etibar Məmmədov dəvət edib”.

Etibar Məmmədov deyir ki, Heydər Əliyevi böyük şəxsiyyət hesab etsə də, onun Azərbaycan üçün seçdiyi yol Azərbaycana xeyir vermədi:

“HEYDƏR ƏLİYEV BÖYÜK ŞƏXSİYYƏTDİR”

“İstənilən siyasi xadimin xidməti də ola bilər, səhvləri də, hətta vurduğu ziyan da. Heydər Əliyev böyük şəxsiyyətdir. Bunu heç kəs dana bilməz. Böyük siyasi fiqurdur. Ancaq mən onun sağlığında da, ondan əvvəl də öz fikirlərimi bildirmişəm onun fəaliyyəti haqqında. Onun Azərbaycanda seçdiyi yol Azərbaycana bizim istədiyimiz xeyiri verə bilmədi ikinci dəfə hakimiyyətə gələndən sonra”.

XS
SM
MD
LG