Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

İsa Qəmbərdən İlham Əliyevə mesaj


İsa Qəmbər
İsa Qəmbər
«İlham Əliyev, Ramiz Mehdiyev, Eldar Mahmudov, bir ətrafınıza baxın. Nə gündəsiz, kimlərin ümidinə qalmısız?».

Müsavat Partiyasının başqanı İsa Qəmbərin oktyabrın 19-da canlı efirdən ölkə başçısına, Prezident Administrasiyasının rəhbərinə və Milli Təhlükəsizlik nazirinə bu müraciəti bu gün sosial şəbəkələrdə başlıca müzakirə mövzularındandır.

Oktyabrın 19-da 15 saylı Yasamal birinci seçki dairəsindən seçkiyə qatılmış namizədlərin İctimai Televiziyada pulsuz çıxışı oldu.

Bu dairədən seçkilərdə 8 namizəd iştirak edir: Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, «Lider» televiziyasının əməkdaşı Etibar Hüseynov, Böyük Quruluş Partiyasının sədr müavini Ülvi Həkimov, Müasir Müsavat Partiyasının üzvü Tamerlan Zeynalov, Milli İstiqlal Partiyasının üzvü Elşən Mustafayev və Yeni Azərbaycan Partiyasından Rasim Nəbiyev.

«İSA QƏMBƏR XALQA XƏYANƏT EDİB»

Dünənki debatda az qala bütün çıxışçıların hədəfində İsa Qəmbər idi. Onlar əsasən İsa Qəmbəri Erməni Ümummilli Hərəkatı ilə demokratiya sazişi imzalamaqda suçlayırdılar. Bu haqda ən çox danışan isə Nemət Pənahlı oldu:

Nemət Pənahlı
«20 yanvar hadisələrindən sonra Fransada ermənilərlə gizli görüşlər keçirib, konyak içən İsa Qəmbər bu gün də Avropanın, Amerikanın qarşısında öhdəlik götürərək utanmadan, çəkinmədən Erməni Ümummilli Hərəkatının başçıları ilə saziş imzalayır. Bundan böyük xəyanət ola bilməz».

Elə Etibar Hüseynov, Rasim Nəbiyev, Tamerlan Zeynalov da bu məsələnin üstündə dayanaraq Müsavat başqanının bu addımını Azərbaycan maraqlarına zərbə adlandırdılar.

«SAVADSIZLIQ VƏ HƏYASIZLIQ NÜMAYİŞ ETDİRİRLƏR»

İsa Qəmbərin cavabı isə belə oldu:

«Əli Xocalı şəhidlərinin qanına batmış sarkisyanlarla kabab yeyib, üstündən su içib sonra da sazişlər imzalayan, indi də referendum keçirib Qarabağı ermənilərə verməyə hazırlaşan iqtidar, bu iqtidarın əlaltıları Müsavata qarşı böhtana başlayıblar. Hakimiyyət Müsavatın nüfuzundan narahatdır. Bu partiyanın qurucusu Məhəmməd Əmin Rəsulzadə hələ XX əsrin əvvəlində ümum Qafqaz Evi ideyası irəli sürüb. Biz də həmin ideyanın reallaşması yönündə bir addım atmışıq. Böhtançıların dediyi kimi, bu əməkdaşlıq sazişi yox, demokratiya bəyannəməsidir. Bunu deyənlər bir tərəfdən savadsızlıq, o biri tərəfdən həyasızlıq nümayiş etdirirlər».

«ARXA QAPIDAN QAÇMISIZ»

Etibar Hüseynov isə üzünü İsa Qəmbərə tutaraq dedi:

«Siz izah edə bilərsizmi ki, bu xalq, bu Yasamal camaatı sizi niyə seçməlidir? Siz bu Yasamal camaatı üçün neyləmisiz?...Bu camaata bir xidmətiniz olub ki, illər uzunu «Qələbə» kinoteatrı ilə «20 yanvar» arasında heç kimə lazım olmayan mitinqlər keçirmisiz. İnsanların istirahət günlərini zay etmisiz. Gedəndə də «Qələbə» kinoteatrının qarşısını Balaxanı zibilxanasına döndərib getmisiz. Özü də adətən arxa qapıdan qaçmısız».

«ƏTRAFINIZA BAXIN!»

İsa Qəmbərsə deputatlığa namizədlərdən heç kimin adını çəkmədən bunları söylədi:

«Mən burdakı yalanlara vaxt itirmək fikrində deyiləm. İlham Əliyevə, Ramiz Mehdiyevə, Eldar Mahmudova demək istəyirəm, bir ətrafınıza baxın. Nə gündəsiz. Kimlərin ümidinə qalmısız?...».

«NAMİZƏDLƏR TƏLİAMTLANDIRILMIŞDILAR»

Mirəli Hüseynov
Seçki mütəxəssisi, Demokratiyanı Öyrənmə İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov deyir ki, bu debat zamanı diqqət çəkən başlıca məqam bütün çıxışlarda İsa Qəmbərin hədəfə götürülməsiydi:

«Demək olar ki, bütün çıxışlar İsa Qəmbərin nüfuzdan salınmasına yönəlmişdi. Bu da onu göstərir ki, namizədlər planlaşdırılmış şəkildə seçilib.

Çıxışçıların təlimatlandırıldığı açıqca görünürdü. Çünki çıxışların hamısı eyni məzmunda idi, eyni nöqtəyə vururdular. Hər şey göz qabağında idi».



DEBATA BURADA BAXA BİLƏRSİNİZ
XS
SM
MD
LG